​Dəməşqdən İdlib anlaşmasına reaksiya – Bütün ərazilər azad ediləcək!

Baxış sayı:
5152

Suriyanın legitim hakimiyyəti ötən gün Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyip Ərdoğanın İdlibdə demilitarizasiya zonalarının yaradılmasına dair sazişini xoş qarşılayır.
Muxalifet.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Suriya Xarici İşlər Nazirliyindəki etibarlı mənbə bildirib. 
Mənbənin sözlərinə görə, Ərdoğanla Putinin İdlib məsələsinə dair razılığa gəlmələri Bəşər Əsəd hökuməti tərəfindən müsbət qarşılansa da, rəsmi Dəməşq ya güc yolu ilə, ya da sülh bağlanması vasitəsilə Suriyanın bütün ərazisini terrorçulardan azad etmək niyyətində qətidir. 
Həmçinin, Dəməşqə görə, Rusiya ilə Türkiyə arasındakı saziş Astana prosesi çərçivəsində imzalandığından Suriyanın suverenliyini qorumağa kömək edir. 
Qeyd edək ki, Ərdoğanla Putin arasındakı razılığa əsasən oktyabrın 15-dən etibarən Suriyanın atəşkəs elan olunan bölgələrində 15-20 kilometrlik təmas xətt üzərində təhlükəsizlik zolağı yaradılacaq. Müxalifət və hökumət qüvvələri, həmçinin ağır hərbi texnika və silahlar həmin zonalardan çıxarılacaq.