​Deputat təkzib etdi – “FİKİRLƏRİM TƏHRİF OLUNUB”

"Müəyyən beynəlxalq siyasi dairələr və onların əlində alətə çevrilmiş bəzi QHT-lər müxtəlif yollarla qardaş və dost dövlət olan Gürcüstanla Azərbaycanın münasibətlərinə xələl gətirməyə çalışırlar". Bunu APA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.
E. Nəsirov qeyd edib ki, Azərbaycanla Gürcüstanın münasibətləri strateji xarakter daşıyır və fundamental məsələlərdə hər iki dövlət ortaq mövqeyə malikdir.
Onun sözlərinə görə, iki dövlət arasında münasibətlərə xələl gətirmək istəyənlər "bir çox hallarda “sapı özümüzdən olan balta”lardan istifadə edirlər": "Bu mənada Əfqan Muxtarlı ətrafında müəyyən antiazərbaycan və ermənipərəst ünsürlərin fəallaşmasının motivlərini anlamaq elə də çətin deyil. Xüsusilə bu məsələlərlə bağlı radikal müxalif dairələr Əfqan Muxtarlıdan “qəhrəman” yaratmaq uğrunda sanki yarışa giriblər. Bu məsələlərlə bağlı mənim mövqeyim ondan ibarətdir ki, birincisi, saxlanılan şəxsin əməlində cinayət tərkibinin olması ilə bağlı qərarı yalnız məhkəmə verir. Məhkəmənin də qərarı bəllidir. Əfqan Muxtarlı ilə bağlı Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə və qaçaqmalçılıq maddələri ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib. İkincisi, Əfqan Muxtarlının səsləndirdiyi br sıra qərəzli fikir və mülahizələr haqlı olaraq ictimaiyyətin narazılığına səbəb olub. Üçüncüsü, onun Gürcüstan-Azərbaycan xüsusi xidmət orqanlarının birgə səyləri ilə saxlanılması haqqında məndə heç bir təsdiqini tapmış informasiya yoxdur".
E.Nəsirov qeyd edib ki, ilkin olaraq bəzi KİV-lərin bu haqda dezinformasiya yayması faktı bəllidir: "Fikirlərim təhrif olunub, Aleksandr Lapşinin ekstradisiyası və sonrakı məhkəmə prosesi ilə bağlı fikirlərim qəsdən Əfqan Muxtarlıya şamil edilib".