Deputatlar “Ovçular evi” ərazisindəki qalmaqaldan danışdılar

 “Orada evlər millət vəkillər üçün yox, Milli Məclisin işçiləri üçün tikilirdi”
“Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhər İcra Hakimiyyəti Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində mədəniyyət və istirahət parkı salacaq. Həmin ərazidə heç bir tikinti işləri aparılmayacaq". Bunu Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib. O, parkın yaya qədər istifadəyə verilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə ərazidə yaşayış binasının tikintisi dayandırılıb. Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir.
Xatırladaq ki, bir müddət öncə həmin ərazidə “Ovçular evi”nin sökülməsi, ağacların qırılması və yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi xəbəri cəmiyyətdə ciddi narazılıqlara səbəb olmuşdu. KİV-də yer alan xəbərlərə görə, orada Milli Məclisin üzvləri üçün yaşayış binası tikiləcəkmiş.
Lakin prezidentin göstərişi ilə binanın tikintisi dayandırıldı. Tikinti yerindəki məlumat lövhəsinə görə, orada “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq ərazidə 54 ağacı qanunsuz olaraq ağır texnika ilə məhv edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raquf Mirzəyev mətbuata açıqlamasında bildirib ki, orada yaşıllıqların məhv edilməsi ilə bağlı nazirliyin “qaynar xətti”nə məlumat daxil olub. Nazirliyin əməkdaşları əraziyə baxış keçirib və müəyyən edilib ki, 27 ədəd müxtəlif növ ağaca bioloji ziyan yetirilib, 12-44 sm diametrli müxtəlif ölçülü, içərisində şam, tut, yapon əzgili və s. olan 52 ədəd ağac məhv edilib.
“Yeni Müsavat” olaraq bu məsələni Milli Məclisin deputatları ilə müzakirə etməyə çalışdıq.

Deputat Fazil Mustafa orada Milli Məclisin üzvlərinə ev tikilməsi ilə bağlı məlumatın həqiqəti əks etdirmədiyini bildirdi və dövlət başçısının qərarını dəstəklədiyini ifadə etdi: “Mən bildiyim qədər o evlər deputatlar üçün yox, Milli Məclisin işçiləri üçün nəzərdə tutulmuşdu. Çünki bildiyim qədər deputatlar üçün ayrıca mənzil tikintisi nəzərdə tutulmayıb. Ancaq belə bir məsələ prezident tərəfindən haqlı narazılıqla qarşılandı. Çünki belə vəhşi üsullarla yaşıllığın məhv edilməsi yolverilməzdir. Buranın park olmasına da mən normal yanaşıram. Təbii ki, burada mənzil tikmək istəyən sahibkarın da zərəri müəyyən dərəcədə kompensasiya edilməlidir. Hesab edirəm ki, buranın parka çevrilməsi ən məqbul çıxış yoludur. Bakının yaşıllığa çox böyük ehtiyacı var. Bu şəkildə yaşıllıqları da qorumaq mümkündür”.

Deputat Fərəc Quliyev də bu qərarı müsbət qiymətləndirdi: “Milli Məclisin deputatları üçün ev tikilməsi söhbəti yoxdur. Orada bir bina və başqa bir obyekt tikilməli idi. Ona görə də ağacları kəsmişdilər və tikinti aparılacaqdı. Mən bir müddət əvvəl də Milli Məclisdə məsələ qaldırmışdım. Yasamal rayonu ərazisində əvvəl də 40-a yaxın ağac kəsilmişdi, ATV-də bununla bağlı veriliş yayımlanmışdı. Mən də bununla bağlı Milli Məclisdə məsələ qaldırmışdım, etiraz etmişdim. İndi də belə bir hadisə baş verib və prezident haqlı olaraq o tikintini dayandırıb, onun yerində parkın salınması ilə bağlı qərar verib. Kim bina tikmək istəyirsə, mikrorayon salmaq istəyirsə, bunu şəhərin kənarında etsin. Bizim böyük ”İpək yolu" layihəmiz var. O yol boyu şəhərlər, qəsəbələr salsınlar. Qoy insanlar da bu infrastrukturdan istifadə etsin. Bakıda harada bir boş yer görürlərsə, uşaq istirahət meydançası yaratmaq əvəzinə, uşaq bağçası , park tikmək əvəzinə bina tikirlər. Bu doğru olmayan bir addım idi. Cənab prezidentin reaksiyası alqışlanmalıdır. Mən hesab edirəm ki, bu məsələlərə çox ciddi baxılmalıdır. Ancaq məlum olan bir məsələ odur ki, orada deputatlar üçün ev tikilmirdi".