Dəmiryolçular nə istəyir...?

Mirsahib Sahibov: “Öz cinayətlərini gizlətmək üçün bizləri işdən uzaqlaşdırdılar”

“Bu müraciətimiz də qəbul olunmasa, biz artıq başqa dövlətlərin səfirliklərinə müraciət edib, ölkəni tərk edəcəyik”

“...Vaqon hazır olandan sonra 400-800 dollar arası pul ödəyərək Moskva, Kiyev, Rostov, Tümen, Sankt-Peterburq, Brest istiqamətində hərəkət edən qatarlara qoşdururduq...”

“Hürriyyət”in ötən saylarında xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) onlarla işçisi aylardır rəhbərliyin qanunsuz əməllərinə qarşı mübarizə aparır. Belə ki, 187 nəfər bələdçi son 15 il ərzində QSC rəhbərliyinin onlara ödənilməli olan çörək pulunun, 13-cü əmək haqqının və digər sosial müavinətlərin, eləcə də dəmiryolçulara ayrılan torpaq sahələrinin mənimsənilməsinə etiraz edirlər. Qeyd edək ki, Apellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərov dəmiryoçuların müraciəti əsasında iddiaçıların haqlı olduğu və onlara təzminat ödənilməsi haqda qərar çıxarsa da, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi buna əhəmiyyət vermir.
Diqqətli oxucularımıza da bəllidir ki, bütün bunlar haqqında qəzetimizin ötən saylarında ətraflı məlumat vermişdik. Onu da vurğulamışdıq ki, dəmiryolçular tələbləri yerinə yetirilməyəcəyi təqdirdə  aclıq aksiyası keçirməyi, hətta bəziləri isə ölkə vətəndaşlığındam imtina etməyə hazırlaşır.
“26 nəfər imza atıb ki, aclıq aksiyası nəticə verməsə, bütün səfirliklərə müraciət edib, sığınacaq istəyəcəyik. Yəni tələbimiz yerinə yetirilməsə, o məktubların hamsını göndərəcəyik səfirliklərə, vətəndaşlıqdan imtina edəcəyik” – deyə dəmiryolçu A.Vəlixanov vurğulamışdı.
“Hürriyyət”də onu da bildirmişdik ki, bələdçi Həşim Rəsulov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmisi Rəhman Əbişovla mübahisə edib və elə onun kabinetindəcə keçinib: “Həşim Rəsulov bu işin üstündə Rəhman Əbişovla mübahisə edib, elə onun kabinetindəcə ürəyi partlayıb. Götürdülər, bayıra çıxardılar ki, guya bayırda olub...”.
Bir neçə gün öncə isə bələdçi Mirsahib Sahibovun səlahiyyətinin pisləşdiyi və infark keçirdiyi haqda məlumat var. Dəmiryolçular deyir ki, M.Sahibov QSC-nin sədr müavini Əlirza Süleymanovla görüş zamanı bərk əsəbləşib və ürəyində problem yaranıb.
Qeyd edək ki, səhhəti pisləşməzdən əvvəl Mirsahib Sahibov “Hürriyyət”in redaksiyasına gələrək, dəmiryolçuların qarşılaşdığı haqsızlarla bağlı qələmə aldığı yazısını təqdim etmişdi. Onun ölkə rəhbərliyinə də müraciət ünvanladığı sözügedən yazını olduğu kimi dərc edirik:
***
Mən öncə onu qeyd edim ki, “Azərbaycan Dəmir Yol” QSC-nin Sərnişin Daşınma Departamentinin Vaqon Deposu idarəsinin keçmiş və hal-hazırda işləyən bələdçiləri adından indiyə kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yazılı surətdə dəfələrlə müraciət etmişik. Buna baxmayaraq, demək olar ki, müsbət bir cavab ala bilməmişik.
Prezidentə ünvanlanan şikayət ərizələrimizdə bizə qarşı olunan hüquq pozuntularına, korrupsiya hallarına, əmək müqavilələrinin kobud şəkildə pozulmasına, bizə aid olan saat normalarının düzgün hesablanıb verilməməsinə diqqət çəkdik.
2011-ci ildə prezidentin verdiyi sərəncama əsasən, səyyar xarakterli işə görə bizə çörək pulları verilməli olduğu halda, bu pullar məniməsyiblər. Bütün bunlara etiraz etdiyimizə görə isə, uzun illərdir bələdçilərə qarşı təzyiqlər edilir. Belə ki, səsini çıxarmaq istəyən bələdçiləri öz metodları ilə, yəni işdən çıxartmaq hədə-qorxusu ilə susdurublar.
Bu cinayətkarlıq uzun illər baş versə də, son illər pik həddə çatıb. Əvvəllər tək-tək kimisə cəzalandırır, kimlərinsə işinə son qoyulurdusa, artıq kütləvi xarakter alıb.
Əvvəllər depoda işləmiş, indisə Sərnişin Daşınma Departamentinin sədri olan Elyar Muradov, həmin müddətdə baş mühəndis işləmiş, hal-hazırda deponun rəisi işləyən Rəhman Əbişov, onun iş icraçısı, müavini Hikmət Məmmədov və onlarla bəzi mühəndislər sex rəisləri, təlimatçılar rüşvət alaraq bütün idarələr öz adamlarını yerləşdirirdilər.
Üstəlik, rəhbərlik özlərini və vəzifələrini qorumaq üçün bizləri məcburi surətdə qeyri-qanuni işlər görməyə məcbur edirdi. Yəni bizləri oğurluğa, cinayətə sövq edirdilər.
Bundan əlavə, tutaq ki, vaqon yoxdursa, dörd nəfər bələdçi hərəyə 200 dollar yığıb, təmir sexinin baş ustası R.Abdullayevə verir, hələ sovetlər dövründən Güzdək “vaqon ölüxanası”ndan bir vaqon seçib alardı. Sonradan onu öz xərcimizlə, yəni bu rəhbərlərin yazılmamış qanunları əsasında hərəyə 800 dollar verib təmir etdirirdik, əlbəttə, bütün əlavə ehtiyat hissələrini də özümüz almaq şərtilə. Vaqon hazır olandan sonra 400-800 dollar arası pul ödəyərək Moskva, Kiyev, Rostov, Tümen, Sankt-Peterburq, Brest istiqamətində hərəkət edən qatarlara qoşdururduq.
Sərnişindaşınma Departamentinin rəisi E.Muradov bizi uzun illər beləcə istismar edib. Bakıdan Moskvaya, Xarkova gedən vaqonların bələdçilərindən hər reys üçün 100 dollar alıb, yola yazdırardı. Bələdçilərə veriləsi formalara ayrılan pullar da məmurlar tərəfindən mənimsənilirdi. Formaları isə biz öz hesabımıza alırıq.
Elyar Muradov Bakıdan xaricə çıxan bütün vaqonlardan haqq alırdı. Məsələn, Bakı-Moskva reysindən 700 dollar, Tümen reysindən 600 dollar, Kiyev reysindən 700 dollar, Rostov reysindən 400 dollar pul alırdı. Bu pullar qatar Bakıdan çıxanda alınırdı və həmin pullar bizdən hər vaqona 150 dollar olamqla, yığılırdı.
Qatara yerləşəndən sonra, yenə yazılmamış başqa “qanun”lar başlayırdı. İllik təmir, vaqonu yudurtmaq xərci, eləcə də sabun, tualet kağızı, yuyucu tozlar, antisanitariya dərmanları, süpürgə və s. lazım olan şeyləri öz vəsaitimizlə alırdıq. Qatar tərpənməmiş rəislərin haqqı da hər vaqon üçün 100-200 AZN arası dəyişirdi.
Əlbəttə, bu kimi qanunsuluqları hər bir reysin əvvəlindən sonunadək nə qədər istəsəniz saymaq olar. Bundan ötrü canlı sorğuya ehtiyac varmı? Əsas odur ki, bizlər çox çətin şəraitdə və çox çətin durumda olaraq, ailəmizə bir qarın çörəkpul apara bilmək üçün bunlara boyun əyib, qanunsuzluqlar etmişik. Bunlar isə dəmir yolunda gəlir mənbəyi olan əksər obyektləri şəxsiləşdirdilər, öz bizneslərini qurdular, banklara külli miqdarda pullar yatırdılar.
Lakin son illər işlər getdikcə ağırlaşır, şərait çətinləşməyə başlayırdı. Çünki bu illər ərzində yeni heç bir vaqon alınmır, təzə ehtiyat hissələri gətirilmir, bizə satdıqları vaqonların istismar müddəti bitirdi. Bunun nəticəsi olaraq qatarlar azalır, yerlər boşalır, işsiz qalan insanlar etiraz etməyə başlayırdı. Əsl narazılıqlar elə bundan sonra, yəni 2007-ci ildən başladı.
Yeni düşünülmüş metodlarla təcrübəli işçiləri nəyin bahasına olursa-olsun işdən çıxardıb, əvəzinə bu işdə heç bir təcrübəsi olmayanları, əsasən də qadınları (yəni sonra bəhanələri olsun ki, kişilər təmizkar deyil və yaxud da qanunsuz işlərlə məşğuldurlar) işə götürürdülər. 20-35 il təcrübəsi olan, dəmiryolçuluqdan başqa heç bir iş bacarmayan, ən əsası da bundan sonra bu yaşda heç bir yerdə işə götürülməyən bu insanlar, ailə başçıları, qaçqınlıq dövrünü yaşayan, sağlamlığı artıq başqa işə yaramayan vətəndaşlar nə etməlidir? Bunların heç birinə məhəl qoymayan məmurlar, gözlərini var-dövlət tutmuş, qəlblərində mərhəmət qalmayan, öz keçmiş cinayətlərini gizlətmək üçün bizləri işdən uzaqlaşdırdılar.
Əgər 1997-1998-ci illərdə 2400-ə yaxın kişi bələdçi vardısa, indi cəmi 250 kişi işçi qalıb və hər gün xəbərdarlıq edirlər ki, özünüzə iş tapın, qovulacaqsınız. Halbuki, biz hələ 2012-ci ildə qatarlar bağlandıqca etiraz etdik, səsimiz az da olsa yuxarılara çatdı. Bundan qorxan bu məmurlar yenidən müqavilə bağlayıb, bəzilərimizi işə qaytarmaq istədilər. Ancaq bu müqavilələrə sadəcə adımızı və soyadımızı yazaraq, imza atdırmaq istədilər. Əlbəttə ki, bəzilərinə imza atdıra bildilər. Qalanları müqavilədə şərtlərin axıra kimi qeyd olunmasını tələb etdikdə, həmin adamları işdən qovdular.
İşdən qovulanların bəziləri məhkəməyə müraciət etdilər. Bundan sonra aydın oldu ki, bunlar bizə aid olan norma saatlarını ən aşağı tariflə hesablayaraq, bizim külli miqdarda pullarımızı mənimsəyiblər. Belə ki, 2001-ci ildən köhnə manatla 15.000 manat, 2008-ci ildə hər gün üçün 5 AZN və 2011-ci ildən isə hər gün üçün 10 AZN çörək pullarını ödəməmiş və mənimsəmişlər.
Bütün bunlarla bağlı cənab Prezidentə, Baş Prokurora, Daxili İşlər Nazirliyinə, Korrupsiya İdarəsinə, MTN-ə və başqa qurumlara müraciətdən sonra, bizə cavab verdirlər ki, guya 2001 və 2008-ci illəri ödəyiblər (lakin heç bir fakt göstərmirlər) və sonuncu olaraq 2011-ci ildə prezidentin qərarını, heç bir əsası olmadan yol rəisi Arif Əsgərov yeni bir qərarla dəyişib, gündəlik 10 AZN-i hər reys üçün 5 AZN-lə əvəzləyib.
Bizim şikayətlərdən sonra, nəhayət 2011-ci ildən sonra kəsilən 5 AZN-ləri geri qaytarmağa qərar verdilər. Odur ki, indi sual yaranır, Arif Əsgərov hansı qanuna əsasən, Prezidentin və Nazirlər Kabinetinin qərarını dəyişdirib? Eləcə də, 2011-ci ildən öncə mənimsənilən pulları kim qaytaracaq? Onu da deyim ki, əslində, 2011-ci ildən sonra kəsilən pulların ödəniləcəyi haqda bizə yazılı surətdə məlumat verilsə də, “maliyyə mənbəyi” tapılmadığından bu vəsaitin də ödənilməsi yubanır.
***
“Hürriyyət” qəzeti vasitəsilə cənab İlham Əliyevə müraciət edərək bildirirəm ki, uzun illərdir heç bir hüquq-mühafizə orqanı şikayətimizə baxmır. 23.11.2015-ci ildə bir qrup dəmiryolçunun Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovla görüşmək istəyimizi boşa çıxaran müavini Əlirza Süleymanov məni otağına çağırtdırdı. Həmkarlar konfederasiyasının sədri Fəzail Bağırov və Yeni Azərbaycan Partiyasının sədri Xeyrulla müəllim də orada id. Ə.Süleymanov həmin şəxslərin yanında bizi nəlayiq söyüşlərlə təhqir etdi. Mənim tərəfdarı olduğum YAP-ın Dəmir Yolları üzrə sədri bizə edilən tənqidlərə qarşı heç bir reaksiya vermədi. Hətta Ə.Süleymanov dedi ki, lazım olsa Xeyrulla səninlə lotu dilində danışar.
Mən otağı tərk edəndə onlara dedim ki, yəqin ölkə başçısı biz vətəndaşların səsini eşidər. Mən otaqdan çıxanda isə belə mesaj atdılar ki, get kimə istəyirsən de, hara istəyirsən yaz.
Allah rəhmət eləsin, M.Ə.Sabirin bir beyti yadıma düşdü: «Fəhlə, sən də özünü insanmı sanırsan, insanlığı özünə asanmı sanırsan»?
Cənab Prezident! Bütün dəmiryolçular adından Sizdən dönə-dönə xahiş edirik, bu özbaşınalığın qarşısını alın. Biz vətənimizi sevir, ona hörmətlə yanaşırıq. Heç kim bizi eşitmir, bizə kömək etmir. Belə çıxır ki, bir vətəndaş kimi bu ölkəyə lazım deyilik?! Bu müraciətimiz də qəbul olunmasa, biz artıq başqa dövlətlərin səfirliklərinə müraciət edib, ölkəni tərk edəcəyik.

Mirsahib SAHİBOV