Diasporun assimlyasiya problem…

Öz milli mədəniyyətinə sahib çıxa bilməyən xalq daha asan şəkildə assimliasiyaya uğrayır

Çağdaş dünyada postmodernizm və modern anlayışlar tədricən kosmopolitizmlə üz-üzə qalmaqdadır. Bunun da əsas səbəbi baş verən qloballaşma düzəninin, eləcə də çağdaş kommunkasiyaların mədəniyyət və iqtisadiyyat üzərində olan dərin təsiri ilə bağlıdır. Ona görə də, qürbətdə yaşayan və diasporu təmsil edən istənilən toplumun yaşam tərzi məhz bu faktorlarla müşahidə olunur.
Diasporun yaşlı nəslindən fərqli olaraq, gənclik özəlliklə də kosmopolit düşüncə tərzinin ayrılmaz bir parçasına çevrilməkdədir. Belə olduğu təqdirdə, diasporun milli kimlik məsələsini taleyin ümidinə buraxmağa, yoxsa bu yöndə kompleks tədbirlərin həyata keçirilməsi üçün konseptual proqramlarla yaranan boşluğu doldurmağa dəyərmi? Dünyanın inkişaf etmiş dövlətlərində demək olar ki,  milli diaspor siyasətinə skeptik yanaşma ilə bərabər, həm də onun etnomədəni düzənini inkişaf etdirməyi vacib sayırlar. Bununla, diasporun daim mənsub olduğu tarixi bağlarının sıx yaşaması, iç-içə ortaq konsepsiyalarla addımlamağı başlıca strateji hədəfə çeviriblər. 

Nəsillər arasındakı assimliasiya problemi

Rusiya sosioloqlarının rəsmi şəkildə olmasa da, etiraf etdikləri həqiqətlər bu günün ən acı faktorlarından birinə çevrilmişdir. Belə ki, son 25-30 ildə Dağıstandan Rusiya Federasiyasının başqa bölgələrində yaşamaq üçün gedən əhalinin 250 min nəfəri daxil olmaqla, ikinci nəsil faktiki olaraq assimliasiyaya məruz qalıb. Üçüncü nəsil dağıstanlılar sadəcə əcdadlarının Qafqazla bağlı olması haqqında dumanlı təsəvvürə malikdirlər.
Bu fakta dünyanın digər dövlətlərində də rast gəlmək mümkündür. ABŞ-dakı Çin diasporunun son 50 ildə tədricən assimliasiyaya məruz qalması haqqında isə daha böyük fatklat var. Belə ki, ABŞ-da yaşayan 12 milyonluq çinli bu ölkəyə öncələr əmək miqrantları kimi gəlsə də, artıq 3-cü və 4-cü nəsil tamamilə assimliasiyaya məruz qalmışdır. ABŞ, Kanada, Avstraliya, Yeni Zenlandiya, CAR (Cənubi Afrika Respublikası), İngiltərə, Fransa, İspaniya, Portuqaliya və digər dövlətlərdə ərəb, fars, hind, urdu, kore xalqları ilə yanaşı, hətta mədəni avroplalıları təmsil edən fransız, italyan, holland, isveç, rus, ukrain, polyak, serb, macar və alman xalqları belə assimliasiyaya uğramışlar. Onların haqqında ən çox irəli sürülən “fransız mənşəli amerikalı”, “italyan mənşəli kanadalı” və sair terminlər belə yaranmışdır.
Heç də sirr deyil ki, Azərbaycan Türklərini təmsil edən  diaspor da belə bir problemlə üz-üzə qalmışdır. Məsələn, məşhur yazıçı, publisist, siyasi xadim Ceyhun Hacıbəyli Fransada yaşamağa məcbur qaldığı üçün oğlu Timuçin Hacıbəyli və daha sonra isə onun oğlu Mişel artıq tamamilə frnasızlaşmışlar. Son 30 ildə, özəlliklə də dövlət bağımsızlığına qovuşduğumuz dönəmdən sonra Rusiyada yaşamağa gedən soydaşlarımızın bu gün üçüncü nəsli formalaşmaqdadır. Faktiki olaraq Rusiya, Belorus, Qazaxıstan və Ukraynada yaşayan soydaşlarımız arasında sonuncu nəsil assimliasiya problem ilə üz-üzə dayanmışdır. Təbii olaraq, onların indiki dönəmdə əksəriyyəti qarışıq ailələri təmsil edənlərdir. Buna görə də, yeni nəsil mənsub olduğu Azərbaycan dövləti ilə əlaqələrdə bir qədər isti münasibətlərə meylli deyildir. Onlar daha çox bu gün yaşadıqları ölkələrin həyat düzəninə inteqrasiya olunmuşlar. Mənəvi, psixoloji, ictimai yaşam tərzinə görə isə, Azərbaycan dövlətinə, əcdadlarının mənsub olduğu etnosa bir qədər soyuq davranış nümayiş etdirirlər. Bu problem digər assimliasiyaya məruz qalmış xalqların diasporunda da mövcuddur. Bəs bunca üzücü olan problemlərdən çıxış yolları vardırmı? Fikrimizcə, Azərbaycan dövlətinə daha yaxın olan Türkiyənin təcrübəsindən faydalanmaq ən doğru addımlardan biri olardı. Türkiyə vətəndaşlarından ibarət olan dış diaspor təşkilatlarının mənsub olduğu dövlətlə ortaq düzəni paylaşması son 30 ildə bu dövlətin ən böyük uğurlarından biri sayılır.

Mədəni baxımdan xalqın olumsuz təsiri

Türkiyənin “Kadir Has Universiteti”nin professor Çiğdem Bozdağ türklərə məxsus  diaspor təşkilatlarının dövlətlə birgə ortaq fəaliyyətlərini incələyərək qeyd etmişdir ki: “Almaniya, Fransa, İtaliya, Hollandiya, Danimarka, İngiltərə, İsveç, İsveçrə, Avstriya və başqa ölkələrdəki türk diasporunun universal şəkildə mövcudluğunun başlıca prinsipi mədəniyyət ocaqlarının gücləndirilməsinə bağlıdır”. Bunun üçün də diasporun uzlaşım düzəni adına musiqi  və rəqs kollektivlərinin yaradılması, dərgilərin və qəzetlərin dərc edilməsi, TV və radio kanalllarının fəaliyyəti, internet resurslarının mütəşəkkiliyi həmin prosesin sadəcə görünən tərəfidir. Bütün bunlarla yanaşı, türk diaspor təşkilatları hər il teatr, mahnı və rəqs festivalları keçirirlər. Disaporun fəallarının Türkiyədə istirahətinin və tarixi yerlərə ekskursiyaların təşkili və sair proqramların həyata keçirilməsi diasporun dinamizminə böyük bir dəstəkdir.
Tatarıstanda fəaliyyət göstərən “Dünya Tatarları Konqresi” təşkilatı əslində diaspor komitəsinin rolunu daşıyır. Konqresin dəstəyi ilə hər il Tatarstan teatrları, filarmoniya və digər musiqi kollektivlərinin diaspor qarşısında mədəni tədbirləri keçirilir. Bununla yanaşı Konqres hər il diaspora məxsus tatar gənclərinin başkənd Kazanda mahnı yarışmasını təşkil edir. Məqsəd kimlərisə qalib elan etmək deyil. Diaspor fəallarının tarixi vətənlə bağlarının ictimailəşməsini düzənləməklə milli kimliyə və milli mədəniyyətə sahib çıxmaq kimi konsepsiyaları gündəmdə saxlamaqdır.
ABŞ-ın Pensilvaniya, Nyu-York, Çİkaqo, Los-Ancelos, Mayami və Vaşinqton bölgələrində XIX yüzilin sonlarından məskunlaşan və bu gün sayları 15-20 min nəfəri təşkil edən Qaraçay-Balkar Türklərinin diasporunun “Akaba” təşkilatı daim bu iki qardaş xalqın assimliasiyaya məruz qalmasının qarşısını almışdır. “Akaba” təşkilatı Qaraçay-Balkar Türklərinin ana dilinin və milli mədəniyyətinin qorunmasında, bu günə kimi yaşadılmasında müstəsna rol oynamışdır. Beləliklə də yüz ildən çoxdur ki, bu iki qardaş toplum milli mövcudluğunu qoruyub saxlamaqdadır.   
1944-cü ildə İosif Stalinin qərarı ilə Orta Asiya və Sibirə sürgün olunan və aradan 70 ildən də çox zamanın ötməsinə baxmayaraq, hələ də Gürcüstandakı tarixi vətənlərinə dönə bilməyən 350 minlik Axısqa Türkü bu gün Özbəkistan, Azərbaycan, Ukrayna, Rusiya, Qazaxıstan, Qırğızstan, Türkiyə, ABŞ və başqa dövlətlərə səpələnmiş durumda yaşamaq zorundadırlar. Ancaq, onlar heç zaman hansısa xalqın içində assimliasiyaya məruz qalmadılar. Onların ana dilində təhsil mərkəzləri belə yoxdur. Sadəcə toplumsal olaraq milli mədəniyyətlərinə sahib çıxmaqla öz varlıqlarını qoruyub saxlayırlar. Harada yaşamalarına baxmayaraq, Axısqa Türklərinin mədəniyyət mərkəzlərinin fəaliyyəti və ənənələrini qoruyub yaşatmaqla bu xalq dünyanın bir çox toplumlarına böyük bir örnək deməkdir. Mədəniyyətə önəm verməklə Azərbaycan bir dövlət olaraq, diasporun inkişaf proqramlarının həyata keçirilməsi istiqamətində yeni bir mərhələyə qədəm qoymalıdır. Bu prosesə yüksək səviyyədə peşəkarlıqla yanaşmaqla təkcə Quzey Azərbaycana məxsus 3 milyonluq soydaşımız kimi tanınan diasporumuzu da gücləndirə bilərik. Elmi konseptual şəkildə yanaşmaqla mədəniyyət sahəsindəki istənilən problemləri çözmək mümkündür. Moskvada fəaliyyət göstərən “Şəhriyar” Ədəbi Mədəni Cəmiyyətinin son illərdə gördüyü işlər diasporumuz üçün çox böyük mənada qürurvericidir. Almaniyanın Köln şəhərində yaradılan “Avropa Azərbaycan Yazıçılar Cəmiyyəti” təşkilatının varlığı da bu yöndə ilk addımlardan biri sayılır.

Metodoloji konsepsiya

Professor Çiğdem Bozdağ “Global Media Journal TR” dərgisində diasporla iligili gedən yazılarında qeyd edir ki, çoxkültürlü anlamın dəyərinə malik olan diaspor təmsilçiləri milli kimlik məsələsində bir qədər problemli olurlar. Onların özgür kültür düşüncəsi daha çox postmodern anlamının assimliasiyaya uğramış düzəni ehtiva edir. Bəzən ana dilində bədii əsərlər yazsalar da, düşüncə baxımından təsiri altında olduqları başqa bir xalqın düşüncə tərzini, mədəni görüşlərini qələmə alırlar”. Bu halların tipoloji yönlərinin bəzən məyusedici təsiri də olur. Yaşlı və orta nəsil qismən milli kimlik bağlarına sahib çıxa bilsə də, ən yeni nəsil dünyaya tamamilə fərqli baxışlarla yanaşır. Yeni nəsli təmsilçiləri arasında elələrinə rast gəlmək olur ki, onlar hansı xalqa mənsub olduqlarını belə danır və bunu hətta normal qarşılayırlar. Əksər psixoloqların da qeyd etdiyi kimi, iki, bəzən də üçkültürlü düşüncə tərzinə malik olan insanlar mənsub olduqları topluma çox zaman bir qədər kinayəli, bir qədər “komik” baxışlarla yanaşırlar. Məşhur alman dilçi alimi Auqust fon Qaben yazır ki: “Çoxdillilik və çoxkültürlü anlamalara malik olan insanları onların bu gün yaşadıqları dövlətlərin dominant toplumları heç zaman qəbul etmirlər. Ən yaxşı halda bu tip insanların istedadından faydalanmaqla yetinirlər. Fransa, Almaniya,İngiltərə və İspaniya başqa xalqlara məxsus diasporun nümayəndəlırindən istedalı futbolçular, yazarlar, alimlər və mütəxəssislərdən bol-bol istifadə etməklə yetinmək hədəfni ortaya qoyurlar. Onların vəzifəsi məhz bununla da bitmiş sayılır”.  
Fikrimizcə, diasporla ilgili Azərbaycanın dövlət siyasəti olaraq, XIX yüzildən etibarən dünyada baş verən yeni mədəniyyət düzəninin sistemləri dərindən incələnməli və bu yöndə proqressiv yanaşım üslubları tətbiq olunmalıdır. Musiqinin dili ilə desək, çoxsəsli polifonik düzəni ilə diasporun mədəniyyət sahəsində uyqarlığı inkişaf etdirilməlidir. Bu prosesin yeni çalar və məzmun daşıması yönündə isə, çoxsaylı örnəklər vardır. Misal üçün qeyq edə bilərik ki, Üzeyir Bəy Hacıbəyli Sankt Peterburqda professional musiqi təhsili alandan sonra, dünya səviyyəsində milli simfonizmimizin təməlini qoya bilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin həyatı boyunca qürbətdə yaşamaq zorunda qalan bir çox ünlü simaları “Yeni Qafqasya”, “Azəri Türk”, “Yaşıl Yarpaq”, “Odlu Yurd”, Bildiriş”, “Azərbaycan” və başqa dərgi və qəzetləri dərc etməklə həm də diasporumuzun milli kimlik düşüncəsinin inkişafında mühüm rol oynamışlar. Bu gün diaspor təşkilatlarını vahid platformada birləşdirə biləcək imkanlar çox olsa da, təəssüflər olsun ki, bu məsələdə passivlik müşahidə olunur. Ölkəmizdə diasporla daha üstün səviyyədə iş görə biləcək kadrların hazırlanması lazımdır. Mətbu yayınların ədəbi dil normalarına uyğun şəkildə idarə edilməsi, mədəniyyət sahəsi üzrə peşəkarlığı şübhə doğurmayan kadrlarla bu prosesi canlandırmaq çox asandır. Diasporun mövcud olduğu ölkələrdəki təsnifatını hazırlamaqla bütün uğurlara imza atmaq mümkündür. Dünya azərbaycanlıları anlayışı məhz mədəniyyət amili ilə ən üstün səviyyəyə qalxa bilər. Ən azından dahi müğənni və bəstəkar Müslüm Maqomayevin istedadı və sənəti azərbaycanlılara olan münasibətdə ictimai və sosial-psixoloji baxımdan müsbət mənada öz təsirini göstərmişdir. Öz milli mədəniyyətinə sahib çıxa bilməyən xalq daha asan şəkildə assimlyasiyaya uğrayır və özgələrinin yağmurunda itib-batır.
Ə. Yusifoğlu