Deputatı həbsxanada öldürən, “Quli” yə qarşı çıxan “qanuni oğru” haqda ŞOK İDDİA

Baxış sayı:
15577

2013-cü ildə “bir neçə günə öləcək” rəyi ilə azadlığa buraxılan çeçen Əziz Batukayevlə bağlı Qırğızıstanda şok olaylar baş verməkdədir... 2013-cü ilin martın azadlığa buraxılan kriminal avtoritet Əziz Batukayevlə bağlı Qırğızıstanda şok olaylar baş verməkdədir. Qırğızıstan mətbuatı bildirir ki, bu ölkənin baş prokurorluğu Əziz Batukayevin vaxtından əvvəl azadlığa buraxılması üçün tibbi sənədlər verən bir neçə nəfər onkoloq həkim barəsində həbs-qətimkan tədbiri seçib. Məsələ ondadır ki, 2013-cü ildə “bir neçə günə öləcək” rəyi ilə azadlığa buraxılan çeçen “qanuni oğru” hələ də sağdır. Üstəlik, Rusiya kriminal aləmində özünə yağlı “pay” qoparmaq iddiasındadır. Yada salaq ki, ötən ilin sonunda Batukayevin azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla(“/Lotu Quli”) problemi yaranması barədə xəbərlər vardı. Bildirilirdi ki, Rusiya xüsusi xidmət orqanları Moskvada “Quli” və çeçen avtoritet arasında təsir sahələrinin yenidən bölüşdürülməsinin qarşısını alıblar. Qarşıdurma Moskvanın üç bazarı üstündə yaranıb. Belə ki, çeçen kriminal dəstəsi bir neçə bazarda “Quli”nin adamlarına “ilişiblər”. Rusiya mətbuatı iddia edirdi ki, baş verənlər barədə Əzizin izahatını gözləməyən “Quli” özü ona zəng vurub. Çeçen avtoritet kobud tərzdə obyektlərin ona çatdığını bildirib. “Quli” cavabında söz verib ki, bunun mütləq qarşılığı olacaq. Bundan sonra tərəflərin hansı razılaşmaya gəldikləri haqda bilgi olmayıb. Bəs, Qırğızıstanı qarışdıran “Batukayev işi”nin mahiyyəti nədir, Əziz kimdir? 1993-cü ildə Moskvada “qanuni oğru” adı alan Əzizin tacı ilə bağlı cinayət aləmində hələ də birmənalı rəy yoxdur. Məhz bu səbəbdən onu bəzi hallarda “vor vne zakona” da adlandırıblar. Onun haqqında “Çuy Al Kaponesi”, “Mərkəzi Asiyanın smotryayuşisi” kimi epitetlər də işlənib. Əziz Batukayev 1966-cı il, aprelin 30-da Qırğızıstanın Tokmak Çuy vilayətində doğulub. 1990-cı ildə rəhbərlik etdiyi klan əsasən narkoticarət, reket və sifarişli qətllər həyata keçirib. Çuy vilayətinin cənubuna tam nəzarət edən Əzizin özünü İssık-Kulun ağası sayan Rıspek Akmatbayevlə konflikti yaranıb və bu, onların ikisinin də taleyini dəyişən qatı düşmənçiliyə çevrilib. Əzizin böyük qardaşı, klanın əsas üzvlərindən olan Alaudin 2002-ci ildə Tokmak qənd zavodunda güllələnir. Dəfn mərasimində Əzizin özünü də öldürmək istəyirlər, onun “Mercedes”i güllələrdən deşik-deşik olsa da, özü salamat qala bilər, amma iki yaxın qohumunu itirir. 2003-cü ilin noyabrında onun yeznəsi Xavadji Zaurbekov da bu amansız düşmənçiliyin qurbanı olur. Rıspek də bu müharibədə çox yaxın adamlarını itirir. Onun gənc yaxın qohumu gecə barından çıxarkən öldürülür. Sonra onun maşını əvvəl qumbaraatanla atəşə tutulur. O, daha bir sui-qəsddə yaralansa da aradan çıxa bilir. Nəhayət, qana-qan günü də yetişir və bu hadisə bütün dünyanın diqqətini Əzizə yönəldir. Hələ də bir çox sirləri açılmayan həmin hadisənin təfərrüatlarını oxuculara təqdim edirik. 2005-ci il, oktyabr ayının 15-də Qırğızıstanın paytaxtı Bişkekdən 2 kilometr aralıda yerləşən Moldavanovkadakı həbsxanada qiyam baş verir. Dustaqlar həbsxana rəisinin məhbuslarla qəddar davranışına etiraz olaraq bunt edirlər. Bu hadisə ölkədə ciddi rezonans doğurur və bəzi həbsxana rəisləri işdən qovulur. Ölkə parlamentində müdafiə və hüquq-mühafizə orqanları ilə iş üzrə komitəyə rəhbərlik edən deputat, Əzizin qan düşməni Rısbekin qardaşı Tınıçbek Akmatbayev oktyabrın 19-da qiyamdan sonrakı vəziyyətlə bağlı parlamentdə məruzə etmək üçün şəxsi mühafizəsi, köməkçiləri, prokurorluq əməkdaşı ilə 31 saylı həbsxanaya gedir. Onu Penitensiar Xidmətin rəisi müşayiət edir. Oktyabrın 19-da səhər deputat və onu müşayiət edən 5 nəfərlə 31 saylı kolona gedirlər. Deputatın yanında olanlar və mühafizəçisi qanunlara zidd olaraq “zon”a silahla girir. Məlumata görə, deputat burada dustaqlarla sərt dildə danışır. Onlar kolonun çıxış qapısına gələrkən dustaqlarla dava düşür. Silahlı qarşıdurmada deputat və onun yanındakılar öldürülür, həbsxana rəisi isə ağır yaralanır. Həbsxanada yenidən bunt qalxır. Xüsusi təyinatlılar həyəcan siqnalı ilə ayağa qaldırılsa da hücum olmur. Ölkənin o zamankı baş naziri Feliks Kulov şəxsən həbsxanaya gedir və ölənlərin meyitinin verilməsi üçün 2 saatadək danışıqlar aparır. Nəhayət, 3 nəfərin meyiti və yaralı rəis təhvil verilir. Qırğızıstan prezidentinin göstərişi ilə bu hadisə ilə bağlı araşdırma başlayır. Rısbek Akmatbayevin ciddi səylərinə baxmayaraq qardaşını kolonda məhz Əzizin öldürdüyünü sübuta yetirmək mümkün olmur. Deputatın ölümünü həmin kolonda cəza çəkən “İyirmilik” ləqəbli çeçen - Rustam Abdulin öz üzərinə götürür. Məhkəmə baş verənlərdə Əziz Batukayevi günahlandıraraq ona 16 il 8 ay 15 gün həbs cəzası verir. 2006-cı il, mayın 10-da Bişkekdəki məsciddən çıxanda Rısbek Akmatbayev də atəşə tutulur və bu dəfə əcəlin əlindən qurtula bilmir. Məlumatlar var ki, onun öldürülməsi təkcə Əzizin deyil, siyasi hakimiyyətin də marağında olub. Əzizin həbsxana həyatı barədə də əfsanələr danışılır. Deyilənə görə, həbsxananın iki mərtəbəsində 16 otaqda yerləşən Əziz orada xanımı ilə birgə yaşayıb. Otaqlarda İçkeriyanın bayrağı və Aslan Məshədovla Şamil Basayevin portretləri asılıbmış. Batkuyevin mədəsində yara olduğu üçün həbsxananın həyətində üç inək və 15 keçi saxlayırlarmış ki, onun südü ilə özünü müalicə etsin. O, həbsxanada həm təhlükəsizliyi, həm də əyləncə üçün döyüş itləri saxlayırmış. Koloniyanın mühafizəsinə etibar etməyən Əzizin yanında “Kalaşnikov” avtomatı ilə gəzən mühafizəçilər olub. Onun o zaman azadlığa buraxılması üçün xüsusilə Çeçenistan prezidenti Ramzan Kadırovun ciddi iş gördüyü deyilir. Hələ o zaman qırğız mətbuat yazır ki, hakimiyyətin Əzizi xəstə adı ilə (onun leykoz və serrozdan əziyyət çəkdiyi deyilirdi) buraxılması sadəcə gülməli bəhanədir. Batukayevin hazırda harada olduğu bilinmir./musavat.com/