"DEYİR Kİ, HÖKUMƏT DƏ, PREZİDENT DƏ BİZİK..." - Nərimanovun icra başçısına qarşı şok ittihamlar

Baxış sayı:
2518

Tükəzban Rəcəbova:“Abdin Fərzəliyev üzə çıxmır”

Firuzə Quliyeva:“Biz iki ildir Abdin Fərzəliyevin qəbuluna düşə bilmirik”

Bakı şəhərində məmurlara bağlı tikinti şirkətlərinin şəhərin mərkəzi, xoşagəlmli yerlərində olan həyət evlərini zorla sökdürüb, əvəzində sakinlərlə razılaşmadan çoxmənzilli binalar tikmələri  barədə dəfələrlə mətbuatda şikayətlər dərc olunsa da, yenə də sakinlərin razılığı olmadan, vətəndaşın xüsusi mülkiyyətini zorla söküb, dağıdanlar var. Nərimanov rayonu, Arif Heydərov küçəsində yaşayan iki sakinin Hurriyyet.org-a şikayəti də elə bu barədədir.

“Hər gün biz gedib icra başçısına müraciət etmişik, icra başçısı bizi oradan qovdurub”

A.Heydərov küçəsi 19, mənzil 1-də yaşayan Tükəzban Rəcəbovanın sözlərinə görə, 3 il bundan əvvəl, “Azneftmaaş” ASC-nin əməkdaşları gəlib, onu zorla sürüyə-sürüyə evindən çıxardıb, küçəyə atıb: “6 sotun içində 9 otaqlı evim var. Deyirlər, o şirkətin rəhbəri Şahmar Vəliyev edir, amma biz onun üzünü görməmişik. Onun nümayəndələri gəlib, güclə məni evimdən çıxartdılar. Mən indi küçələrdə qalmışam. Bu ərazi hansı məmurunsa xoşuna gəlib. Görün, evim nə günə qalıb. Ağacları da kökündən çıxarıb, köklərini də evin içinə doldurublar. Mən 30 ildir burada yaşayıram. Hər gün biz gedib icra başçısına müraciət etmişik, icra başçısı bizi oradan qovdurub, heç içəri buraxdırmır. Kupça mənim adımadı, sənədim ola-ola məni bu ərazidən sürüyüə-sürüyə çıxartdılar. Dedilər, “evini başına uçuracağıq”, traktor gətirdilər ki, “çıx, buranı uçururuq”. Hər axşam işığımı söndürürdülər”.

“Deyir, “hökumət də, prezident də, məmur da bizik, siz kimsiniz, istəsək, sizi əzib atarıq”

Şikayətçi deyib ki, heç bir kompensasiya verməkdən söhbət getmir: “Deyir, yerində nə vaxtsa ev tikib, verəcəyik. Mən heç verdiyindən də narazıyam. Mənim evimi bərpa etsin, qaytarsın, mən başqa şey istəmirəm. Bununla əlaqədar hər yerə, hətta Prezident Aparatına müraciət etmişik, ordan gələn məktubları hamısını cırıb, zibil yeşiyinə atırlar. Deyir, “hökumət də, prezident də, məmur da bizik, siz kimsiniz, istəsək, sizi əzib atarıq”. Nərimanov rayon İcra Hakimiyyətində Rəşid Ağayev var idi, indi Bakı Şəhər İcra hakimiyyətində işləyir. Baxın, vətəndaşı bu vəziyyətə salıb, əksinə onu daha da yuxarı aparıblar. İndi mən o kirayədən, bu krayəyə gedirəm”.

“Gedib Prezident Aparatının qabağında özüm yandıracam”

T. Rəcəbova prezident İlham Əliyev müraciət edib: “Ölkə başçısından xahiş edirəm, Mehriban xanımdan kömək istəyirəm, bu işə bir əncam çəksin. Mən nə vaxta kimi kirayələrdə yaşamalıyam?! Dərnəgüldə bir küçə Rəşid Ağayevin obyektləridir, gözləri doymur. Amma mənim həyatımda bir evim olub, oradan da sürüyüb, məni çıxarıblar. Gedib Prezident Aparatının qabağında özüm yandıracam. Mənə ayrı çarə buraxmadılar. Abdin Fərzəliyev üzə çıxmır. Bizi qəbula buraxmırlar, amma özünə lazım olan adamlar qəbulda olur”.

“Ağayev Rəşid gəldi ki, “bura pilot layihə ilə plana düşür, evdən çıxmalısınız”

Arif Heydərov küçəsi 19, mənzil 2-də yaşayan Firuzə Quliyeva da Nərimanov rayon İcra Hakimiyyətinin rəhbərliyindən şikayət edib: “Mən bu evi 1964-cü ildə icra başçısının sərəncamı ilə tikdim. Neçə illər bura zəhmət çəkdik. Ərim şəkər xəstəsi idi. Bu evi qurduq ki, yaşlananda rahat oturaq. 2017-ci ildə Nərimanov rayon İcra Hakimiyyətinin təsərrüfat müdiri Ağayev Rəşid gəldi ki, “bura pilot layihə ilə plana düşür, evdən çıxmalısınız”. Onun dəstə üzvləri də var idi. Hər gün 6-7 nəfərlə qaranlıq düşəndə gəlirdilər. Bizə bir layihə göstərirdilər ki, burada bina tikəcəklər. Amma biz o şirkətin heç bir nümayəndəsini görmədik. Bircə Rüfət müəllim gəlirdi. O, tikintiyə baxan adam idi. O da sakit gəlirdi, gedirdi. Rəşid müəllim və başında gələnlər axşamlar qonşuları gəzirdilər. Biz 6 qonşu idik, bir də gördük, qonşular getdilər, bizim də xəbərimiz olmadı. Biz iki qonşu qalmışıq. Günün birində bizə də gəldilər, dedilər ki, “çıxmalısınız”. Biz dedik ki, çıxmırıq. Biz niyə çıxmalıyıq?! Bizim şəxsi mülkümüzdür. Neçə illərdir burada yaşayırıq”.

“Bizi zor gücü ilə evimizdən çıxartdılar”

Şikayətçinin sözlərinə görə, evdən çıxmayandan sonra hər iki qonşunu Nərimanov rayon icra başçsı Abdin Fərzəliyevin adından məhkəməyə veriblər: “Hakim Ramil Quliyev idi. Yazıblar ki, guya, bizim evlər qəzalıdır. Məhkəmə olub qurtarandan sonra, hakim icra başçısının da hüquqşünasını götürüb məhləyə gəldilər. Hakim dedi, “göstərin, görüm bu evlərin harası qəzalıdır. Təzə evlərdir”. Dedi, bir şey görmürəm, vətəndaşları incitməyin”. İndi deyir, guya,  həmin hakimi çıxarıblar. Dedi, “vətəndaşlarla razılaşın”.  Ancaq 2-3 gündən sonra hökm çıxdı ki, biz çıxmalıyıq, hakim qərar çıxarıb. Deməli, qərarda yazılır ki, biz tikintini gecikdiririk. Biz 10 gün ərzində çıxmasaq, 10 min cərimə verməliyik. Tükəzban xanıma deyiblər guya, mən qol çəkmişəm, amma mənim heç bir şeydən xəbərim yox idi. Bu xanımı da qorxudublar, qol çəkdiriblər. Sabahı günü onların vəkili gəlib ki, “gedək, notariusa qol çək”. Deyirəm ki, Tükəzban xanımı çağırım, mən tək getməyəcəm. Dedi, “o, dünəndən qol çəkib”. Deməli, bunu belə qorxudblar, məni də belə. Mən də 10 mini haradan alım. Bizi zor gücü ilə evimizdən çıxartdılar”.

“Prezidentdən xahiş edirəm, mənə kömək etsin, evimi bərpa etsin, qaytarsın”

F. Quliyeva qeyd edib ki, onun 2 dənə 3 otaqlı evinin yerinə, kvadratı  1000 manatdan hesablayıb, ona Zabratdan bir həyət evi alıb, veriblər: “İki dənə 3 otaq Nərimanovda 150 mindir? Mən bunlara başa sala bilmirəm ki, siz məni aldatmısınız. Montində 2 dənə 3 otaq 150 min deyil, axı. Deyir, “hara istəyirsən şikayət et”. Prezidentə, Mehriban xanıma, Ədliyyə Nazirliyinə, Korrupsiya İdarəsinə də şikayət yazmışam. Hamısının cavabı icra hakimiyyətinə gəlir, onlar da heç bir şeyə baxmırlar. İki ildir ki, mən qapıları sürünürəm. Biz iki ildir Abdin Fərzəliyevin qəbuluna düşə bilmirik. Mən ölkə başına müraciət edirəm, artıq boğaza yığılmışam. Prezidentdən xahiş edirəm, mənə kömək etsin, evimi bərpa etsin, qaytarsın”.

Şamo EMİN, Huriyyet.org