DGK-nın keçirdiyi çempionat yekunlaşdı: Nəticələr

Baxış sayı:
6430

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı və gömrük xidmətinin yaradılmasının 27-ci ildönümünə həsr olunmuş futzal üzrə gömrük orqanları arasında ənənəvi çempionatın mayın 9-da final mərhələsi başa çatıb.
Muxalifet.az xəbər verir ki, çempionatın təşkilində əsas məqsəd gömrük orqanlarında çalışan əməkdaşların sağlamlığının və fiziki hazırlığının inkişaf etdirilməsi, kütləviliyin təmin olunmasıdır.
Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən yarışda ümumilikdə iki qrupda 12 komanda dairəvi sistem üzrə mübarizə aparıb. Çempionatın birinci mərhələsi dairəvi, ikinci (dörddəbir) və üçüncü (yarımfinal) mərhələsi isə Olimpiya sistemi əsasında keçirilib.
Final mərhələsində üçüncü yer uğrunda Bakı Baş Gömrük İdarəsinin komandası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin komandası ilə qarşılaşıb. 4:3 hesabı ilə qalib gələn Bakı Baş Gömrük İdarəsinin komandası bürünc medal qazanıb. Həlledici qarşılaşmada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandaları üz-üzə gəliblər. Oyun Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandasının 6:1 hesablı qələbəsi ilə başa çatıb. İkinci pillədə isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin komandası qərarlaşıb.
Çempionatın bağlanış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Regional Fubol Federasiyasının prezidenti İsgəndər Cavadov çıxış ediblər.
Vurğulanıb ki, Azərbaycanda bütün sahələrə, о cümlədən idmanın inkişafına daim diqqət və qayğı göstərilir. Bölgələrdə gənclərin idmana axını, ölkəmizdə mötəbər idman yarışlarının təşkili, bu işlərin geniş vüsət alması dövlətin bu sahəyə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Qeyd olunub ki, bu çempionat gömrükçülərin həm xidməti, həm də idman həyatında əlamətdar hadisədir.
Çempionatda ilk üç yeri tutmuş komandaların üzvləri müvafiq kubok, diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Dördüncü yeri tutmuş komandaya fəxri diplomlar təqdim olunub. Həmçinin turnir zamanı fərqlənənlər müxtəlif nominasiyaları üzrə mükafatlandırılıblar.