​Dieqo Simeone "Qarabağa" görə ÜZR İSTƏDİ

Baxış sayı: 111

Bizi çətin oyun gözləyir. İlk iki matçda uğursuzluq olsa da, komandama güvənirəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri sabah axşam Çempionlar Liqasında təmsilçimiz “Qarabağ” klubu ilə qarşılaşacaq “Atletiko Madrid” komandasının baş məşqçisi Dieqo Simeone oyun öncəsi mətbuat konfransında deyib.
Simeone ona ünvanlanan sualları cavablandırıb:
- Sabahkı oyunu necə dəyərləndirirsiniz? A.Qrizmandan gözləntiləriniz nədir?
- Təkcə bir oyunçudan yox, bütün komandadan əzmkar mübarizə və təbii ki, 3 xal gözləyirəm. Oyun tempimizi pozmayıb, erkən qol vurub, oyunu ələ almaq istəyirik.
- “Barselona” ilə oyunda komanda heç-heçə etdi. Siz bu heç-heçədən sonra narahat oldunuzmu?
- Mən komandamın düzgün yolda olduğunu bilirəm. “Roma” ilə şanssız heç-heçə, “Çelsi” ilə yaxşı oyuna baxmayaraq itirilən 3 xal. Lakin mən komandamda heç bir dəyişiklik etməyəcəm və uğurlu olacağımıza inanıram.
- Rəqib o qədər də güclü deyil, buna görə də əvəzedici heyətlə oynamaq fikriniz varmı?
- Xeyr. Biz sabah 3 xalı əldə etmək üçün nə bacarırıqsa, edəcəyik. Həm də bizim “Astana”, “Rostov” kimi komandalarla acı təcrübəmiz var. “Qarabağ” komandası “Roma” və “Çelsi” komandası ilə çox layiqli mübarizə aparıb. Buna görə də “Qarabağ”ı zəif rəqib olaraq görmürük.
- “Qarabağ”da kimi özünüz üçün təhlükəli hesab edirsiniz?
- Rəqibin heyətində həm hücumçular, həm də cinah oyunçuları təhlükəlidit. Miçeli qeyd edə bilərəm.
- “Qarabağ” ispan futboluna yaxın oyun sərgiləyir. Belə komandaya qarşı çıxış etmək sizə nə kimi çətinlik yarada bilər?
- Düzdür, “Qarabağ” ispan futboluna yaxın oyun göstərir. Amma hər matça fərqli yanaşırlar. “Çelsi” və “Roma”ya qarşı fərqli oyun göstərmişdilər. Əsasən 4-3-3 və 4-2-3-1 sistemi ilə oynayırlar. Sabah hücumameyilli oyunçuları bizə çətinlik yarada bilərlər.
- “Çelsi” ilə matça kimi La Liqa görüşlərində asan qələbələr qazanmışdınız. Lakin həmin görüşdən sonra sanki eniş yaşanır...
- Komanda hər oyuna eyni formada hazırlaşır. Hələ yaxşılaşdıracağımız cəhətlər var. Bunların üzərində işləyirik. Çalışmaqla nəticələr də yaxşılaşır.
- Azərbaycanla əməkdaşlığınız olmuşdu və bu, sizə uğur gətirmişdi. Qarabağ bölgəsi və Azərbaycan haqda fikirləriniz maraqlı olardı...
- Qarabağın tarixi haqda məlumatım yoxdur. Buna görə üzr istəyirəm. Klub barədə məlumatım var. Azərbaycanla əməkdaşlığımız bizə uğur gətirmişdi. İlk ilimizdə İspaniya Kral Kubokunu, daha sonra isə La Liqanı qazanmışdıq, Çempionlar Liqasının finalına adlamışdıq. İnanıram ki, burdan getdikdən sonra da eyni uğurları qazanacağıq.
“Atletiko Madrid”in ulduz futbolçusu Saul Niqez də sualları cavablandırıb:
- Siz “Atletiko Madrid”lə bir neçə final oyununa çıxmısınız. Sabah axşamkı oyun da sizin üçün final dəyərindədir. Yəni uduzsanız, Çempionlar Liqası, demək olar ki, sizin üçün bitəcək. Bu oyuna özünüzü necə motivasiya etmisiniz?
- Mənim üçün “Atletiko” forması geyinmək hər zaman ən yüksək motivasiyadır. Bu oyunda da hər oyunda olduğu kimi maksimum bacardığımı ortaya qoymağa çalışacam.
- “Qarabağ” futbol klubu haqqında ümumi düşüncələriniz nədir? Həmçinin Bakı şəhəri haqqında ümumi təəssüratınız necədir?
- Mən bir neçə il bundan qabaq Bakıda olmuşam, deyə bilərəm ki, Bakı çox gözəl şəhərdir. Oyun haqqında isə bir neçə dəqiqə əvvəl bundan qabaq da qeyd etdim, bu oyun bizim üçün final xarakterlidir və maksimum əlimizdən gələni edəcəyik.
- Bu cür komandalara qarşı bir neçə dəfə oynamısınız və belə komandalar sizə başağrısı olmağı bacarıb. Bu dəfə nə etməyi düşünürsünüz?
- Onlar evdə oynayırlar, yüksək motivasiyaları var. Bütün bunları nəzərə alsaq, çətin oyun olacağını demək olar. Amma biz də əlimizdən gələni edəcəyik ki, onlardan 3 xal alıb Madridə qayıdaq.
- İlk turlarda 1 xal qazanmağınız üzərinizdə çox böyük təzyiq yaradıb. Bu təzyiqin altından çıxa biləcəksinizmi?
- Bu problemi özümüz özümüzə yaratdıq, bunun altından çıxmağı da bacararıq. Sabah çalışacağıq ki, ilk dəqiqələrdən rəqibin qapısına qol vuraq və erkən qələbəni təmin edək.