Deputatın biznesmen kürəkəni məcburi köçkünə hədə-qorxu gəlir – BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT: “Abbas Səfərov məni həbs etdirmək istəyir”

Baxış sayı:
11593

Zəngilan rayonundan məcburi köçkün olan, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 27, mənzil 38-də kirayədə yaşayan Sadıqova Zərqələm Məhəmməd qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident  Meriban Əliyevaya müraciət edən şikayətçi yazır:
“Hörmətli Mehriban xanım!

11.04.2019-cu il tarixdə mətbuat vasitəsilə  Sizə etdiyim müraciətdən sonra Milli Məclisin deputatı Eldar Quliyevin kürəkəni, “Eleqant”MMC, “Kapitol” MTK və “Kapitol” firmasının sahibi Abbas Səfərovun ailə üzvlərimizə qarşı qanunazidd əməllərinə və məcburi köçkün olan ailə üzvlərimizin  pozulan hüquqlarına son veriləcəyinə ümid etdiyimiz halda, əksinə, bu arxalı biznesmen, məni susdurmaq üçün hədə-qorxu gəlməyi, məhkəmədən mənim  AR.CM-nin 147.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilməyimə dair xüsusi ittiham qaydasında iddia qaldırmışdır.
Lakin Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun  sədrliyi ilə 12.06.2019-cu il tarixli, 1(005)-239/2019 saylı qərarla Səfərov Abbas Tofiq oğlunun şikayətinə məhkəmə iclasında baxılmış və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi üçün məcburi köçkün Sadıqova Zərqələm Məhəmməd qızının AR.CM-nin 147.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair A.Səfərovun xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Lakin Abbas Səfərov Nərimanov rayon Məhkəməsinin12.06.2019-cu il tarixli, 1(005)-239/2019 saylı qərarından apellyasiya şikayəti vermişdir.
2009-cu ildə ailə üzvlərimizi yaşayış hüququndan məhrum edən oğul Abbasın əməllərinin  güdazına çevrilərək, AR.CM-nin 306.2-ci maddəsilə  məhkum olunmuş 75 yaşlı anası  Məhluqə Qibləliyevanın  və “Kapitol” firmasının barəsində  Bakı Apellyasiya Məhkəməsində  2012- 2016-cı illərdə  dəfələrlə  tam ədalətsiz  və  hüquqlarımızın pozulması ilə nəticələnmiş qərarların  çıxarılmasına  A.Səfərovun necə nail  olduğunu nəzərə alsaq, Bakı Apellyasiya Məhkəməsində Abbas Səfərovun necə söz sahibi olduğunu yaxşı bilirik.
Onu da qeyd edim ki,  Abbas Səfərovun hər sifarişi hakimlər tərəfindən  icra olunmur. Çünki  hakimlər içərisində də çox sayda vicdanlı, ləyaqətli insanlar var və biz şəxsən onların şahidi olmuşuq. 
Hörmətli Mehriban xanım!
Abbas Səfərovun Nərimanov rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli, 1(005)-239/2019 saylı ədalətli qərarından verdiyi  apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin CK-nın hakimi Vaqif Mursaqulovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasında da ədalətli qərar çıxarılacağına inanırıq.
Azərbaycan Respublikası Prezidentinin Məhkəmə-hüquq  sistemində islahatların dərinləşdirilməsi haqqında 03 aprel 2019-cu il tarixli Fərmanı, Məhkəmə-hüquq  sistemində  ciddi və ədalətli  irəliləyişə  səbəb olduğuna  şahidik . Bu müsbət  dəyişikliklərin Ədliyyə Nazirliyində , Polis  və Prokurorluq Orqanlarında da tətbiq olunmasını  arzu edirik”.

Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.