​Deputatdan idman zalı işlədənlərə XƏBƏRDARLIQ: “Sağlamlıq kağızı” tələb olunmalıdır

Baxış sayı:
1425

Qanunvericiliyinə əsasən, idman klubu təlim-məşq, yarış, bədən tərbiyəsi və sağlamlıq fəaliyyətini həyata keçirən təşkilatdır.
Hazırda Bakıda fəaliyyət göstərən idman obyektlərindən ən çox müraciət edilənləri məhz trenajor zalları və fitness klublardır. Müraciət edən şəxslərə müxtəlif keyfiyyətdə və qiymətdə xidmət təklif edən adıçəkilən idman klubları əzələləri möhkəmlədərək bədən quruluşunu formaya salmaqla yanaşı, həm də stress atmaq üçün məsləhətlidir.
Lakin belə idman klublarının əksəriyyəti özəl müəssisədir və onlar müraciət edən şəxslərdən sağlamlıq haqqında tibbi arayış tələb etmirlər. Arayış tələb olunan müəssisələr arasında isə yalnız “Sərhədçi” İdman Olimpiya Mərkəzi və Bakı Su İdman Sarayı kimi böyük idman kompleklərinin adı çəkilir. Mütəxəssislər isə qeyd edirlər ki, fiziki baxımdan sağlamlıq imkanları məhdud olan bəzi şəxslər öz xəstəliklərinə uyğun olaraq müəyyən idman hərəkətlərinə məhdudiyyət qoymalıdırlar.
Bu məsələ Azərbaycan qanunvericiliyində “Bədən tərbiyəsi və idman haqqında” və “Gənclər siyasəti haqqında”qanunlar, habelə bu iki qanunlara uyğun olaraq qəbul olunan çoxsaylı normativ hüquqi aktlar əsasında tənzimlənir.
Muxalifət.az bildirir ki, hüquqşünas Anar Ramazanov mövzu ilə bağlı Modern.az saytına açıqlamasında idman klubları haqqında qanunvericilikdə müəyyən edilən qaydalardan danışıb. O qeyd edib ki, hər bir idman klubunun fəaliyyəti onun nizamnəməsi və yaxud da əsasnaməsi ilə tənzimlənir:
“İdman klubları fiziki şəxs tərəfindən olduğu kimi, hüquqi şəxs tərəfindən də yaradıla bilər. Bu klublar fəaliyyət istiqamətlərinə görə ayrı - ayrı idman növləri ilə məşğul olan kompleks, həvəskar, peşəkar və digər istiqamətli idman klublarına bölünürlər. Bu cür idman klubları istehsalat, təhsil, tibb müəssisələri , həmkarlar ittifaqları, bələdiyyələr və digər qurumlarla da əlaqə yarada bilərlər. Nizamnamə və ya əsasnamədə qeyd olunur ki, həmin şəxs kimləri (uşaqları, yeniyetmələri, gəncləri və ya parolimpiyaynan məşğul olan fiziki məhdudiyyətli şəxsləri və s.), hansı şərtlərlə (aylıq ödəniş haqqı, yarışlarda qalib gəldiyi müddətdə ona hansı imtiyazlar veriləcəyi və s. ) öz idman klubuna qəbul edə bilər”.

A.Ramazanov deyib ki, qanunvericilik yalnız dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə zamanı gənclərin sağlamlıq haqqında arayış təqdim etmək tələbini qoyur:
“Bu məsələ ilə bağlı Nazirlər Kabinetinin 2002-ci il 26 noyabr tarixli 187 nömrəli xüsusi qərarı var ki, burada gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə qaydaları qeyd olunub. Yəni qanunvericilikdə məhz dövlət mülkiyyətində olan idman obyektlərindən istifadə qaydaları xüsusi norma müəyyən olunub. Özəl müəssisələrə münasibətdə isə bu daxili əsasnamə və nizamnamə ilə tənzimlənir.
Nazirlər Kabineti qərarının 2-ci bəndində qeyd olunur ki, dövlət mülkiyyətində olan idman obyektlərinə müraciət edən gənclərə yalnız həkim müayinəsindən keçib sağlamlıq haqqında tibbi arayışı obyektin rəhbərliyinə təqdim etdikdən sonra həmin idman obyektlərindən istifadə etməyə icazə verilir. Özəl obyektlərdə isə bu tələb qanunvericilik səviyyəsində qoyulmayıb”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev qeyd edib ki, xüsusən ağır idman növləri ilə məşğul olan şəxslər mütləq həkim müayinəsindən keçməlidir.
 
“Bu tələb qanunvericilikdə olmaya da bilər, amma həmin idman obyektləri icazə kağızları ilə fəaliyyətə başlayırlar. Obyekt rəhbərlərinin əsasnamə və ya nizamnamələrində kluba müraciət şəxsdən sağlamlıq haqqında tibbi arayışın tələbi mütləq şəkildə nəzərdə tutulmalıdır. Ola bilər ki, həmin şəxsin soradan qazanılmış və ya anadangəlmə hər hansı bir qüsuru var və bu, müəyyən idman hərəkətlərini məhdudlaşdırır. Bütün bunlar sağlamlıq haqqında tibbi arayışda qeyd olunmaqla idman obyektinin rəhbərinə təqdim olunmalıdır. Qanunvericilikdə bununla bağlı normativ tələblər nəzərdə tutulmamış olsa da, ola bilməz ki, idman klubu yaradan şəxsin təqdim etdiyi əsasnamə və ya nizamnamələrdə bu tələb göstərilməsin”.
Deputat hesab edir ki, bütün məsələləri də vətəndaşın əvəzinə dövlət orqanları düşünməli deyil.
“Vətəndaş, təbii olaraq, özü də düşünməlidir ki, həkim müayinəsindən keçib arayış təqdim etməklə özü və eyni zamanda idman klubu rəhbərliyinə hər hansı problem yaratmasın. Bu mövzunun nə dərəcədə araşdırıldığını deyə bilmərəm, amma hər halda geniş araşdırıldıqdan sonra bu mövzu ilə bağlı təşkilatlara müraciət etmək və ya Milli Məclisdə məsələ qaldırmaq olar”.
24 yaşlı gənc Anar İsayev deyir ki, ondan bu vaxta qədər müraciət etdiyi idman klublarının heç birindən tibbi arayış tələb olunmayıb:
“İndiyə qədər təxminən 5 ya 6 idman zalında mütəmadi olaraq məşq etmişəm, amma belə bir tələblə qarşılaşmamışam. Gedib pulumu ödəyib, çox rahat məşqimi etmişəm. Yəni heç kim heç bir şərt qoymayıb. Müraciət etdiyim trenajor zalları özəl müəssisələr olub”.
21 yaşlı Günel Məhərrəmova isə üzgüçülük üçün Su İdman Sarayına tibbi arayış təqdim etdiyini qeyd edib:
“Üzgüçülükdən sonra qış aylarında bir müddət fitnesslə məşğul olmağa qərar verdim. Şəhərdə olan klubların birində ödənişi edib qeydiyyata düşəndə həmin arayışı da təqdim etdim, lakin mənə dedilər ki arayışa ehtiyac yoxdur”.
22 yaşlı Məhəmməd İsgəndərov da boksla məşğul olduğunu və müraciət etdiyi idman klubunda ondan tibbi arayış tələb olunmadığını deyib:
“Mənim gözlərimdə pataloji göz təzyiqi problemi var. Hətta düşünürdüm ki, buna görə istədiyim idman klubunda məşq edə bilməyəcəm. Çünki məktəbli olarkən bununla bağlı bəzi xırda problemlərim yaranırdı. Amma indi rahatca istədiyim klubu seçib idmanla məşğul ola bilirəm”.