Dəhşətli yanğının canlı şahidi: "Ədyalı söndürdüm, gördüm ki yorğan alışır"

Baxış sayı:
5713

Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib.
Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Nail Talıbov dindirilib. O bildirib ki, spirtli içkidən əziyyət çəkdiyi üçün Mərkəzdə müalicə alıb: "Yanğın zamanı gecə səhərə yaxın yuxudan ayıldım. Sanitar qovşağına gedib əl-üzümü yudum. 11 nömrəli palatada qalırdım. Ora qayıdanda 16 saylı palatadan Kamil adlı oğlanın səsisini eşitdim ki, yanğın var. Cəld həmin palataya getdim. Ədyal yanırdı. Onu söndürdük. Bu zaman yorğanın alışdığını gördüm. Palatada suyumuz var idi, onu gətirib tökdüm. Xeyri olmadı, otaqda yaşlı kişi vardı, onu kömək edib çölə çıxardım. Yanğınsöndürənlər gələnə kimi Mərkəzin mühafizəçisi Amidlə yanğını söndürməyə kömək etmişəm".
Zərərçəkən bildirir ki, yanğın ən çox 15-ci palatandan gəlib: "Alovlar ən çox ordan çıxırdı. Məhəmmədi çöldə görmüşəm. Salam-sağolum vardı. Heç kimə qarşı şikayət və tələbim yoxdur".
Prosesdə daha sonra zərərçəkmiş kimi Şirzad Əsədov dindirilib. Məlum olub ki, zərərçəkən kimi tanınan şəxs cinayət törətdiyi üçün həbsdədir. Şirzad Əsədov bildirib ki, Mərkəzə gələndə ad-soyadını yanlış deyib: "Mən 3 ay idi ki, axtarışdaydım. O zaman həbsdən təzə çıxmışdım. Müalicə almaq üçün Mərkəzə müraciət etdim. Azad müəllimə adımı soyadımı səhv dedim. Məni palataya köçürdülər. Bir-iki gündən sonra bu hadisə baş verdi. Həmin gecə tüstünün qoxusuna durdum ki, boğuluram. Tez çölə qaçdım. Hər yanı tüstü bürümüşdü, duman kimi idi. Göz-gözü görmürdü. Birtəhər çölə çıxdım. İlkin yardım göstərdilər. Sonra bizi başqa palataya köçürdülər. Araşdırma başlayanda bildilər ki, axtarışdayam. Onda tutuldum. Heç kimdən şikayət və tələbim yoxdu".
Prosesdə daha bir zərərçəkən Rüfət Əmrahlı dindirilib. O qeyd edib ki, yanğın olan günü Mərkəzə müalicəyə gəlib: "Valideynlərim tərəfindən həmin gün müalicəyə gətirilmişdim. Həmin gün günorta saatlarında mənə sistem qoşdular. Yuxuya getdim. Otaqda Rəşad adlı oğlanla qaldım. Gecənin yarısı Rəşad məni qaldırdı. Dərmanların təsiri ağır idi deyə gec qalxdım. Pal-paltarımı götürə bilmədim, şortik maykada çölə qaçmışam. Şikayət və tələbim yoxdur".
Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Görülən tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib. M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub. Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Məlumata görə, şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb.