Dini fəallar polisdə işgəncəyə məruz qaldıqlarını bildiriblər

Baxış sayı: 55

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının fəalı Rəvan İsmayılovun 30 gün müddətinə inzibati həbsi ilə bağlı şikayətə baxılıb.
 
Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda fəal həbsdən sonra polisdə işgəncələrə məruz qalmasından şikayət edib, bu barədə Turan-a vəkil Yalçın İmanov bildirib.
Xüsusən, İsmayılov qeyd edib ki, oktyabrın 4-də həbsindən sonra onu inzibati qaydada cəzalandırılanların saxlanıldığı Binəqədi İstintaq Təcridxanasına deyil, Sabunçu rayon polis idarəsinə göndəriblər. Orada onu əli qandallı şəkildə yerə yıxıblar və bədəninə elektrik cərəyanı verməyə başlayıblar.
Bu zaman əməkdaşlar onun ailəsinin və "Müsəlman Birliyi" hərəkatının liderinin ünvanına senzuradankənar ifadələr işlədiblər.
"Niyə mitinqlərə gedirsən?", "Taleh Bağırzadəni niyə qoruyursunuz?", "Niyə dövlətin əleyhinə çıxış edirsiniz?", deyə polislər qışqırıb.
Digər dini fəal - 30 gün müddətinə həbs edilmiş Samir Babayev də Bakı Apellyasiya Məhkəməsində Sabunçu polisində analoji işgəncələr haqqında danışıb.
Hər iki fəalın apellyasiya şikayəti təmin edilməyib.
DİN-dən şərh almaq mümkün olmayıb.