​DİN nümayəndələri qaçqınlarla görüşdü

Baxış sayı:
1801

Bütün əlamətdar hadisələrdə olduğu kimi, Novruz bayramı ərəfəsində - martın 17-18-də daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə nazirliyin nümayəndələri Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, nazir müavini doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızı qarşıdan gələn bayram münasibətilə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından təbrik edib, ən xoş arzularını çatdırıb. Qaçqın və məcburi köçkünlərin qayğı və problemlərinə, müraciətlərinə hər zaman diqqətlə, həssaslıqla yanaşılmasının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu, hazırda bu siyasətin uğurla davam etdirildiyi vurğulanıb.
Polis general-leytenantı İsmət Əliyev sosial müdafiəyə ehtiyacı olan bu insanların həyat, məişət şəraitinin yaxşılaşdırılması üçün görülən tədbirlərdən, ordu quruculuğu, iqtisadi qüdrətimizin daha da yüksəldilməsi, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahələrində əldə olunmuş uğurlardan söz açıb.
Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər dövlətimizin başçısının həyata keçirdiyi siyasət nəticəsində doğma torpaqlarına qayıdacaqlarına əmin olduqlarını, göstərilən daimi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 68 min manat soydaşlarımıza təqdim olunub.
Görüşlərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov iştirak ediblər.