“Diqlas”ın yanmış binasının aqibəti necə olacaq?

Baxış sayı:
6124

Mütəxəssis: “Bəzən binanı yenidən tikmək bərpa etməkdən ucuz başa gəlir...”
Martın 26-da “Diqlas” Ticarət Mərkəzində güclü yanğın baş verdi. Məlumatlara görə, Binanın yanğından tam şəkildə mühafizə olunan sahəsi isə 275 kvadratmetr təşkil edib. Belə ki, yanğından tam qorunan 175 kvadratmetrlik sahə binanın sağ yan hissəsinə, 100 kvadrat metrlik sahə isə binanın ön hissəsində yerləşən mağazalara aiddir. Binanın ümumi sahəsi 17 559 kvadratmetrdir.

Yanğın nəticəsində zərər görən sahibkarlara İqtisadiyyat Nazirliyi tərəfindən 5 aylıq icarə haqqı ödəmədən 5 müxtəlif obyektlərdə ticarətlə məşğul olma imkanı yaradılıb. İstəyən sahibkar bu imkandan yararlana bilər.
Yanğından sonra “Yeni Müsavat”ın reportyor qrupu olaraq “Diqlas” Ticarət Mərkəzinin qarşısında olduğumuz zaman sahibkarların içəri keçib, mallarına baxmaq istədiklərini müşahidə etdik. Lakin onlara bildirildi ki, yanğından sonra ticarət mərkəzinin binasına daxil olmaq yasaqdır. Mütəxəssislər söylədilər ki, bu binanın konstruksiyalarının hansı vəziyyətdə olması məlum deyil. Ona görə də içəri daxil olunarsa, təhlükəli vəziyyət yaşana bilər.
Bəs “Diqlas” Ticarət Mərkəzinin yanğından sonra sağ qalan konstruksiyaları söküləcəkmi?
Əldə etdiyimiz məlumata görə, hazırda müvafiq qurumlar və eləcə də yaradılmış komissiya tərəfindən bu yöndə işlər aparılır. Mütəxəssislər binanın vəziyyətinə baxış keçirib, konstruksiyaların yükgötürmə qabiliyyəti ilə tanış olurlar.

Əzim Məsimov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan ekspert Əzim Məsimov bildirdi ki, bu kimi hallarda bəzən binanı yenidən tikmək bərpa etməkdən ucuz başa gəlir: “Bunun üçün də yoxlamalar aparmaq lazımdır. Mütəxəssislər ilk olaraq vizual yoxlamadan sonra biləcəklər ki, binanın bərpası nə dərəcədə mümkündür. Təbii ki, yoxlama aparmadan konkret söz demək çətindir. Belə hallarda binanın yanar konstruksiyaları sıradan çıxır. Arakəsmələrə də baxıb, yoxlama aparmaq lazımdır. Belə yanğınlar zamanı beton örtüklər, arakəsmələr də zərər görür. Özü də bu cür yanğında betonun ciddi şəkildə zərər görməsi halı qaçılmazdır. Əgər elədirsə, o zaman bina  sökülüb, yenidən inşa olunmalıdır. Əsas dayaqlar zərər görməyibsə, bərpa işlərini aparmaq olar. Texniki baxış və texniki  nəticəni ortaya qoymaq lazımdır”.
Onu da qeyd edək ki, Bakıda və eləcə də Sumqayıtda baş verən bu kimi yanğınlar zamanı əksər hallarda binalar yenidən bərpa olunub. Məsələn, 2015-ci ildə Binəqədi rayonunda  yerləşən 16 mərtəbəli yaşayış binasında güclü yanğın baş verdi. Yanğın nəticəsində binada olan 15 nəfər dünyasını dəyişdi. Daha sonradan bina təmir olunaraq, normal vəziyyətə gətirildi. Hazırda da həmin binada yaşayış var. Mütəxəssislər bildirirlər ki, bu kimi binaların yanma səbəbi onların üzlükləridir. Yanğın zamanı da əsasən həmin üzlüklər və ona yaxın divarlar zərər görürlər ki, bunları sonradan bərpa etmək asan olur. “Diqlas” Ticarət Mərkəzinin üzlüyü tez alışan penoplas adlandırılan maddədən ibarət olmayıb. Eləcə də Sumqayıtda yerləşən  “Karvan” Ticarət Mərkəzində də dəfələrlə yanğın baş verib. Yanğından sonra ticarət mərkəzi bərpa olunaraq, yenidən istifadəyə verilib.
“Diqlas” Ticarət Mərkəzi ilə bağlı hansı qərarın veriləcəyi isə mütəxəssis rəyindən asılı olacaq...