Dinmə, danışma, sus hələ!

(Oxucu koşəsi)

Bu müəllim tayfasından mənim başım çıxmır, qardaş. Məvaciblərini 10% artırırlar, yenə də deyirlər, azdır ki, azdır. Əşi, Allah prezidentimizin canını sağ eləsin. Axı, prezident neyləsin ki, müəllimin gözü doymur?

Başa düşmürəm, a müəllim, sən fironluq eləmək istəyirsən, nədir? Niyə belə ağlına gələni danışırsan?

Hər bir seçki kompaniyasında müəllimi hörmət və izzət ilə irəli çəkirlər. Üzüyola, layiqli müəllimlər Seçki Komissiyasının sədri, katibi, üzvləri, ara-bərədə fırlanan və s. seçilir. İnsafən, bu müəllimlər də dərsləri boş-boşuna buraxıb, bütün seçki ərəfəsində dəridən-qabıqdan çıxırlar. Bütün günü seçki məntəqələrində oturub, çay içə-içə, mırt vura-vura seçki gününə ciddi hazırlaşırlar. Seçki günü də kimin seçilməsi yuxarıdan məsləhət görülübsə, onun bülletenlərinin sayını lazımi həddə çatdırmaq həmin müəllimlərin əsas işinin yekunudur. Qoyun-qoltuğu işarələnmiş bülletenlərlə doldurub, qutulara salınmadan say hesabına qatmaq məgər asandır? Bunları hər müəllim bacarmaz, qardaş. Müşahidəçilərin gözünə kül üfürüb, kameralardan yayınmaq üçün xüsusi cəldlik, bozarmış sifət, kor olmuş vicdan gərəkdir. Bu şərəfə nail olmaq üçün fədai müəllimlər lazımdır.

Nə bilim, Vallah, bəzi ağzıgöyçəklər bunu asan bilirsə, daha mənim sözüm yoxdur. Əşi, nə dərdimə qalıb, özləri bilərlər.

Amma yenə də bəzi müəllimlər ağzını dinc qoymur axı… Bir də görürsən birisi deyir ki, milləti zəlil günə salan rüşvət, oğurluq, korrupsiya, nə bilim, alıb-aldatma və s.-dir. Deyən gərək, ay müəllim, ay filan-filankəs, get başını sal aşağı, dərsini keç. Ayə, ay müəllim, heç bilirsən, rüşvət olmasa, nə olar? Qardaş, çətin məqamda insanı ayağa qaldıran rüşvət deyil, bəs nədir? Ayə, bir qonşu Gürcüstana baxsanız. Orada rüşvətin kökünü Saakaşvili elə kəsib ki, camaat oradan pərən-pərən düşüb, rüşvət olan yerlərin sorağı ilə başqa məkanlar axtarmaqdadır.

Odur ki, a müəllim, rüşvət harda, biz də orda. Ağlını yığ başına, çərən-pərən danışma. A müəllim, bu sözlər sənin deyil ki, guya, bu rüşvətxorlar bizim qanımızı sormaqdan qanımız qalmayıb? Bəlkə, düz demədim, bu sözlər sənin deyil, bəs kimindir? Bütün bunları əsas gətirərək YAP-dan imtina eləyən sən deyildin, bəs kim idi? Hələ çərənləyirsən ki, belə getsə, müəllimlikdən də imtina edəcəksən(Elə sənin kimisinin müəllimlikdən imtina etməsi yaxşıdır).

Sənin bu çərən-pərən sözlərinə mən nə deyim, ay müəllim? Əgər zəli pis bir varlıq olsaydı, onu əczaxanalarda niyə satırdılar, hə? Zəli deyilmi bizim təzyiqimizi qaydaya salan? Əgər bu zəlilər olmasa, başımız fırlanar, gözlərimiz bərələr, nə bilim daha nələr, nələr baş verər. Odur ki, a millət, a millətini sevənlər, belə çərən-pərən sözlərə qulaq asıb, fitə getməyin. Bir sözlə, həm özünüzə, həm də millətimizə yazığınız gəlsin. Allah bütün oğruların, rüşvətxorların və zəlilərin canını sağ, ömrünü uzun eləsin. Sənə də, a müəllim, Allah ağıl versin, şeirini-meyrini də saxla özünçün. Bizə belə mənasız sözlər lazım deyil.

Ənvər Ağamalızadə