​DEPUTATLIĞA NAMİZƏDLƏRƏ QARŞI ZORAKILIQ PİSLƏNİLDİ - "Dinc etirazçılara güc tətbiq edilməsi qanunvericiliyin kobud şəkildə pozulmasıdır"

Baxış sayı:
3511

Siyasi Məhbusların Monitorinq Mərkəzi (SMMM) bəyanatla çıxış edərək fevralın 11-də MSK-nın qarşısında parlament seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq keçirilmiş dinc etiraz aksiyasının amansızcasına dağıdılmasını qəti şəkildə pisləyib.
“Aksiya dinc xarakter daşıyırdı. Lakin saat 21:00-a yaxın heç bir səbəb olmadan çevik polis alayının qüvvələri MSK-nın binası qarşısında oturaq etiraz aksiyası keçirənlərə hücum ediblər. 10-dan çox adam, o cümlədən jurnalistlər amansızcasına döyülərək xəsarət alıb. 30-a yaxın adam zorla avtobusa mindirilib və gecə yarısına yaxın şəhər kənarında sərbəst buraxılıb”, - SMMM-in rəhbəri Elşən Həsənov bildirib.
Onun sözlərinə görə, dinc etiraz aksiyası iştirakçılarına, o cümlədən qadınlara qarşı əsassız olaraq həddən artıq güc tətbiq edilməsi Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə ziddir.
Dinc nümayişçilərə qarşı bu cür aqressiv hərəkətlər demokratik dövlətdə qəbuledilməzdir, bəyanatda deyilir.
Təşkilat hesab edir ki, polisin dinc nümayişçilərə qarşı sərt hərəkətləri 2019-cu ilin iyununda Vilayət Eyvazovın DİN rəhbəri postuna təyin olunmasından sonra daha da artıb.
Siyasi Məhbusların Monitorinqi Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş “vicdan məhbus”u tərəfindən yaradılıb.