Deputatı ailəsi ilə birlikdə yox edən “Qanuni oğru” həbs olundu - XÜSUSİ ƏMƏLİYYAT

Baxış sayı:
9283

Nüfuzlu slavyan "qanuni oğru"larından hesab edilən 54 yaşlı Oleq Şişkanov Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, avtoritet ötən gecə Moskva vilayətinin Ramensk rayonun Popovka kəndində - özünəməxsus evdə saxlanılıb.

Kriminal aləmdə "Şişkan" ləqəbi ilə məşhur olan O.Şişkanov sonuncu dəfə hüquq-mühafizə orqanları tərəfindən 23 il öncə həbs edilib. O, cəmisi bircə dəfə türmə həyatı yaşayıb. 1980-cı illərdə qəsdən adam öldürdüyünə görə 10 il azadlıqdan məhrum edilən O.Şişkanova qanuni oğru titulu 1992-ci ildə verilib.

Rusiya hüquq-mühafizə orqanları "Şişkan"ı Ramensk rayon deputatı Tatyana Sidorova və onun ailəsinin 3 üzvünün sifarişli qətlində ittiham edirlər. Yeddi il əvvəl - 21 fevral 2012-ci ildə T.Sidorova Ramensk rayonunda keçirilən vacib müşavirəyə qatılmayıb. Rayon administrasiyası tərəfindən onun yaşadığı Malaxovo kəndinə sürücü göndərilib. T.Sidorovanın evində sürücünün üzünə qapı açan olmayıb. Həyətdəki qan izlərini görən sürücü dərhal bu barədə polisə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən qapı sındırılıb. Həyətdə olduğu kimi mənzildə də qan izləri aşkarlanıb. Evdəki əşyalar ətrafa səpələnib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 126-cı (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Deputat Sidorovanın və ailə üzvlərinin cəsədi bu günə kimi də tapılmayıb. O vaxt 52 yaşlı Tatyana Sidorova ilə yanaşı onun 73 yaşlı əri Vladimir də yoxa çıxıb. Həmçinin, deputatın 64 yaşlı bacısı və 28 yaşlı oğlu müəmmalı şəkildə yoxa çıxıb. Deputatın qətlini onun kommersiya fəaliyyəti ilə bağlayanlar olsa da, bəzi mənbələrdə Sidorovanın külli miqdarda borcu olduğu da bildirilirdi.

 

"Yoxa çıxan" deputat "Şişkan"ın  işgüzar tərəfdaşı olub. O, 90-cı illərin sonlarından etibarən Ramensk rayonundakı sovxozlardan birinə rəhbərlik edib. Həmin ərəfələrdə Şişkanovla tanış olub. Şişkanov ona sovxoz direktoru vəzifəsinə yüksəlməyə köməklik edib. Onun rəhbərliyi altında "Ramensk Plemzavod" kənd təsərrüfatı müəssisəsi yaradılıb. Sovxozun 200-dən çox keçmiş əməkdaşı və payçılar Sidorovanın mühakimə olunmağına cəhd göstərsələr də nəticəsi olmayıb.

"Bütün bu aktivlər əslində "Şişkan"ın nəzarətində olub. Çünki o, Tatyanın gizli şəriki idi"- vəziyyətə yaxından tanış mənbə belə deyir.

Uzun illərin əməkdaşlığına baxmayaraq "Şişkan"la deputat arasında anlaşımazlıq yaranıb. Tərəflər arasındakı bu anlaşılmazlıq və münaqişəyə gətirib çıxarıb. Müstəntiqlər belə hesab edirlər ki, "Şişkan" öz ortağı ilə hesablaşmaq qərarına gəlib. Cinayət hadisəsi isə 21 fevral 2012-ci ildə baş tutub.