DİLİMİZ, İSTİQLALIMIZ!

...Özümə məхsus olan başqa elim vardı mənim.

Elimə məхsus olan başqa dilim vardı mənim.

(M.T. Zehtabi)

Sabah dünya bir daha Beynəlxalq Ana Dili gününü qutlayacaq. 15 il öncə Birləşmiş Millətlər Təşkilatı  Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-i tarixini Beynəlxalq Ana Dili günü kimi elan etdi. Səbəbin tarixçəsi isə 1952-ci ildə Pakistanda yaşanan olaydan qaynaqlanır. Həmin il fevralın 21-də benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada şəhid  olan 4 banqladeşlinin xatirəsi təxminən yarım əsr sonra YUNESKO tərəfindən əbədiləşdirildi. “21 Fevral” məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması üçün bir stimul yaratdı.Təsadüfi deyil ki, dünyada mövcud olan 6000 dən artıq dilin yarısı artıq məhv olmaq üzrədir. Məhz bu gün fevralın 21-də hər kəs öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu yaşatmaq düşüncəsini yaşayır. İnkarolunmaz həqiqətdir ki, dil hər hansı bir xalqın varlığının təzahürü, milli sərvəti, qan yaddaşı, mənliyidir.Tanınmış alman filosofu Martin Haydeger isə bu haqda daha korrektdir -“ Dil varlığın evidir” deyir.

Hələ Sovetlər dönəmində ideologiyanın təsirində olsa da belə aşağı yuxarı Quzey Azərbaycanda Ana dilində təhsillə bağlı diskriminasiya ilə üzləşmədik. Hətta Əsas Qanunumuzda Ana dilimizin dövlət dili kimi təsbit olunmasına da nail olduq. Nə yazıq ki, Beynəlxalq hüququn formalaşmağa başladığı 20-ci əsrdən başlayaraq hal hazırda sayları 35 milyona çatan Güney Azərbaycan türkləri bu nemətdən məhrum durumdadırlar. Hələ ötən əsrin 30-cu illərindən başlayan milli ayrı-seçkilik siyasəti təəsüflər olsun ki, İslam İnqilabından sonra da aradan qalxmadı. Bu günümüzdə  belə təkcə dilini və mədəniyyətini savunduğuna görə İran məhbəslərində yatan onlarla soydaşımız var. Təkcə Beynəlxalq Ana Dili gününü qutlamağa görə onlarla milli-mədəni fəal qardaşımız həbsxana həyatı yaşayıb. Amma bu haqq mübarizəsi dayanmır,durmur. Hələ də Təbrizin, Urmunun, Qoşaçayın, Sulduzun,,Zəncanın, Meşginin, Ərdəbilin, Kərəcin qəhrəman oğul və qızları insan təkamülü üçün müstəsna önəmi olan Ana dilimizin yaşaması üçün mücadilə verirlər. Sivil dünya üçün nə qədər  qeyri adi və təəcüblü görünsə də belə bu mücadilə dil və varlıq mücadiləsidir. Siyasi mübarizə üçün bütün fürsətlərin yasaqlandığı bir ortamda sönməyən , tükənməyən mədəni mücadilə..

Güneydə yaşanan bu durum “cilayi-vətən” olaraq dünyanın ayrı ayrı nöqtələrində Azərbaycan davasından usanmayan soydaşlarımız üçün isə daha ağır məsuliyyət ortaya çıxarır. İran hüdudlarındakı ağır repressiv durum içərinin( Güney Azərbaycanın) yükünü xarıcdəki fəalların çiyninə daşımalıdır. Bu varlıq mücadiləsi aparan bir millət üçün əməl edilməsi vacib olan bir gerçəkdir .Bəs nə etməli?

Tarixi təcrübə göstərir ki, millətin dilinin dövlət statusuna yüksəlməsi həm də o millətin millət kimi təsdiqidir. Məhz bu zaman millətin öz taleyinə sahibliyi, dövlət qurmaq və qorumaq qüdrəti də sübuta yetir. Dünyada mövcud olan 200 -ə yaxın dövlətdə rəsmi dövlət dillərinin sayı 70-i keçməsə də sayı 35 milyon olmaqla ölkə əhalisinin yarısını təşkil edən, habelə İran adlı ölkənin tarixində və bu günkü yaşamında  böyük pay sahibi olan Azərbaycan türklərinin rəsmi dil statusu qazanmaları onların təməl haqqı sayılmalıdır. 1945-ci ildə bu qüruru Milli Hökumətlə müəyyən qədər yaşadıq. Belə düşünürəm ki, bu gün də Güney xaricində fəaliyyət göstərən siyasi-ictimai qurumlar,eləcə də  şəxslər mövcud “status kvo” da öz fəaliyyətlərini heç olmasa soydaşlarımızın təməl haqqına- Ana dilimizin İranın rəsmi dövlət dili statusuna çatdırırlması istiqamətində qura bilərlər. Siyasi düşüncə fərqindən asılı olmadan hər kəsin bu istəyi reallaşdırmaq üçün irədə sərgiləyəcəyi qənaətindəyəm. Güney Azərbaycanın siyasi taleyi haqda qərarın veriləcəyi əsas ünvan isə hər zaman olduğu kimi əlbəttə ki, yenə  Təbriz olacaq.

Rüfət Muradlı