​DİN Marnelu və Bolnisidəki vəziyyətlə bağlı AÇIQLAMA VERDİ – 24 saatlıq nəzarət tətbiq olunur

Baxış sayı:
1372

Polis Marneuli və Bolnisidə ictimai asayişin qorunması və fövqəladə vəziyyətin qaydalarına riayət olunmasını təmin edir.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) bəyanatında bildirilib.
Qeyd olunub ki, DİN yüksək epidemioloji riskə görə Gürcüstan hökumətinin qərarına əsasən, Marneuli və Bolnisidə tətbiq olunan ciddi karantin məhdudiyyətlərini 24 saat ərzində nəzarətdə saxlayır.
Bəyanatda bildirilib ki, karantin rejimi çərçivəsində vətəndaşların Marneuli və Bolnisiyə giriş-çıxışı məhdudlaşdırılıb, polis və müdafiə qüvvələri xüsusi nəzarət-buraxılış məntəqələri yaradıb./Report
 
***
 
Gürcüstanın Marneuli və Bolnisi bələdiyyələrində bu gündən etibarən tətbiq olunan ciddi karantin qadağaları açıqlanıb.
Belə ki, hər iki rayon ərazisinə daxil olmaq və çıxmaq qadağan edilib.
Rayon sakinlərinin ərzaq məhsulları və dərman almaq, xəstəxanaya getməkdən başqa yerdəyişməsi qadağandır. İctimai nəqliyyatın da hərəkəti tam dayandırılıb.
Kənd təsərrüfatı ilə bağlı işlər Gürcüstanın Səhiyyə Nazirliyinin protokoluna müvafiq olaraq həyata keçiriləcək. İctimai asayişin qrounması və fövqəladə vəziyyətə nəzarəti ölkənin Daxili İşlər Nazirliyi həyata keçirəcək.
Bununla yanaşı, tibb işçiləri sakinlərin sağlamlıq durumunu yoxlayacaq və ehtiyacları barədə maraqlanacaqlar.
Marneuli və Bolnisidə yerli media və mətbuatın fəaliyyətinə şərait yaradılacaq, İctimai yayımçı rayonlardakı vəziyyət barədə məlumatlar yayacaq.
 
***
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Bolnisi rayonlarında koronavirusla bağlı karantin rejimi tətbiq olunub.
Buna səbəb ötən gün Marneulidə koronavirus diaqnozu qoyulan qadının yoluxma mənbəyinin müəyyən olunmamasıdır.
Hazırda Marneulinin girəcəyində patrul polisi yerləşdirilib, rayonda hərəkət ciddi nəzarət altında saxlanılır. Rayonda həmçinin hərbi texnika, çadır və xüsusi avadanlığın olduğu nəqliyyat vasitələri də səfərbər edilib.
Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, Marneulidə karantin rejimində ictimai asayiş qorunacaq. Müdafiə Nazirliyi də rayonda qabaqlayıcı tədbirlərə cəlb olunub, Marneuli və Bolnisidə xüsusi yoxlama məntəqələri yaradılıb./Report