Ədliyyə Nazirliyi məhbusların əl işlərini elektron qaydada satmağa başladı

Baxış sayı:
4777

Azərbaycanda həbsxana incəsənətindən kimlər, nə qədər qazanır?

Azərbaycan məhkəmələrində “iş” alanların məhbəsdə iş yeri, qazanmaq imkanları da var. Lap qədimlərdən həbsxanalar incəsənət nümunəsi sayıla biləcək əl işlərinin hazırlandığı məkanlardan biri kimi tanınır. Azadlığın məhdudlaşdırıldığı bu yerlərdə əsasən “vaxt öldürən” əl işlərinə üstünlük verilir. Bu gün “zon”da işləyib qazananlar əsasən taxta üzərində oyma işlərini bilənlər, toxumağı bacaranlar, mebel ustaları, təsbeh, müxtəlif suvenirlər hazırlayanlardır. Həbsxana incəsənəti artıq leqaldır və Ədliyyə Nazirliyinin saytında cəzaçəkmə yerlərində hazırlanan müxtəlif çeşidli nərdtaxta, şahmat, təsbeh, xalça, mücrü, mebellərin satışının elekton qaydada satışı da təşkil olunub. Bunun üçün https://prisonart.gov.az/ ttps://prisonart.gov.az/ keçidinə klikləyib “Həbsxana incəsənəti” brendi altında satışa çıxarılan məhsullarla tanış olmaq mümkündür. Qiymətlər də uyğundur, bazar qiymətindən aşağıdır.

Məsələn, suvenirlərin qiymətləri 15 manatdan 80 manata qədər, şahmat 70 manatdan 170 manata qədər, nərdtaxta 90 manatdan 350 manata qədər, hamam şkafları - moydadır - 430 manatdan 900 manata qədər, oymalı taxta qapılar 1200 manatdan 1500 manata qədər, dəhliz dolabları 550 manatdan 1500 manata qədər, kabinet dəsti 4 min manata satılır. Saytda çoxsaylı məhsullar satışdadır, ən çox satılanlar isə nərdtaxta, mücrü, suvenir və təsbehlərdir.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda məhkumların sayı 2018-ci ildə 21 min 800 nəfər olub.

Mehman Sadıqov ile ilgili görsel sonucu

Penitensiar Xidmətin mətbuat xidmətinin rəisi Mehman Sadıqov “Yeni Müsavat”a deyib ki, bu gün Azərbaycanda məhkumların 30 faizi cəzaçəkmə yerlərində işlə təmin olunublar. Cəzaçəkmə yerlərində yeni istehsalat sahələrinin təşkili üçün də müvafiq addımlar atılır:

“Bu gün məhkumların 30 faizi əməyə cəlb olunub. Məhkumların işlə təminatı istiqamətində müvafiq işlər  sürətlə davam edir. Müxtəlif iş adamları, ayrı-ayrı firmalarla danışıqlar aparılır. Cəzaçəkmə yerlərində yeni istehsalat sahələri təşkil olunur. Bu gün müxtəlif çeşidli məhsulların istehsalı davam edir”. Mehman Sadıqov sualımıza cavab olaraq qeyd edib ki, bu gün cəzaçəkmə müəssisələrinə dövlət sifarişləri verilmir. Belə sifarişlərin olacağı da istisna deyil. Əmək haqlarına gəldikdə isə məhkumlar minimum əmək haqqından az olmamaq şərti ilə məvacib alırlar: “Bir sıra məhkumlar təsdiq olunmuş ştat cədvəlinə əsasən müxtəlif işlərə cəlb olunurlar. Elə məhkumlar da var ki, əmək haqqı istehsal etdiyi məhsulun sayından, gördüyü işin keyfiyyətindən asılıdır. Həmin işlərə görə məvacibdən dövlət rüsumu ödəniləndən sonra məhkumların adına açılmış hesaba keçirilir”.

M.Sadıqov deyib ki, məhkumların icra vərəqələri üzrə borcu və ya aliment ödənişi həmin hesabdan tutulur. Məhkumlar hesablarına keçirilən əmək haqlarından özlərinə ilkin tələbat malları ala bilərlər. Cəza müddəti bitəndən sonra isə xüsusi arayışla cəzaçəkmə müəssisəsinin mühasibatlığına yaxınlaşaraq həbsdə keçirdiyi müddətdə qazandığı məvacibi ala bilərlər".

Məhkumların işlə təminatı praktikası bu gün bir çox dövlətlərdə  geniş yayılıb. Məsələn, Rusiyada məhkumların ümumilikdə illik qazancı 30 milyard rubl - təxminən 750 milyon manata bərabərdir. Qonşu ölkədə arestantların gəliri minimum əmək haqqından aşağıdır. Azərbaycanda minimum əmək haqqının 180 manat olmasını nəzərə alsaq, məhkəmədən iş alıb “içəri” göndərilən, orada işləyən 1 arestantın ayda 180  manat qazandığını söyləyə bilərik.  İşləyərək ən çox qazanan məhkumun ayda neçə yüz manata sahib olması isə müəyyən olunmayıb.../musavat