​Direktor Bakıda 9-cu sinif şagirdini məktəbə buraxmır - ATASI SƏBƏBİ AÇIQLADI

Baxış sayı:
4309

Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 22 nömrəli tam orta məktəbin direktoru 9-cu sinif şagirdi Nahid Oruclunu məktəbə buraxmır. Muxalifət.az bildirir ki, bu barədə publika.az-a onun atası Nahid Orucov məlumat verib. Onun sözlərinə görə, oğlu epilepsiya xəstəsi olduğundan yeni təyin olunan direktor Azər Ələkbərov onu məktəbdən uzaqlaşdırmaq istəyir: “Özüm əliləm, oğlum da xəstədir. Onu məktəbə biz aparıb gətiririk. Azər Ələkbərov isə xəstəliyi səbəbindən onu məktəbdən uzaqlaşdırmağa çalışır. Bir dəfə belə hal olmuşdu, o zaman pul verib saxlatdım. İndi uşağın jilet geyinmədiyini bəhanə edərək onu məktəbə buraxmırlar”. N.Orucov bildirib ki, oğlunun başqa məktəbə köçürülməsini istəmir: “Yeni direktor oğlumun məktəbdən uzaqlaşdırılmasını istəyir. Amma buna razı deyilik. Uşağı məktəbə özümüz aparırıq. Xəstəyəm onu uzaq məsafədə olan məktəbə aparmaq çətindir. Bu gün isə uşağı məktəbə buraxmayıblar. Bu barədə artıq Daxili İşlər Nazirliyinə müraciət etmişəm”. Məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsinə müraciət etmişik.