Diaspor Komitəsinin qurultay adı altında “gurultay” planı

Baxış sayı:
783

Nazim İbrahimovun süni imitasiya taktikası 

Bu il iyun ayının 3-4 aralığında Bakıda növbəti “Dünya Azərbaycanlılarının Qurultayı” keçiriləcək. Qurultaya dəvət olunanların diaspor siyasətində nə kimi önəmi olduqları isə kimsənin umurunda olmayacaq. Çünki Dövlət Diaspor Komitəsi bu günə kimi hansı metodla milli diaspor siyasətinin aparıbsa, elə bu gün də öz ənənəsinə sadiq qaldığını bir daha nümayiş etdirir. Növbəti qurultayın ötənlərdə olduğu kimi, daha çox “gurultay” xarakteri daşıyacağından kimsənin şübhəsi olmasın. Bizim adi müşahidəmiz bütün bunları təsdiq edir. 

Keçmiş solçuların uydurma “milli” təəssübü

Dövlət Diaspor Komitəsi hər zaman olduğu kimi dünya azərbaycanlıları adına keçirdiyi qurultaylar daha çox əski Sovetlər Birliyi kommunist partiyasının toplantılarını xatırladır. Bir-birinin ardınca gurultulu, şappıltılı, çaqqıtılı çəpiklər, alqışlar, daha sonra isə bəh-bəhlə bütün bunlara nöqtə qoymaq şakəri hələ də davam edir. Biz növbəti qurultaya kimlərin qatılacağının fərqində olmasaq da, İsveçdən olan dəvətlilərə diqqət yetirsək, kimin dünya azərbaycanlıları adına təmsil olunması, bu yöndə komitənin hansı düsturla hərəkət etdiyini çılpaqlığı ilə görə bilərik. Bizə daxil olan bilgilərə görə, İsveçdən uzun illər antitürk siyasəti yürütmüş “Hezbe Tudeyi İran” (İran Kommunist Partiyası) təşkilatının fəallarından biri Abdulla Əmir Haşimi, diaspor adına heç bir gerçək fəaliyyəti olmayan “Azərbaycan Naminə Cəmiyyəti”ndən Nadir Hollenbrand, “Dünya Azərbaycanlıları Konqresi”ndə mövcud olan daxili çaxnaşmaların daim mərkəzində duran fiqurlardan biri kimi tanınan Səməd Fərtaş, hər hansı bir ictimai statusu ilə fərqlənməyən və “İsveç Azərbaycanlıları Konqresi”nin sədri Emil Mİrzəyev, anası erməni və Azərbaycan milli davası ilə hər hansı bir ilgisi olmayan “IFO” təşkilatının katibi Leyla Kiani, Güney Azərbaycan Milli Davasına qarşı solçu hərəkatın fəallarından biri kimi tanınan, son illər Rusiyanın FSB-i ilə ciddi əlaqələrə malik Cavad Derəxti, ömrü boyu adi taksi sürücüsü işləmiş, ictimai-siyasi proseslərdə daha çox provakator kimi tanınan Əjdər Tağızadənin “Dünya Azərbaycanlıları Qurultayı”na xüsusi nümayəndə statusu ilə qatılması Dövlət Diaspor Komitəsinin, özəlliklə də bu qurumun sədri Nazim İbrahimovun nə qədər dayaz və cılız səviyyədə diaspor adına iş gördüyünün təsdiqi deməkdir. Guya İsveçdə yaşayan soydaşlarımızın başında Azərbaycan Milli Davasının önündə bu şəxslər dayanıblar. 
Adıçəkilən şəxlərin haqqında bu adi informasiyanı ona görə xatırladırıq ki, Diaspor Komitəsinin uzun illərdir kimlərlə birgə çalışdığının fərqinə asanlıqla varıla bilinsin. 

İlham Məmmədovun “İsveç planı”

2010-cu ildə Azərbaycan Dövlət Diaspor Komitəsinin sədri Nazim İbrahimovun şəxsi göstərişi ilə komitənin Qərbi Avropa şöbəsinin müdiri İlham Məmmədovun rəhbərliyi altında Emil Mirzəyev, Elyar Məhərrəmov, Qabil Nəsirov, Aslan Arablui, Leyla Kiani, Arzu Rüstəmova, Gülnarə Qasımova, Eldar Qaradağlı (bu şəxs bir zamanlar Təbriz həbsxanasında antitürk siyasəti aparan İran mollkarat rejiminə mübarizə yoldaşlarını satmışdır və onların hamısı edam olmuşlar-müəl.), Namiq Hacıyev və Mehman Cabbarovdan ibarət “İsveç Azərbaycanlıları Konqresi” adlı süni bir təşkilat yaratmışdır. Beləliklə də bu qrupun vasitəsilə orada yaşayan soydaşlarımız arasında daim qarşıdurmalar yaşanılır. Paytaxt Stohkolmda “Radisson Blu Royal Viking” hotelində təsis olunan bu qurum indiyə kimi soydaşlarımız arasında birlik və bərabərlik üçün bulunmamışdır. İsveçdə yaşayan soydaşlarımızın Güney Azərbaycan adına apardıqları intellektual mübarizədə, Quzey Azərbaycanın ərazilərinin erməni işğalında olması və digər problemlərin Avropa boyunca ictimailəşdirilməsi proseslərində Nazim İbrahimov və onun İsveçdəki siyasətini yürüdən İlham Məmmədov heç zaman yaxından iştirak etmədilər. İlham Məmmədovun İsveçdəki əlaltısı olan qrupun əsas fəaliyyəti “selfi” çəkdirərək özlərini ucuz reklamlarla pərdələmək olmuşdur. Əslində İlham Məmmədov Nazim İbrahimovun tapşırıqları ilə İsveçdəki soydaşlarımız arasında daim ikitirəlik siyasətini yürütmüşdür. Bu saxtakarlığı sübut edən faktlardan biri də Leyla Kianinin zorla “İsveç Azərbaycanlıları Konqresi”nin idarə heyətinə üzv seçdirilməsidir. 

Leyla Kiani sindromu

Bu xanımın “İsveç Azərbaycanlıları Konqresi” İdarə Heyətinin üzvü seçilməsindən sonra onun ilk işi soydaşlarımızın daha çox məskunlaşdıqları Stohkolm və Malmö şəhərlərində süni şəkildə intriqaların yaradılması oldu. Halbuki, onun kim olduğunu çoxları yaxşı bilirlər. Leyla Kiani 2012-ci ildə Malmö şəhər Sosial İdarəsində işlədiyi zaman bu ölkədə sığınacaq almaq istəyən insanların şəxsi həyatına qarışdığına və özünə aid olmayan, olduqca gizli saxlanılması gərəkən çoxlu şəxsi dosyaları arxivdən oğurlayıb baxdığı üçün onun haqqında yerli məhkəmənin qərarı ilə hökm çıxarılmışdır. 
Leyla Kianinin adı elə indi də dövlətin kriminal xarakterli əməllərə görə cəza alanların xüsusi siyahısında saxlanılmaqdadır. Bu məsələni detalları ilə bilmək üçün “LEXBASE.SE” saytına baxmaq yetərlidir. 
Onu da qeyd edək ki, “İsveç Azərbaycanlıları Konqresi” yarandığı gündən – artıq altı ildir Leyla Kiani soydaşlarımız arasında daim intriqabazlıq etmiş, onların arasında süni qarşıdurmaların baş alıb getməsinin səbəbkarı kimi tanınmışdır. İki-üç il bundan öncə Stohkolmda ABF-nin nəzdində İsveçdəki Türk Gəncləri Təşkilatı Kanadada yaşayan və erməni yalanlarını ifşa edən bir alimi dəvət etmişdilər. Tədbirə İsveçdəki soydaşlarımız və hətta ermənilər də dəvətli idilər. Orada AFİ sədri Səttar Sevgin ermənilərin sadəcə Quzey Azərbaycan, Qafqaz və Türkiyədə deyil, həm də Güney Azərbaycanda 1914-1918-ci illərdə soyqırımlar törətdiyini bildirdi. Onun belə bir vətənpərvər çıxışına qarşı ermənilər deyil, Azərbaycan Dövlət Diaspor Komitəsinin sədri Nazim İbrahimovun çox yaxın silahdaşı İlham Məmmədovun himayə etdiyi “İsveç Azərbaycanlıları Konqresi”nin sədri Emil Mirzəyev kəskin şəkildə çıxış etdi. Hətta küçə söyüşlərini yağdırmağı belə unutmadı. Bu acı faciə ermənilərin gözləri qarşısında baş verdi. İlham Məmmədovu isə təkcə Leyla Kiani müdafiə etdi. Halbuki, Səttar Sevgin Avropada Güney Azərbaycan və Qarabağ problemlərini daim gündəmə gətirən, bu yolda bütün sərvətindən keçən nadir milli fəallarımızdan biridir. 

“Aprel olayları” və Nazim İbrahimov

2016-ci il aprel ayının başlanğıcında Azərbaycanın bir dövlət olaraq erməni işğalında olan ərazilərinin azad edilməsi, ölkədə və dünyada bütün soydaşlarımızın bu məsələdə birlik və bərabərlik adına düzənlənən möhtəşəm addımları, min dəfələrlə təəssüflər olsun ki, Dövlət Diaspor Komitəsi tərəfindən dəyərləndirilmədi. Komitə “sükunət bataqlığı”na bənzəyirdi. KİV-lər vasitəsilə əldə olunan bilgilər əsasında Almaniya, Hollandiya, İsveç, Belçika, Fransa, İngiltərə, Polşa, Çexiya, Avstriya, Rusiya, Ukrayna, Danimarka, ABŞ, Kanada, Türkiyə və digər dövlətlərdə soydaşlarımız, eləcə də türk diaspor təşkilatları birlikdə möhtəşəm mitinqlər, küçə yürüşləri keçirdilər. Bütün bunlar Azərbaycan dövləti və xalqına ədalətli mübarizəsi üçün verilən dəstək idi. Demək olar ki, bu prosesdə Dövlət Diaspor Komitəsinin “cınqırı” belə çıxmadı. Soydaşlarımız nə kimi uğurlar əldə etdilərsə, bütün bunlar onların öz milli qeyrətləri bahasına əldə olundu. “Dünya Azərbaycanlıları Qurulyatı”na isə, həmin yurdsevər insanları səfərbər edənlərin əvəzinə, olayları seyrçi baxışla izləyən, hər zaman soydaşlarımızı passiv durumda idarə etmə taktikasına önəm verən, kağız üzərində Nazim İbrahimovun “sədaqətli” kadrları sayılanlar dəvət olunublar. Belə bir imitasiya ilə qurultay keçirmək soydaşlarımız arasında haqlı narazılıqlara yol açır. Öz çevrəsində süni şəkildə diaspor adına bürokratik düzən yaradan komitəyə isə insanların inamı ildən-ilə azalmaqdadır. Meşşancasına və bayağı diaspor siyasətini irəli sürmək dünyanın hər yerində yaşayan soydaşlarımız üçün könül qırıqlığı deməkdir. Axı onların hər biri ölkəmizi və dünyanın harasında yaşamasından asılı olmayaraq, milli birlik düsturumuzu dəstəkləyirlər. Sömürgəçi düşüncə tərzinə nə qədər qarşı olduqları isə göz önündədir. Aprel olayları bir daha sübut etdi ki, xalqımız diaspor adına nə kimi fəlakətli bir durumla üz-üzə qalıb. 
Bir daha “Dünya Azərbaycanlıları Qurultayı” keçiriləcək. Orada uzun-uzadı saxta hesabatlar oxunulacaq və gurultulu, taqqıltılı, şaqqıltılı, çıqqıltılı və bağırtılı şəpiklər çalınacaq. Dövlət büdcəsi sayəsində milyonlar dəvətli qonaqlara görə xərclənəcək. Beləliklə də milli büdcəmiz boşuna havaya sovrulacaq. Biz sadəcə İsveçdən “gurultay”a kimlərin dəvətli olunduqlarını xatırlatdıq. O biri dövlətlərdən dünya azərbaycanlıları adına gələnlər, görəsən, kimlərdən ibarət olacaq? 

Püranə Piripudini