​Dəhşətli 23 dekabr PROQNOZU: yad planetdən gələn virus və Yerin məhvi - Alim AÇIQLADI

Baxış sayı:
4693

Dekabr ayında dünyanın sonu xəbərləri yenidən gündəmə gəlib. Bu dəfə “Science” jurnalı Hindistandan olan astronomların fikirlərini əsas tutaraq, dekabrın 23-də yadplanetli virusunun Yer kürəsini məhv edəcəyini yazıb.
Virusun yayılma mənbəyi barədə məlumat verilməsə də, hind astronomları bir müddət əvvəl Amerika Milli Kosmik Agentliyinin (NASA) bazasında naməlum kosmik obyektin qeydə alındığını deyiblər. Güman edilir ki, ölümcül virus planetimizə məhz bu obyektdən yayılacaq.
Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətai Publika.az-a açıqlamasında bu iddianın heç bir əsasının olmadığını deyib.

- Ədalət müəllim, yenidən dekabrın 23-də dünyanın sonu gəlməsi iddiası gündəmdədir. Bu dəfə isə yadplanetli virusunun planetimizi məhv edəcəyi deyilir. Bu nə qədər doğru ola bilər?
- Bu məlumatları yayanlar, adətən, NASA-nın adından istifadə edirlər. Lakin bu fikirlərin heç bir elmi əsası yoxdur. Sadəcə bir müddət əvvəl kosmonavtların paltarında tapılan tozların üzvi orqanizm olmasını iddia edirlər. Bununla da Yerdə həyatın kosmosdan gələn üzvi maddələrdən yaranması fikrini irəli sürürlər. Lakin kosmonavtların paltarında bu orqanizmlərin olması təbiidir, çünki bu insanlar Yerdən gediblər. Lakin bu məsələni Yer kürəsini dağıdacaq yadplanetli virusu ilə əlaqələndirmək yanlışdır. Elmi jurnalda ola bilər ki, məlumat şişirdilmiş olsun.
- Həyatın yalnız Yerdə olduğunu demək doğrudurmu? Ümumiyyətlə, yadplanetli virusu deyəndə nəyi nəzərdə tuta bilərlər?
- Başqa planetlərdə də həyat ola bilər, lakin bizim onlarla əlaqəmiz yoxdur. Başqa ulduz sistemində də belə şərait yaranması mümkündür, hazırda həmin ulduzlarda həyatın hansı səviyyədə olduğunu deyə bilmirik. Başqa planetlərdə bizim təsəvvür etdiyimiz kimi həyat yoxdur, ola bilər ki, həyat başqa formada olsun. Bunu inkar edə bilmərik. Üzvi birləşmələr yaradan hissəciklər, sözsüz ki, kosmosda var. Lakin bu o demək deyil ki, oradan gələn hər hansı toz Yer kürəsini məhv edə bilər. Marsda illərdir həyat axtarılır, hələ ki tapılmayıb. Həyatın olması üçün konkret üzvü maddə, metan olmalıdır. Orada metanın hissəcikləri çox azdır. 
- Yadplanetlilərdən gələn hər hansı bir toz necə Yeri məhv edə bilər?
- Bu vaxta qədər ulduzlardan bizə konkret informasiya gəlməyib. Bu mənada virusun gəlmə ehtimal da “sıfır”dır. Qalaktikamızda ən yaxın ulduz bizdən 3.5 işıq ili məsafəsindədir, ona görə də bu qədər məsafədə ulduzun gəlməsi ehtimalı çox azdır.
- Yadplanetlilərin zaman-zaman Yer kürəsinə gəlməsi, hətta ABŞ prezidentləri ilə görüşmələri kimi iddialar səsləndirilir...
- Bunların heç birinin elmi əsası yoxdur. Bu yalnız Yerdəki insanların düzəltdiyi cihazlardır. Çünki kənardan gələn hər hansı cizmin böyük sürəti olmalıdır. Fizika müəyyən edib ki, işıq sürətindən də böyük sürət yoxdur. Belə olanda onlar hansı sürətlə gələcək və hansı sürətlə Yerə enəcək? Bu deyilənlərin hamısı yüz faiz insanların uydurmasıdır. İnsanları həyəcanlandırmaq üçün uydururlar. Mən 45 ildir müşahidələr aparıram, bu vaxta qədər heç bir anomal hadisə ilə qarşılaşmamışam.
- Madam ki, digər ulduzlarda hər hansı formada həyatın olacağını düşünürsünüz, o zaman nə vaxtsa, planetlərarası əlaqə qurula bilər, yəqin ki...
- Yerdən buraxılmış kosmik raketlər dünyanın iki qütbü istiqamətində hərəkət edib bir milyon ildən sonra hər hansı ulduzun yanından keçəcəklər. Orada Yerdəki Cunqli meşələrindəki kimi əhali olsa, onlar aparatın nə olduğunu hiss etməyəcək. Bizdəki sivilizasiya kimi inkişaf etmiş olsalar, göndərdiyimiz raketləri qeydə alacaqlar. Bu cism isə Yerin varlığı ilə bağlı məlumatlar toplayacaq. Bu da bir milyon ildən sonra həmin ulduzlara çata biləcək.
- Bizdən daha inkişaf etmiş cəmiyyət də ola bilərlər...
- Ola bilər. Lakin oradakı hər şey fizika qanunları çərçivəsində olmalıdır. Çünki kainat vəhdət təşkil edir. Bu vəhdətdə yeganə fizika qanunları fəaliyyətdədir. Anomal hadisələri alimlər sonradan təhlil edib, araşdırırlar. Kainatın sürətlə genişlənməsi, qara maddə kimi iddiaları elm getdikcə təhlil edə bilir. Fizika qanunları çərçivəsindən kənarda olan şeylər isə qəbul edilmir. Çünki hər şey fizika qanunları çərçivəsində olmalıdır. Bundan kənara çıxan heç nəyi izah etmək olmaz. Demək orada nə isə çatışmır. Onu da alimlər öyrənirlər və bu istiqamətdə işləyirlər. Amma işıq sürətindən böyük sürətdə hər hansı vasitənin Yerə gəlməsi yalandır.