"Dikiy Arman" Qazaxıstanda "kriminal hakimiyyət"in başına gətirilir - "LOTU QULİ" BUNUNLA ÖLKƏYƏ NƏZARƏT ETMƏYƏ ÇALIŞIR / Foto

Baxış sayı:
15139

Azərbaycanlı "qanuni oğru" Nadir Səlifov ("Quli") həbsdən çıxdıqdan sonra yaratdığı kriminal imperiyasının sərhədlərini genişləndirir.
Yenisabah.az xəbər verir ki, bir çox ölkələrdə kriminal aləmə nəzarət edən Nadir Səlifov indi də Qazaxıstanı "fəth" etmək niyyətindədir. Məlumata görə, "Quli" yaxın silahdaşı, qazax əsilli avtoritet Arman Cumagəldiyevin ("Dikiy Arman") Qazaxıstanın yeraltı dünyasına nəzarət etməsinə çalışır.
Arman Cumagəldiyev "qanuni oğru" titulu daşımasa da, kriminal dünyada kifayət qədər tanınan şəxsdir. Bəzi məlumatlara görə, yaxın vaxtlarda Arman Cumagəldiyev də kriminal dünyanın ali titulunu daşıyacaq. Bundan sonra onun Qazaxıstandakı kriminal vəziyyət etmək məsələsi gündəmə gələcək.
Hazırda Qazaxıstanda kriminal aləm bir mərkəzdən idarə olunmur. Nadir Səlifov bu boşluğu Arman Cumagəldiyevlə doldurmaq istəyir. Buradan isə Orta Asiyanın digər ölkələrinə nüfuz etməyi planlaşdırır.
Arman Cumagəldiyevin etimadı doğruldacağına isə şübhə yoxdur. Qazax əsilli avtoritet "Quli"nin ən inanılmış silahdaşlarından biridir. Cəsarəti ilə çoxlarını heyrətə salan Arman Cumagəldiyev Nadir Səlifova görə hətta "qanuni oğru"ya da əl qaldırıb. Söhbət gürcü əsilli "qanuni oğru" Quram Çixladzedən gedir. Bu olay hələ də kriminal dünyada müzakirə mövzusudur.
İddia olunur ki, Nadir Səlifovun rəqibləri də Qazaxıstanı ələ keçirmək istəyirlər. Onlar fərqindədir ki, Arman Cumagəldiyevin Qazaxıstana nəzarəti onların bu ölkəyə yollarını bağlaya bilər.
Qazaxıstan əsilli avtoritet hazırda Türkiyədədir. Lakin onun vaxtaşırı Qazaxıstana getdiyi bildirilir. Məlumata görə, doğma ölkəsinə tez-tez baş çəkməsi orada baş verənləri yerində öyrənməkdir. Qazaxıstan həm də narkotranzit ölkə hesab edilir. Bu baxımdan, bir çox kriminal qruplaşmalar Qazaxıstanda möhkəmlənməyə çalışır.