Diaspor və sosiallaşma düzəninin aspektləri

İndi dünyda, xüsusilə də Qərb dövlətlərində diaspor məsələləri sadəcə bir ölkənin və ya bir xalqın hədəfləri olaraq gündəmə gəlmir....
 
Müasir dünyada xalqların miqrasiya problemi qloballaşma prosesinin axarlna uyğunlaşmaqdadır. Beləcə hər bir xalqın ayrıca diasporu formalaşır. İnkişaf etmiş ölkələrdə diaspor siyasətində cəmyyətin sosiallaşması prosesinə dəstək olmaqla, soydaşlarla əlaqələrin qurulması, digər yandan diaspola iqtisadi və mədəni əlaqələrin gücləndirilməsinə çalışılır. İlk addım kimi bunun fəlsəfi və identik cəhətləri incələnir, daha sonra isə diasporun sosiallaşması sayəsində bir çox layihələr həyata keçirilir. Təbii olaraq, diasporun sosiallaşmasının etnoloji cəhətləri başlıca prinsip sayılır.

Sosial siyasətdə diaspor məsələləri

Rusiya, Belorus, Ukrayna, Qazaxstan, Özbəkistanla yanaşı, son illər Türkiyə, Almaniya, İsveç, Norveç, Fransa, Hollandiya, ABŞ, Kanada və başqa ölkələrdə azərbaycanlı miqrantların sayı dəfələrlə artmışdır. O cümlədən Rusiya Federasiyasının paytaxtı Moskvada bizim soydaşlarımızın sayı son 25 ildə 5 dəfədən çox artmışdır. Beləliklə də immiqrasiya sayəsində soydaşlarımızın məskunlaşdığı ölkələrdə həm onların özlərinin, həm də ailələrində böyüyən övladlarının düşüncə tərzi ənənəvi baxışlardan tamamilə fərqli bir məcrada dəyişməkdədir. Yəni müxtəlif ölkələrin qanunları, adət-ənənələri, həyat norması və ictimai baxışların soydaşlarımız arasında dəyişməsinə və ya yenilənməsinə səbəb olmuşdur. Bəzən çox acı da olsa, hətta tamamilə deformasiyaya uğrama kimi problemlər də ortaya çıxır. Bizim fikrimizcə, diasporun icmalar şəklində formalaşması prosesində Azərbaycan Respublikasının humanitar siyasət sahəsində fəaliyyət göstərən bütün dövlət strukturlarının ayrıca proqramları olmalıdır. Təhsil, mədəniyyət, ədəbiyyat və başqa sahələrdə uzlaşmış dövlət proqramları çərçivəsində soydaşlarımızın bir yandan tarixi vətənə bağlılığı, digər yandan isə, onların diaspor və icmalar şəklində öz xarakterini qoruyub saxlaya bilməsi məsələlərinə ciddi fikir verilməlidir. Faktiki olaraq, bu yöndə Türkiyə, Fransa, Almaniya, İngiltərə, Rusiya, Hollandiya, İspaniya, Portuqaliya kimi ölkələrin praktikasından öyrəniləsi məsələlər çoxdur. Adıçəkilən dövlətlərin diaspor və sosiallaşma siyasətinin bütün spektrlərinin uğurlu cəhətlərindən bəhrələnməklə problemlərin həlli üzərinə çox asanlıqla getmək mümkündür.
Heç də sirr deyil ki, çox da uzaq olmayan yaxın tariximizdə diaspor məsələləri siyasəti ilə bağlı Azərbaycan dövlətinə qarşı “beşinci kolon” adı ilə bəzi proyektlərin tətbiq edilməsi xoşagəlməyən problemlərin yaşadılmasına start verilmişdi. Bizlər diaspor siyasətində etnomilliyyətçi deyil, daha çox etnososial dəyərlərin inkişafı formasına üstünlük verdikcə, uzlaşdırılmış baxışların dəyərini də artırmaq imkanlarını əldə edə bilərik. Öncələrdə ağır sosial iqtisadi duruma və ya ictimai baxışlarına görə miqrasiya prosesləri yaşanılırdısa, bu gün daha çox qloballaşma proseslərinin nəticəsi kimi insanlar dünyanın istənilən ölkəsində yaşamaq və ya çalışmaq kimi düşüncəyə malikdirlər. Bütün bunlar tamamilə fərqli baxışlardır. Bu günün sosial resursların standartlarının təsnifatı hazırlanmadan və bunun estetik, sosial, fəlsəfi və ictimai şərtlər baxımından incələnməsi çox vacibdir. Belə bir yanaşma tərzində diasporla daha effektiv və isti münasibətlərə də asanlıqla yol açılır. Ənənəvi sterotiplər beləcə öz-özünə yox olacaqdır. Çünki, diaspora olan baxışlarda sosiallaşmanın yeni düzəni gündəmə gəlir. Buunla, soydaşlarımızın hər gün qarşılaşdığı diskriminasiya və ksenofobiya problemləri də olmayacaq.

Sosial adaptasiyada etnomədəni həmrəylik

Bizim uzun illər apardığımız müşahidələrimizə görə, Azərbaycandan olan diaspor sahəsindəki bəzi proseslərin rəngi bir qədər məhəlli xarakter daşımışdır. Buna çoxları kimi bizlər də, təbii axarın ahəngi olaraq yanaşmaqla çox haqlı addım kimi baxmışıq. Ancaq, onu da unutmaq olmaz ki, artıq dünyanın hər yerində, xüsusilə də Qərb dövlətlərində və inkişaf etmiş ölkələrdə diaspor məsələləri sadəcə bir ölkənin və ya bir xalqın hədəfləri olaraq gündəmə gəlmir. Çində Doğu Türküstan türklərinə (uyğur, qazax, sarı uyğur, altay, türkmən, toleut, özbək, qırğız, tatar) qarşı rasizm, soyqrım siyasəti aparılır. Bu toplumların milli hüquqlarının tapdalanması, mədəni və milli irsinin tanınmaması kimi problemlərin həlli istiqamətində əslən Anadolu türkləri olaraq, Qərb ölkələrində yaşayan vətəndaşlar böyük bir etiraz dalğasını gündəmə gətirməklə həm də bu xalqların diaspor təşkilatlarını öz tərəflərinə çəkə bilmişlər. Dili, tarixi, adət-ənənəsi bir olan xalqların etnoloji sosiallaşma proseslərində gücünün və fəaliyyət dairəsinin daha geniş mənada xarakterinin dəyişməsi hər bir xalqın milli-mənəvi gücünün artması deməkdir. Son illər ABŞ, Almaniya, Fransa, Hollandiya, İngiltərə, İsveç, Norveç, Kanada və başqa ölkələrdə Azərbaycan xalqına “20 Yanvar Faciəsi”, “Xocalı Soyqırımı” və başqa proseslərə görə həmrəylik nümayiş etdirməklə bir yandan dövlətimizə, o biri yandan isə diaspor təşkilatlarımıza olan dəstəyin miqyası da qat-qat artmışdır. Xarici ölkələrdə yaşayan soydaşlarımızın soyu bir olan xalqlarla etnomədəni bağlarının belə bir məcrada inkişaf etdirilməsi tarixi köklərimizə daha geniş mənada dəyər verilməsi ilə nəticələnir. Şimali İraq Türkməneli və Suriya Türkmənlərinə soydaşlarımız tərəfindən verilən ictimai və mənəvi dəstək həmin soydaş xalqlara qarşı aparılan bəşəri cinayətlərə qarşı çıxmaqla, həmin toplumların da Azərbaycana və dövlətimizə dünyanın hər yerində verilən dəstəyin simvoluna çevrilməsi ilə nəticələnib. Bütün bunlara siyasi xarakter verməklə deyil, sinergetik sosiallaşma düzəni şəklində yanaşma kimi baxılmalıdır. Ona görə də bizlər dünyanın etnososial düzəni ilə daha dərindən maraqlanmalı, bu məsələ ilə bağlı həssas şəkildə yanaşmanın elmi şəkildə fundamental əsaslarını incələməliyik. Bu gün Türkiyə, Qazaxstan, Özbəkistan, Qırğızstan, Tuva, Xakasiya, Saxa (Yakutiya), Tatarstan, Başkortstan, Dağlıq Altay, Quzey Kıbrıs kimi ölkələrdə artıq soydaşlarımızla ilgili olaraq, hər hansı problemlər yaşanılmamaqdadır. Bunun da əsas səbəblərindən biri, yerli toplumların Azərbaycanla olan isti münasibətlərin, soy və mədəni birliyin ictimai xarakter almasıdır.

Diaspor fenomeni

Disapor məsələlərində etnomədəni proseslərin sosial araşdırmaları üzrə məşğul olan görkəmli etnoloq alim V. İ. Mukomel qeyd edir ki, son minillikdə Avropa iki dəfə genişmiqyaslı milli mənsubiyyət problemlərini yaşamaq zorunda qalmışdır. Bunlar Osmanlı imperiyasının dağılması, Hasburq və Roma imperiyalarının süqutu, daha sonra isə, keçmiş Sovetlər Birliyi, Yuqoslaviya və Çexoslovakiyanın tamamilə çökməsi ilə müşahidə olunmuşdur. İndiki dönəmdə kommunikasiya texnologiyalarının sürətli inkişafı prosesində klassik tarixi ənənələr üzərində deyil, daha çox müasir standartların ictimai xarakter daşıyan texnologiyalarına üz tutmaq lazımdır. Beləliklə də diaspor məsələləri üzrə inteqrasiya vasitələri də inkişaf edəcəkdir.  
İndiki çağda diaspor siyasətinə sosioloqların, etnoqrafların, filosofların, politoloqların, psixoloqların cəlb edilməsi sayəsində inkişaf etmiş ölkələrdə heç bir problemlər də yaşanılmır. Çünki, diaspor prosesində onun tipologiyasının əsasları geniş miqyasda hərtərəfli elmi araşdırmalar nəticəsində ortaya qoyulur. Bütün bunlar diasporun mənsub olduğu tarixi vətənlə əcdad bağlarının inkişafına böyük bir dəstək verilməsi ilə nəticələnir. Elmi metodologiyanın sayəsində diasporun etnonəzəriyyəsi də çox asanlıqla tətbiq olunur. Çünki, ortada diaspor məsələlərinin sosioloji analizinin obyektini hər kəs asanlıqla qavraya bilir. Xaricdəki diaspor məsələlərinin fenomeni beləcə vahid proqram çərçivəsində formalaşır. İdentik şərtlər altında genişmiqyaslı forma və xarakter alan diaspor anlayışının etnososial və etnomədəni mənada inkişafı bir yandan diasporun xeyrinə öz nəticəsini verirsə, başqa bir tərəfdən isə, bunun həm də dövlətimiz üçün çox böyük uğurlar qazana biləcəyinə səbəb olacaqdır.
Hələ ötən yüzilin 60-70-ci illərində məşhur alimlər A. S. Balezin və Y. V. Bromley qeyd edirdilər ki, etnomədəni diaspor siyasətinin əsas şərtləri qismində onun spesifik xüsusiyyətlərinə önəm verildikdə, həmin etnosun təbii coğrafi həyat tərzini heç zaman poza bilməyəcək. Çünki miqrasiya edən çəxsin hansı iqlim və coğrafi şərtlər altında yaşaması deyil, etnomədəni kimlik baxımdan onun sosiallaşması çox vacibdir. Bu həm də geniş mənada istənilən dövlət üçün “instrumentalizm” və “konstruktivizm” deməkdir. Bu fikir sonralar C. Devis, N. Glezer, D. Moynixan, M. Quboğlu, L. Drobiceva, V. Yakov kimi məşhur etnoloq alimlər tərəfindən inkişaf etdirilmişdir. Buna görə də, həmin xalqların çağdaş etnodiaspor və etnomədəni həyat tərzində qarşılaşdığı problemlər çox asanlıqla öz həllini tapır.     
Demoskoptik yanaşma
Başqa dövlətlərdə yaşayan və diasporu təmsil edən cəmiyyətin və icmaların demoqrafik mənada bağlarının tarixi və əcdad kultu ilə etnomədəni düzəni də diaspor siyasətinin tərkib hissəsi olmalıdır. Çünki, insan övladı miqrasiya etməklə bəzən əcdadlarının mənsub olduğu dəyərlərdən uzaqlaşır və tədrici assimliasiya kimi gerçəkləri də yaşamalı olur. Təbii aləmin varlığında özümlü olmanın standartlarına xüsusi diqqət yetirildikdə bunun bəşəriyyət üçün daha çox faydası olur. İndi az qala dünyanın inkişaf etmiş ölkələrində demoqrafik problemlər əsas mövzulardan birinə çevrilmişdir. Çünki, mənsub olduğun toplumun fərqli etnoslar içində assimliasiyaya məruz qalması həmin dövlətin tədricən yoxa çıxması ilə nəticələnə bilər. Başqa bir yandan isə, etnosun vahid düzəni də öz funksionallığını itirir. Etiraf etməliyik ki, Azərbaycan dövləti və xalqımız bu acı gerçəklərlə üzləşmək təhlükəsini yaşaya bilər. Etnososial və etnomədəni düzənin inkişaf etdirilməsi sayəsində bir yandan diasporun qorunması, digər yandan isə, hər zaman Azərbaycan dövlətinə dəstək ola biləcək gücü qorumaq vacib şərtlərdən birinə çevrilməlidir. Bu yöndə dekorativ hesablamalarda yanaşmanın intellektual resursları ilə demoskoptik problemləri çox asanlıqla öz yoluna qoymaq mümkündür. Davamlı şəkildə bu yöndə monitorinqlərin aparılması isə, qarşıya qoyulan məqsədlərə daha asanlıqla gedilə biləcək bir yoldur. Beləliklə də institutsional mahiyyət daşıyacaq hədəflərin və problemlərin həllinə nail ola biləcək çevik diaspor siyasəti formalaşacaq. Çünki, ictimai diplomatiya siyasətinin ana hədəfləri də bundan ibarətdir. Diaspor siyasətinin dövlətin və millətin uzlaşdırılmış tərzdə ortaq maraqlar üzərində köklənməsinin vacib şərtləri məhz bundan ibarətdir.

Ə. Yusifoğlu, "Hürriyyət"    

Qeyd: Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəvlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.