​Dollar sürətlə möhkəmlənir – Ekspert

Baxış sayı:
1147

Federal Ehtiyatlar Sisteminin (FES/FED) uçot stavkasının artırılması ilə bağlı qərarı qısa zamanda qlobal bazara təsir etməyə başladı.
Muxalifet.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov qeyd edib. O bildirib ki, Avropa Birliyinə üzv olan bir sıra ölkələrdə müşahidə olunan siyası anlaşılmazlıqlar fonunda dəyərini itirən avro FES-in qərarından sonra daha sürətlə ucuzlaşmağa başlayıb:
“Hazırda 1 avro almaq üçün 1.16 dollardan az ödəniş etmək lazımdır. Bu, son günlər avronun məzənnəsində 2 faizə yaxın azalma, bütövlükdə isə son 2 ayda 7 faizdən çox ucuzlaşma deməkdir. Möhkəm dollar neft bazarına da təsirsiz ötüşməyib. İran ətrafındakı siyasi gərginlik və eləcə də Venesuelada hasilatın azalmasına rəğmən “qara qızıl” FES qərarından sonra dəyər itirib. Aydındır ki, OPEK-in toplantısı öncəsi neftin qiymətində kəskin dəyişiklik gözlənilməsə də, sözügedən yığıncaqda qəbul ediləcək qərarlar neft bazarında tarazlığı yenidən dəyişə bilər”.
V.Bayramov vurğulayıb ki, neftin dünya bazar qiymətinin yüksək olmasına baxmayaraq, FES-in qərarı Azərbaycan bazarına psixoloji təsirlərini saxlamaqdadır:
“Mərkəzi Bankın ”FES-in qərarının bizə birbaşa təsirlərinin olmadığını” açıqlaması əslində dolayı təsirlərin olması anlamına gəlir. FES-in qərarları istisnasız olaraq əksər dünya ölkələrinə təsir edir. Bununa belə, manatın məzənnəsi yenə də Mərkəzi Bankın mövqeyində asılı olacaq. Dollara tələbin isə daha çox avqust və dekabr aylarında yüksələcəyi gözlənilir. İlin sonuna dollara tələbin daha yüksək olacağı dövlət və özəl müəssisələrin xarici borc öhdəliklərinin olması, idxalın artması və xarici səfərlərin çoxluğu ilə bağlı olacaq. Amma yenə də son söz Mərkəzi Bankındır”.
Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin son iclasında, öncədən də gözlənildiyi kimi, FES uçot dərəcəsini 1,75-2,00% artırıb.