DİLLƏR UNİVERSİTETİNDƏ YENİ TƏYİNATLAR – Kamal Abdulla kadrlarını Universitetə transfer edir

 Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri postunun bazasında Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsi yaradıldıqdan sonra Kamal Abdullayev Dillər Universitetinə rektor təyin olundu.
 
Sual olunur: Onun özü ilə Administrasiyaya gətirdiyi kadrların taleyi necə olacaq? Məlumatlı mənbədən saytımıza sızan məlumata görə, akademik rektor artıq Administrasiyadakı əsas kadrlarından biri olan Seyfəl Həsənovu Dillər Universitetinin “Monitorinq mərkəzi”nə rəhbər təyin edib. Qeyd olunur ki, həmin mərkəzin rektor əvəzi Əfqan Abdullayev tərəfindən yaradılması mətbuatda kəskin tənqidlərə tuş gəlmişdi. Bu Mərkəz yaradıldıqdan sonra dekanlıqların səlahiyyətləri tamam əllərindən alınmış, imtahan sessiyası müddətində və imtahanlardan sonra neqativ halların sayı kəskin armışdır. Ləğv olunası vacib olan bir Mərkəzə K. Abdullayev yaxın adamını təyin etməsi xeyli suallar doğurur.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Etibar Nəcəfovun da Dillər Universitetinə gətirilməsi gözlənilir. Onun 2004-cü ildə müdafiə etdiyi doktorluq dissertasiyasının adı “Mədəniyyətinin və sivilizasiyanın ictimai inkişafda dialektikası”dır. Diqqət edin, Prezident Administrasiyasında vəzifə tutmasına baxmayaraq, o, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Fəlsəfə və Sosial Psixologiya” kafedrasının müdiri vəzifəsini də tutur. Göründüyü kimi, Doktorluq dissertasiyasının mövzusu İdarəçilik Akademiyasındakı kafedranın adına belə uyğun gəlmir.
Mənbə bildirir ki, intriqa ustası kimi tanınan bu şəxsin Dillər Universitetinə gətirilməsi heç də onu tanıyanların ürəyincə olmayacaq. Bir cümlədən ibarət fəlsəfi fikri cəmiyyətə bəlli olmayan bu “filosof”a vəzifələr Kamal Abdullayevin sayəsində verilib. Tez bir zamanda Slavyan Universitetindən çıxarılmış Nüşabə xanımın müşavir, Malik bəyin köməkçi, İra adlı rus xanımın katibə təyin olunmaqları Dillər Universitetinin kollektivində pessimizm ovqatı yaradıb. Bunlar hələ K.Abdullayevin “kadr bankı”nın kiçik bir hissəsidir. Belə görsənir ki, Dillər Universitetinin əməkdaşlarını vəzifə bölgüsündə daha böyük ədalətsizlikər gözləyir. Nəzərə alınmalıdır ki, ayrıseçkilik tədris mühitini pozan amildir.
Bu yerdə məşhur atalar misalı yada düşür: “Yersiz gəldi, yerli qaç”./Azpolitika.info