Deputatlar sosial şəbəkələrə nəzarəti sərtləşdirməyin vacibliyini xatırladıblar

Baxış sayı:
3223

Oktyabrın 1-də parlamentin payız sessiyasının ilk iclasında İnternetdə sosial şəbəkələr üzərində nəzarətin tətbiqinə dair çağırışlar yenidən səslənib.
"Azərbaycanda sosial şəbəkə istifadəçilərinin fəaliyyəti qanunla tənzimlənməlidir", - deputat Hikmət Məmmədov bildirib. Onun sözlərinə görə, sosial şəbəkədən geniş istifadə olunur və bu baxımdan da bu sahənin qanunla tənzimlənməsi zəruridir. İnformasiya təhlükəsizliyi diqqət mərkəzində saxlanılmalıdır.
Öz növbəsində deputat Zahid Oruc sosial şəbəkələrdə Azərbaycan qarşı fəaliyyət göstərənlərə cavab verməyə çağırıb.
Onun sözlərinə görə, informasiya vasitələri sırasında televiziya və radio öz yerini sosial mediaya, əsasən də "Youtube" video portalına verir: "Hazırda "Youtube"u izləyənlərin sayı 1 milyardı keçir. 21-ci əsrin dövləti öz mənafeyini tamam ayrı mexanizmlər üzərindən qorumalıdır. Hesab edirəm ki, Azərbaycan dövlətinin bütün strukturları sosial media hesabları yaratmalıdır, sosial media üzərindən öz təbliğatını aparmalıdır", - Z.Oruc qeyd edib.
Deputat həmçinin terrorla bağlı qanunvericiliyə yenidən baxmağı təklif edib: "Haradasa əyləşib Azərbaycan əleyhinə sosial şəbəkə vasitəsilə zəhər axıdan adamlar varsa, onların fəaliyyəti terror əməli kimi tövsif edilməlidir"
Mətbuat Şurasının sədri deputat Əflatun Amaşov isə informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiya və ya qanun layihələri hazırlanmalı olduğunu düşünür. Onun fikrincə, İnternet medianın hüquqi əsasları qanunla tənzimlənməlidir:
"Bu, həm onların fəaliyyəti, həm də onlayn medianın maliyyələşdirilməsinə yardım edə bilər" deyə o bildirib.
Qeyd edək ki, artıq bir neçə ildir ki, deputatlar və dövlət məmurları vaxtaşırı olaraq sosial şəbəkələr və ümumilikdə İnternet üzərində nəzarətin sərtləşdirilməsi məsələsini qaldırırlar. Onların çıxışlarında əsas məqam, sadəcə, hakimiyyəti tənqid edənləri müəyyən etmək deyil, onlar hətta xaricdə olsalar da İnternetə giriş imkanlarını qapatmaqdır.