Dələduzluq etdiyi üçün 11 il cəza alan şəxsin şikayətinə baxılmadı

Baxış sayı:
8647

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Azad Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Muxalifet.az bildirir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, A.Əliyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
İttiham aktına əsasən, A.Əliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı Faiq Muxtarovun etibarından sui-istifadə edərək biznes qurmaq, işə düzəltmək və müxtəlif vədlərlə ondan külli miqdarda pul alıb.
Bundan başqa, A.Əliyev universitetə tələbə qəbul etdirmək, işə düzəltmək, biznes qurmaq adı ilə daha 5 nəfərə qarşı dələduzluq edib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldikdə) və 29, 312-ci (rüşvət verməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.