Dəmiryolçular Abutalıbova vaxt verdi – “ƏKS HALDA ÖZÜMÜZÜ YANDIRACAĞIQ”

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) onlarla işçisi aclıq aksiyası keçirməyə hazırlaşır. Onlar bu barədə artıq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbova müraciət ediblər. Hurriyyet.az xəbər verir ki, dəmiryolçular illərdir QSC-nin rəhbərliyi tərəfindən onlara ödənilməli olan vəsatin mənimsənilməsinə etiraz edirlər.
Qeyd edək ki, 187 nəfərin adından H.Abutalıbova edilən müraciətə onların yaratdığı komissiyanın üzvləri - Mirsahib Sahibov, Adil Vəlixanov, Mehdi Həmidov, Firqəçi Hüseynov, Səlmi Rəhimov, Bəhram Əliyev, Əbülfət Əliyev, İmamverdi Zeynalov və Nəriman Tağıyev  və digər dəmiryolçular imza atıblar. Sənəddə BŞİH rəhbərinə bundan öncə də dəfələrlə analoji problemlə bağlı müraciət edildiyi xatırlanır. Müraciət müəllifləri bildirir ki, uzun illərdir qurumun (Azərbaycan Dəmir Yolları QSC-nin – red.) bir qrup məmuru tərəfindən dəmiryolçulara təzyiqlər edilir, onlara ödənilməli olan pullar mənisənilir.
“Bu haqda iki ildən artıqdır ki, ölkə prezidentinə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Milli Məclisə, Sosial Müdafiə Nazirliyinə, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, məhkəmələrə və qeyri-hökumət təşkilatlarına müraciət etsək də, həmin məmurlara qarşı heç bir tədbir görülməmiş, əksinə onlar daha da azğınlaşaraq, bizi aqressiv şəkildə hədələyir, təhqir edirlər” – deyə dəmiryolçular qeyd edirlər.
Bu səbəbdən Azərbaycan Dəmir Yolları QSC-nin işçisiləri illərdir qarşılaşdıqları haqsızlıqlara etiraz əlaməti olaraq etiraz aksiyası keçirməyi qərara alıblar:
“Biz, Azərbaycan vətəndaşları olaraq, öz konstituson hüququmuzdan istifadə edib, bu haqsızqlıqlara qarşı aclıq aksiyası keçirmək qərarına gəlmişik.
Hörmətli Hacıbala müəllim, sizdən xahiş edirik ki, 31.03.2016-cı idə Azərbaycan Dəmir Yolları QSC-nin qarşısında qanuni şəkildə aksiya keçirməyimizə köməklik göstərəsiniz. Əks təqdirdə, biz - özümüz və ailəmiz aprelin 7-də Prezident Administrasiyasının qarşısında özümüzü yandımaqla, bütün qanunsuzluqlara etirazımızı bildirəcəyik. Çünki bizim başqa yolumuz qalmayıb”.
Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ünvanlana müraciətdə daha sonra vurğulanır:
“Hörmətli Hacıbala müəllim!
 Son zamanlar prezident İlham Əliyevin işsizliyə qarşı etdiyi çıxışlar və müraciətlər QSC-nin məmurları üçün heç bir əhəmiyyət daşımır. Onlar hələ də “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə yaşayır. Bu haqsızlıqlar, dövlətin səlahiyyətli qurumlarının bizə qarşı soyuq münasibəti və bu məmurların özbaşınalığına göz yumulması bizi öz hüquqlarımızdan istifadə edib, etirazımızı kütləvi və açıq şəkildə bildirməyə vadar edir.
Hacıbala müəllim, sizə sonuncu müraciətimizdən sonra bizim nümayəndəni qəbul edib, bu müraciəti şəxsən ölkə başçısına bildirəcəyinə söz verdiniz.
Siz özünüz şahidi oldunuz ki, bu ölkədə, bu dövlətdə qanun ancaq kağız üstündə qalır. Məmur fəhləni dinləmir. Cinayətkar azad gəzir.
Sizə sonuncu müraciətimizdən iki aydan çox vaxt keçsə də, siz də bizə köməklik edə bilmədiniz. Ancaq bir ağsaqqal kimi buna söz vermişdiniz.
Son olaraq sizdən xahiş edirik, bu ölkənin qanunlarına və vətəndaşın azadlığına hörtmələ yanaşasınız. Biz bu ölkənin vətəndaşıyıq və bizim də yuxarıdan aşağı eyni hüquqlarımız var. Biz də bu vətəni, bu torpağı sevirik. Bu ölkənin azadlığı və inkişafında bizim də əməyimiz var.
Sizdən bir daha xahiş edirik ki, dinc və demokratik qaydada aksiya keçirməyimizə icazə verəsiniz”.
Qeyd edək ki, etirazçı dəmiryolçuların aşağıdakı tələbləri var:
“Uzun illərdir bizə aid olan pulların mənimsənilməsi, işçilərə qarşı edilmiş məmur özbaşınalığı, qanunsuz işdənçıxarmalar, iş normativlərinin düzgün bölünməməsi, işçilərə qarşı ayrı-seçkilik məqsədilə tələb edirik:
1.Bu işdə bilavasitə cavabdeh olan şəxslər işdən azad edilsin.
2.2001-2008-2011-ci illərdə Nazirlər Kabinetinin 66-14 və 144 N-li qərarlarına əsasən, bizə aid olan və mənimsənilən gündəlik çörək pulları yenidən hesabımıza qaytarılsın.
3.13-cü əmək haqlarının hansı səbəbdən və hansı əmrə görə kəsilməsi haqda bizə yazılı məlumat verilsin.
4.2007-ci ildən yeni işə götürülənlərlə köhnə işçilər arasında maaş fərqləri aradan qaldırılsın.
5.Qanunsuz şəkildə, yaxud sıxışdırılaraq, hədə-qorxu gəlinərək istefa ərizələri alınan işçilər geri qaytarılsın.
6.Hal-hazırda işləyənlərin müqaviləsinə yenidən baxılsın, müqavilə bəndləri doğru-düzgün yazılsın, sərbəst imza edilməsi üçün şərait yaradılsın.
7.İş şəraiti yaxşılaşdırılsın, işçilər arasında ayrı-seçkilik olmasın.
8.Baş prokurorluğa edilən müraciətlərimiz araşdırılsın”.