Dəfələrlə məhkum olunmuş Ceyhun 21 yaşlı Nigara heroini niyə vermişdi? - CİNAYƏT İŞİ №...

Baxış sayı:
871

Əvvəllər narkotik vasitələrin satışı, oğurluq, soyğunçuluq və digər bu kimi cinayətlər törədərək dəfələrlə dəmir barmaqlıqlar arxasına düşən Ceyhun Qasımov bu səfər yenicə tanış olduğu gənc qızı da arxasınca sürükləyib. Çay evində qıza heroin “bəxşiş” etməsi həm özünə, həm də narkotikə təzə qurşanan 21 yaşlı Nigara baha başa gəlib.

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Bakı şəhər sakini, 42 yaşlı Ceyhun Qasımov və 21 yaşlı Nigar Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, Ceyhun Qasımov istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, daşıyıb və satıb. Ötən il dekabrın 4-də 6,194 qram heroini və 1,880 qram metamfetamini satmaq məqsədilə Yasamal rayonunda yerləşən “Arzum” restoranına yollanıb. Narkotik vasitəni elə oradaca başqa bükümə qablaşdıran C.Qasımov tanışı Nigar Süleymanovaya “bəxşiş” edib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində adları çəkilən şəxslər “Arzum” restoranın qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıblar. C.Qasımava qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb, barəsində Nərimanov rayon məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan, Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunan N.Süleymanova barəsində isə başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

 

Təqsirləndirilən Ceyhun Qasımov ifadəsində narkotik vasitə istifadəçisi olduğunu, heroini və “şüşə”ni adətən “Kubinka” və “Papanin” ərazisində tanımadığı şəxslərdən aldığını deyib. Nigar Süleymanovaya gəlincə isə, onunla həbs olunmamışdan bir ay əvvəl tanış olduqlarını bildirib: “Nigarla aramızda dostluq yaranmışdı. Narkotikdən istifadə etdiyini bilirdim. Bu haqda özü mənə demişdi”.

C.Qasımovun ifadəsinə görə, növbəti dəfə heroin almaq üçün “Papanin”ə yollanıb. Üzdən narkomana oxşayan, 40-45 yaşlarında, saçları ağarmış bir nəfərdən 6 qram heroin, 2 qram metamfetamin alıb. Ertəsi gün Nigarla əlaqə saxlayıb, Yasamalda yerləşən çay evlərinin birində görüşüblər: “Söhbət əsnasında Nigar ağrılarının çox olduğunu, amma narkotik tapa bilmədiyini dedi. Heroinin təxminən bir qramını büküb ona verdim. Mən çay evindən çıxanda Nigar ayaqyolunda idi. Avtomobilə oturmaq istədikdə mülki geyimli şəxslər yaxınlaşıb polis əməkdaşı olduqlarını dedilər. Həmçinin, mütəmadi olaraq heroin və psixotrop maddələrin satışı ilə məşğul olduğumu bildirdilər. Heroini və “şüşə”ni gizlədə bilməyəcəyimi görüb cibimdən çıxarıb polis əməkdaşlarına təqdim etdim”.

Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərib ki, narkotik vasitələrdən istifadə etməsindən ailə üzvlərinin, yaxın qohumlarının, çevrəsindəki yaxın insanların xəbəri olmayıb: “Üstümdən tapılan narkotikin əsas hissəsini özüm istifadə etmək, yerdə qalanını isə satmaq fikrim vardı. Aramızda dostluq münasibəti olduğundan narkotiki Nigara əvəzsiz vermişdim. Nigar mənə narkotik satmaqda köməklik etməyib”.

Təqsirləndirilən Nigar Süleymanova ifadəsində dörd aydır ki, narkotik vasitələrdən istifadə etdiyini deyib: “Narkotik tapmağa çətinlik çəkirdim. Ona görə də, Ceyhuna müraciət etdim. Ağrılarım olduğundan Ceyhun bir neçə dəfə az miqdarda heroin vermişdi. Elə onun öz yanında istifadə etmişdim. Ceyhun mənə narkotiki əvəzsiz olaraq verib, qarşılığında pul almayıb”.

N.Süleymanovanın ifadəsinə görə, ötən il dekabrın 4-də Ceyhunla Yasamalda görüşüblər. Görüş əsnasında yenə də Ceyhundan ona narkotik verməsini xahiş edib: “Təxminən bir qram heroin verdi. Bükümü şalvarımın cibinə qoydum. Ceyhun çay evindən çıxdı, maşının yanında məni gözləyəcəyini dedi. On beş-iyirmi dəqiqədən sonra mən də çay evindən çıxdım. Bu zaman mülki geyimli şəxslər yaxınlaşdılar, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını dedilər. Ceyhundan aldığım narkotiki gizlədə bilməyəcəyimi görüb polislərə təhvil verdim. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışam, Ceyhuna köməklik etməmişəm. Ağrılarım vardı, dost olduğumuz üçün hərdən mənə heroin verirdi, əvəzində pul almırdı”.

Məhkəmə prosesi davam edir.

İnarə Rafiqqızı