​“Dolların manata təzyiqi il ərzində “ehtiyatları” əridə bilər”

Qubad İbadoğlu

Nüfuzlu “Bloomberg” agentliyi növbəti dəfə Azərbaycan manatına həsr olunmuş yazı dərc edib, yazıda iddia olunur ki, neft qiymətləri ucuzlaşandan sonra Azərbaycan iqtisadiyyatı dollara olan tələbatı ödəyə bilmir. Vəziyyət getdikcə pisləşməkdədir. Son 11 ildə ilk dəfə 2015-ci ildə cari əməliyyatlar balansında kəsir yaranan tədiyə balansı, son 13 ildə ilk dəfə bu ilin mart ayından başlayaraq 3 ay dalbadal xarici ticatət dövriyyəsində müşahidə olunan mənfi saldo manata olan təzyiqləri daha da artırır. Proqnoz məlumatlara görə, bu il ərzində xam neft ixracatından qiymət səviyyəsindən asılı olaraq 6-7 milyard dollar, qeyri-neft məhsullarının xaricə satışından isə 1 milyard dollara yaxın valyuta əldə olunacaq. Bu isə o deməkdir ki, bu il ərzində əldə edilən valyuta hətta gözlənilən rəsmi idxalla görə tələb olunan valyuta xərclərini belə qarşılamayacaq. Baxmayaraq ki, güzgü statistikası metodologiyası aparılan hesablamalar göstərir ki, faktiki iidxal rəsmi idxaldan ən azı 30 faiz çoxdur. Bununla yanaşı, 2016-cı il büdcəsindən beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 280 milyon manat, xarici dövlətlərə verilən kreditlər üzrə 106,6 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Baxmayaraq ki, Azərbaycan Monteneqro hökumətinə xarici dövlətlərə verilən kreditlər üzrə məbləği ən azı 2 dəfədən çox üstələyən məbləğdə 175 milyon avro kredit verilməsinə dair qərar verib və bu heç də sonuncu deyildir. Belə ki, bu ilin birinci rübünə açıqlanan tədiyə balansında xalis maliyyə aktivləri 3 milyard dollar ötüb ki, onun da 771 milyon dollarını xaricə yönəldilmiş birbaşa investisiyalar, 2,28 milyard dollarını isə portfel və digər investisiyalar təşkil edib. Bundan əlavə, ARDNŞ-nin 2015-ci il hesabatında göstərilir ki. Bu şirkətin cəmi öhdəlikləri 11,9 milyon manata çatıb, o sıradan qısa müddətli öhdəlikləri isə 3 milyard manatı ötüb ki, onun 90 faizindən çoxu xarici valyutadadır. Eyni zamanda 1 iyun 2016-cı il tarixə kommersiya banklarının xarici öhdəlikləri 6,7 milyard manat, depozitlər üzrə valyuta ilə olan daxili öhdəlikləri isə 18,7 milyard manat təşkil edir. Əlavə olaraq “Azərenerji” ASC-nin, «Azərbaycan Hava Yolları» aviaşirkətinin, “Azərsu” ASC-nin də xarici öhdəlikləri milyardlarla ölçülür. Göründüyü kimi, Azərbaycanın valyuta bazarında xarici valyuta təklifi tıləbdən dəfələrlə geri qalır. Bu vəziyyətdə də manatın dollara qarşı məzənnəsinə olan təzyiqlər davam edəcək və bu halda manat artan təzyiqlərə Azərbaycan Mərkəzi Bankının iyunun 1-ə olan 4,284 milyard dollarlıq rəsmi beynəlxalq ehtiyatları bitənədək tab gətirə bilər. İyun ayından başlayan və getdikcə artan təzyiqlər bu templə il ərzində “ehtiyatları” əridə bilər. Ona görə də nüfuzlu “Bloomberg” agentliyinin narahatlıqlarla dolu olan yazısı diqqətdə saxlanılmalıdır və məzənnə siyasəti elə tənzimlənməlidir ki, bu nə xarici borc öhdəliklərinin sürətlə artmasını, nə də strateji valyuta ehtiyatlarınınn kəskin azalmasını şərtləndirməsin. Bu da həqiqətən Mərkəzi Bankın qısa müddətli dövrdə məzənnə siyasətindən, uzunmüddətli dövrdə isə qeyri-neft ixracatından asılı olacaq.
Yeri gəlmişkən bu ayın 26-27-də Federal Açıq Bazar üzrə Komitə yenidən toplanaraq ABŞ iqtisadiyyatının vəziyyətini müzakirə edəcək. Bu dəfə uçot dərəcəsinin yüksəldilməsi ehtimalı yüksəkdir. Bu isə manata həm xarici və həm də daxili psixoloji təzyiqi artıra bilər.