DEPUTATLARIN MAAŞ DAVASI - Və yaxud Qüdrət Həsənquliyevə 2598 manat azlıq edir?

Baxış sayı:
3799

BAXCP sədri orta aylıq əmək haqqının 542 manat, orta aylıq pensiya məbləğinin isə 230 manat olduğu bir məmləkətdə 8000 manat maaş tələb edir
Millət vəkili adına iddia edən hər bir deputat "Qoy mən tox olum, özgələr ilə nədi karim, Dünyavü cahan ac olur-olsun, nə işim var?!" devizini bir kənara qoymalıdır

Ötən sayımızda bildirdiyimiz kimi, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev parlamentdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı Milli Məclis üzvlərinin maaşının artırılmasını təklif edib. Belə ki, ölkə başçısının 1 may 2017-ci il tarixdə yol hərəkəti qaydalarına görə, Vergilər Nazirliyi tərəfindən təyin olunan cərimələrin, o cümlədən dövlət rüsumu haqqında qanuna uyğun olaraq toplanan rüsumların 25 faizinin 5 faizinin Prezident Administrasiyasının əməkdaşlarının əmək haqlarına əlavə edilməsi ilə bağlı fərman imzaladığını xatırladan BAXCP sədri qeyd edib ki, heç olmasa, parlamentə buradan 3 faiz ayrılsın: "Düşünürəm ki, bu yaxınlarda Nazirlər Kabineti ilə bağlı da belə qərar qəbul olunacaq. Cərimələrin 2 faizi onların əmək haqlarına yönəldiləcək. Milli Məclisə də heç olmasa, buradan 3 faiz ayrılsın. Ya da cərimələr üzrə əlavələrin verilməsi qaydası tamamilə ləğv olunsun. Vahid əmək haqqı ilə bağlı tarif müəyyən olunsun. Prezident hər dəfə əmək haqqının artırılması ilə bağlı sərəncam imzaladıqda bu, hamıya şamil olunsun".
Nəzərinizə çatdıraq ki, bu yaxınlarda, daha dəqiq desək, may ayının 1-də "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna dəyişiklik edilməklə parlament üzvlərinin maaşı artırılıb. Belə ki, sözügedən qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə edilən dəyişikliyə əsasən, Milli Məclis sədrinin maaşı 2475 manat, sədrin I müavininin maaşı 2227 manat, Milli Məclis sədrinin müavininin maaşı 2103 manat, Milli Məclisin komitə sədrinin maaşı 1980 manat, komitə sədrinin müavininin maaşı 1856 maant, sıravi deputatınkı isə 1732 manat olub. Bundan başqa, parlament sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar. Bu məbləğ də nəzərə alınarsa, o zaman spiker 3712 manat 50 qəpik, sədrin I müavini 3340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2970 manat, komitə sədrinin müavini 2784 manat, sıravi deputat isə 2598 manat əmək haqqı alır.
Bu arada, onu da qeyd etmək lazımdır ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna dəyişiklik edildikdən sonra əmək haqqı artan Qüdrət Həsənquliyev parlamentin may ayında keçirilən iclasında da maaş azlığından gileylənib. Belə ki, edilən artımın yetərli olmadığını bildirən BAXCP sədri region ölkələrindən əmək haqqına görə geri qaldığımızı vurğulayıb: "Bu artım yetərli deyil. Ona görə ki, ölkədə devalvasiya baş verib, əmək haqqı vətəndaşların ləyaqətli həyatını təmin etməlidir. Dövlət qulluqçuları, ali hakimiyyət orqanlarının təmsilçiləri başqa qazanc və gəlirlər barədə düşünməməlidirlər. Əməkhaqqı ilə öz ailələrini layiqincə təmin etməlidirlər. Region ölkələrindən əməkhaqqına görə geri qalırıq". Azərbaycanda bəzi qonşu dövlətlərə nisbətən əmək haqlarının bir neçə dəfə aşağı olduğunu etiraf edən deputatın sözlərinə görə, Prezident Administrasiyasının şöbə müdirinin əmək haqqı spikerin maaşından çoxdur: "Prezident Administrasiyasının işçilərinin nə qədər maaş aldıqlarını bilmirəm, bu barədə məlumat verilsəydi, yaxşı olardı. Bizə verilən məlumata görə, hətta orada şöbə müdirinin əməkhaqqı Milli Məclisin rəhbərliyinin əmək haqqından yüksəkdir. Düşünürəm ki, spiker 10 min, deputat isə 8 min manat maaş almalıdır".
Baxın, bu da müxalifət adına iddia edən partiya sədri və millət vəkili. Adam orta aylıq əmək haqqının 542 manat, orta aylıq pensiya məbləğinin isə 230 manat olduğu, əhalinin böyük əksəriyyətinin 500-600 manat civarında maaş aldığı və buna rəğmən, dükan və bazarlarda qiymətlərin az qala hər gün artdığı bir məmləkətdə özünün əmək haqqının 8 min manat olmasını tələb edir. Gördüyünüz kimi, BAXCP sədri mövqeyini ölkədə devalvasiyanın baş verməsi ilə izah edir. Sanki devalvasiya ancaq ona təsir göstərib. Onun sözlərindən adamda elə təsəvvür yaranır ki, müəllimlər, həkimlər, hərbçilər və büdcədən maliyyələşən digər qurumların çalışanları yağ-bal içində yaşayır.
Qeyd edək ki, elə bu səbəbdən də Milli Məclisdə əyləşənlərin bir çoxuna millət vəkili deyil, məhz deputat, parlament üzvü deyə müraciət etmək daha məqsədə uyğundur. Çünki "millət vəkili" termini çox dərin və olduqca məsuliyyətli anlayışdır. Odur ki, onu hər adama şamil etmək olmaz. Millət vəkili olmaq üçün şərt deyil ki, parlamentdə təmsil olunasan. Millətin, xalqın, sadə vətəndaşların dərd-sərini, onları narahat edən problemləri qabardan, imkanı daxilində həmin problemin həllinə nail olmağa çalışan hər bir şəxs əslində elə bu millətin vəkilidir. Bunun üçün xüsusi imtiyaza, səlahiyyətə, mandata-filana ehtiyac yoxdur. Sadəcə olaraq hər kəs öz peşəsinə canla-başla yanaşsa, vəzifəsini layiqincə icra etsə, o zaman həm millətinə, həm də dövlətinə böyük faydası toxuna bilər.
Bu gün parlamentdə rahat kreslolarda əyləşənlərin bir qismi, daha dəqiq desək, BAXCP sədri kimi ancaq öz maaşlarının davasını edənlər isə hələ də bunun fərqinə varmayıb. Onlar elə zənn edirlər ki, işləri yalnız hər hansı qanun layihəsilə bağlı qaldırılan məsələyə münasibət bildirmək və ara-sıra mətbuat qarşısına çıxıb bir-iki kəlmə açıqlama verməkdir. Halbuki özünə millət vəkili deyən hər kəs sözün həqiqi mənasında millətin vəkili olmalı, ona canla-başla xidmət etməli, seçicilərilə mütəmadi görüşlər keçirməli, devalvasiyanın bütün əhaliyə təsir etdiyini bəyan edib hökumətdən yalnız özlərinin deyil, büdcədən maliyyələşən hər bir vətəndaşın maaşının artırılmasını tələb etməlidir. Bir sözlə, hər bir deputat "Qoy mən tox olum, özgələr ilə nədi karim, Dünyavü cahan ac olur olsun, nə işim var?!" devizini bir kənara qoyub hər bir vətəndaşın dərdinə yanmalı, onların problemlərini parlamentdə qaldırmalıdır. Yalnız bu halda deputat millətin vəkili ola bilər. /Hurriyyet.org/