​Direktor dövlət bayrağının məktəb binasından asılmasına imkan vermir – VALİDEYNLƏR ETİRAZ EDİR - FOTO

Baxış sayı:
4119

Ötən ayın sonunda Muxalifet.az xəbər portalında “Azərbaycan bayrağını təhqir edən direktor haqqında SENSASİON FAKTLAR - "Məktəbə öz adını vermək istəyir..."” sərlövhəli yazı dərc olunmuşdu. Həmin yazıda Astara rayon Ziya Bünyadov adına 2 saylı tam orta məktəbin direktoru Həsənova Maya Əliməmməd qızının Azərbaycan bayrağına hörmətsizlik etdiyi haqda məlumat vermişdik. Qeyd etmişdik ki, məktəbin direktoru binanın üzərindən asılan bayrağın dalğalanmasının qarşısını almaq üçün onu 3 yerdən bağladıb. Buna valideynlər etiraz etsə də, Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Qanununa zidd olaraq, direktor onlara əhəmiyyət verməmişdi. Bunun əksinə, direktor Maya Həsənova bu biabırçı hadisədən nəticə çıxarmaq əvəzinə, bayrağın təhqir olunmasına etiraz edən valideyn və müəllimləri hədələyib...
Muxalifet.az-ın əldə etdiyi məlumata əsasən, sözügedən qalmaqaldan sonra direktor Maya Həsənova bayrağın iplərini açmaq əvəzinə, onun tamamilə qaldırılmasına göstəriş verib. Bu haqda redaksiyamıza məlumat verən valideynlərin sözlərinə görə, direktor birmənalı olaraq Azərbaycan bayrağının onun çalışdığı məktəbin üzərində dalğalanmasına qarşıdır. Bu səbəbdən də valideynlərin və bəzi müəllimlərin etirazına rəğmən, Maya Həsənova dövlət bayrağının əvvəlki yerindən asılmasına imkan vermir.
Maraqlıdır ki, məktəb direktorunun Azərbaycan bayrağına hörmətsizliyi dəfələrlə mətbuatda və sosial şəbəkələrdə gündəmə gətirilsə də, istər Təhsil Nazirliyi, istər də digər aidiyyatı qurumlar məsələyə tamamilə biganə yanaşırlar.
Əslində, valideynləri də narahat edən budur ki, dövlət bayrağına qarşı hörmətsizlik edilən bir məktəbdə oxuyan övladları milli ruhda necə böyüyə bilər?!
 


Muxalifet.az
 
P.S. Mövzunu diqqətdə saxlayacağıq.