​DİQQƏT: Bakıda parkomatlar ləğv edildi – YENİ SİSTEM

Baxış sayı:
2737

Bakıda müvəqqəti saxlama dayanacaqlarında yeni sistemin tətbiqinə başlanılıb. Bu gündən etibarən bütün patkomatlar ləğv edilir.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bundan sonra avtomobili park edərkən sürücü ödənişi parkomatlara deyil, parklanma nəzarətçilərinə edəcək. Parkinq nəzarətçiləri balaca elektron cihazlarla parklanan avtomobili qeyd edəcək. Nəzarətçilər ödənişi qəbul edə bilməsi üçün artıq yeni cihazlarla təchiz olunublar. Əksər sürücülərin yenilikdən xəbəri olmasa da, artıq paytaxtın bir çox yerlərində yeni sistem işə düşüb.
Məlumata görə, əvvəllər bir neçə dəqiqəlik gecikməyə görə güzəştlər edilirdisə, artıq sistem məlumatı elektron qaydada birbaşa bazaya ötürdüyü üçün heç bir güzəşt mümkün olmayacaq.
Sürücülərin sözlərinə görə, yeni sistemdən sonra gecikmə borc kimi qəbul ediləcək və sürücüyə buna görə cərimə yazılacaq. Ödənilən pulu isə nəzarətçilər özlərində saxlayacaq və vaxtaşırı idarədən inkasatorlar gəlib aparacaq.
Maraqlıdır ki, yeni sistemə keçidlə əlaqədar ödəniş qiymətlərində dəyişiklik ediləcəyi ilə bağlı məlumat yoxdur. Gecikməyə görə sürücüyə yazılan cərimənin də nə qədər olacağı bilinmir.
Parkomatların ləğvi ilə bağlı hələlik heç bir rəsmi məlumat verilməyib. Bakı Nəqliyyat Agentliyindən Axar.az-a bildirilib ki, yenilikdən xəbərsizdirlər.
Bakı şəhər İcra Hakimiyyətindən də məsələ ilə bağlı məlumatlarının olmadığı bildirildi.
Qeyd edək ki, bu gündən etibarən ləğv edilən parkomatlar 12 may 2014-cü ildən quraşdırılmağa başlanılmışdı.