“Dinc aksiyalara zorakı müdaxilə yolverilməzdir”

Mahmud Hacıyev: “Sosial-iqtisadi vəziyyətin gərginləşməsi aksiyaları zəruri edir”
 
Manatın devalvasiyasından sonra ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşması, ərzaq və qeyri-ərzaq məhsullarının hədsiz bahalaşması, vətəndaşların bir çoxunun bank borclarından əziyyət çəkməsi və s. hadisələr bəzi regionlarda kütləvi etiraz aksiyaları ilə müşahidə edilməkdədir. Məlum aksiyalar zamanı diqqəti cəlb edən başlıca məqamlardan biri hadisə yerinə dərhal Daxili Qoşun hissələrinin cəlb edilməsidir ki, bu da vətəndaşlar tərəfindən birmənalı qarşılanmır.
Maraqlıdır, tamamilə dinc xarakter daşıyan, heç bir zorakılığın, ictimai asayiş pozuntusunun müşahidə edilmədiyi aksiyalara Daxili Qoşun hissələrini cəlb etmək nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı “Hürriyyət”ə açıqlama verən sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev devalvasiya sonucunda meydana çıxan etirazların tamamilə normal və anlaşılan olduğunu vurğulayıb:
“Devalvasiya sözünün mənası, mahiyyəti budur ki, bu prosesin getdiyi məmləkətdə artıq sosial-iqtisadi problemlər yarandı. Əgər ikinci, üçüncü devalvasiya baş verirsə, bu o deməkdir ki, problemlər yaranmaqda, artmaqda davam edir. Sosial-iqtisadi problem nədir? Bu, adi vətəndaşların yaşam tərzidir. Devalvasiya baş verən məmləkətdə aydındır ki, sosial-iqtisadi vəziyyət ağırlaşır, işsizlik artır. Bunlarla yanaşı narkomaniya da, fahişəlik də artır. Bütün bunlar sonda ona gətirib çıxardır ki, sivil insanlar sivil aksiyalar keçirir. Bəziləri isə emosiyaya qapılaraq ictimai qaydaları pozmaqla aksiya keçirirlər. Mən bu hallaırn hər ikisini qanunauyğunluq kimi qəbul edirəm. Bir ölkədə iki dəfə devalvasiyanın baş verməsi, pulun məzənnəsinin aşağı düşməsi, insanların alıcılıq qabiliyyətinin aşağı düşməsi sosial-iqtisadi problem deməkdir. Bu isə öz növbəsində vətəndaşların psixoloji durumunu gərginləşdirir. Vətəndaşların maddi imkanı həddindən artıq aşağı düşür. Insanlarda psixoloji gərginliyin artması onları etiraza sövq edir”.
M.Hacıyevin sözlərinə görə, dinc aksiyalara zorakı müdaxilə yolverilməzdir: “Əgər aksiya dinc xarakter daşıyırsa, bu aksiyada iştirak edən şəxslərin tələb və istəkləri bəyanat səviyyəsində elan edilirsə, heç bir qayda pozuntusuna yol verilmirsə, o zaman təbii ki, bu aksiyalara müdaxilə etmək, zor tətbiq etmək olmaz. Amma bəzən elə olur ki, aksiya keçirənlərin içərisində kimsə və ya kimlərsə ictimai asayişi pozmağa cəhd edir. Belə olan halda Daxili Qoşun hissələrinin, yaxud Bakıdan Çevik Polis Alayının aksiya olan əraziyə gətirilməsi həyata keçirilir. Çünki aksiyada iştirak edənlər çox olduğu üçün ictimai asayiş pozulan zaman olaylara yalnız rayon polis şöbəsinin imkanları hesabına nəzarət etmək mümkün olmur”.
Hüquqşünasın sözlərinə görə, beynəlxalq konvensiyalar xalqa qarşı ordudan istifadəni yasaqlasa da, Daxili Qoşunlar DİN-nin bir strukturu hesab edilir və Müdafiə Nazirliyinə tabe olmadığı üçün ondan aksiyaların nəzarətə alınmasında istifadə edilir: “Daxili Qoşunlar bildiyiniz kimi, DİN-nin nəzdində fəaliyyət göstərən qoşun növüdür. Daxili Qoşunlar Müdafiə Nazirliyinə tabe deyil. Beynəlxalq konvensiyalar Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin, qoşun növlərinin kütləvi aksiyalara müdaxiləsini qadağan edir. Lakin aksiyalara Daxili Qoşunları cəlb edəndə, onda bu addıma hüquqi baxımdan müəyən qədər bəraət qazandırmaq olur. Məsələyə beynəlxalq təşkilatlar, hüquq institutları reaksiya verəndə, o zaman rəsmilər bildirir ki, bu, Müdafiə Nazirliyinin qoşunu deyil. Bu, DİN-nin bir qurumudur. Baxmayarq ki, bu, qoşundur. Sadəcə bu qoşun növü DİN-nin nəzdindədir. Belə olan təqdirdə Daxili Qoşun hissələrinin aksiyaya müdaxiləsini beynəlxalq konvensiyanın maddələrinin pozulması kimi dəyərləndirmək olmur. Yəni bu addımı hüquqi baxımdan əsaslandırmaq olur.
Daxili Qoşunlar sovetlər dönəmindən qalma qoşun növüdür. Bəzi respublikalar bu qoşun növünü DİN-nin, polisin tərkibindən çıxartdı və onu Müdafiə Nazirliyinə verdi. Bəzi respublikalar, o cümlədən Azərbaycan isə Daxili Qoşunları DİN-nin nəzdindəki qoşun növü kimi saxladı”.
 
"Hürriyyət"