DEPUTAT - “TƏBİB” QOVĞASI - Rüfət Quliyevi narahat edən nədir?

Baxış sayı:
478

Ardıcıl 4 dəfə, yəni az qala 20 ilə yaxındır deputat olan Rüfət Quliyevlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı arasında gərginlik olduğu üzə çıxıb.

Hər şey ondan başlayıb ki, TƏBİB mandat sahibi R.Quliyevin məktubuna cavab verməyib. Bu isə indiyə qədər yarıtmaz fəaliyyətinə görə hər hansı qurumu tənqid etməsinə rast gəlmədiyimiz “fədakar” millət vəkilinin “çestinə” dəyib: “İyunun 12-də TƏBİB rəhbərliyinə məktub göndərmişəm. Ancaq üstündən 40 gündən də çox vaxt keçməsinə baxmayaraq, mənim məktubuma cavab verilməyib. Hətta bu gün onlara mesaj da göndərdim ki, deputatdır sizi narahat edən. Ancaq onlardan səs-soraq çıxmadı. Ona görə də məcbur oldum ki, bu məsələni Milli Məclisdə qaldırım. Əgər hər hansı bir qurum deputatın məktubuna cavab vermirsə, onun fəaliyyəti şübhə altındadır”.

Ardınca araşdırmaçı jurnalist Cavanşir Həsənli R.Quliyevin övladlarının xaricdəki təhsilinə 300 min dollar xərcləməsi barədə məlumat yayıb. Depuatat isə bu məlumatın üzə çıxmasını onun tənqid etdiyi məmurlarla əlaqələndirib (Yəni TƏBİB rəhbərinin-red.), onların ötürdüyünü, yazılanların sifarişli olduğunu deyib. Fikir verin, bu deputat xaricdəki mülkləri, obyektləri, biznesi və s. bir yana, təkcə övladlarının təhsilinə yarım milyon dollara yaxın pul xərclədiyini inkar etmir və özünü heç bu pulun mənbəyi barədə nəsə deməyə borclu da bilmir! Əvəzində, kimsə həqiqəti yazanda, bunu kiminsə sifarişi adlandırır. Hansı ki, əslində R.Quliyevin biznesi, pulu, var-dövləti barədə indiyə qədər mətbuatda çox yazılar dərc edilib. Və belə qənaətə gəlmək olur ki, maddi imkanları nəzərə alındıqda, övladlarının təhsil haqqı onun üçün az qala dəryada damla kimi bir şeydir. Belə olan təqdirdə təhsil haqqı məsələsinin üzə çıxarılmasına görə belə narahatlıq keçirməsi təəccüblüdür... 

Maraqlıdır ki, R.Quliyev sözügedən məktubun mahiyyəti, mətni barədə bir şey demir. Ola bilsin ki, məktubda təmsil etdiyi dairə ilə bağlı hansısa problemi qaldırıb. Ancaq buna inanmaq o qədər də asan deyil və həmin məktubun hansısa şəxsi məsələ ilə bağlı olduğu üzə çıxsa, heç kim buna təəccüb etməz. Bu qənaətə gəlməyimiz təsadüfi deyil. Çünki Azərbaycanda bir çox deputatların nəyə, kimə xidmət etdikləri, əksəriyyətinin mandatlarından öz bizneslərini “krışalamaq” üçün yararlandıqları heç kimə sirr deyil. Eyni məsələ R.Quliyevə də aiddir. Onun Azərbaycandakı əsas siqaret monopolistlərindən biri olduğunu yazmayan, deməyən qalmayıb. Adam 4 çağırış, yəni az qala 20 ilə yaxındır deputat ola-ola, qanunları saya salmadan, rəsmən 1999-cu ildən 2017-ci ilə qədər Azərbaycanda siqaret monopoliyasını əlində saxlayan "European Tobacco-Baku” şirkətinin sahibi olub. Elə indi də qeyri-rəsmi olaraq həmin biznesdə olduğu bildirilir.

İndiyə qədər guya bitərəf sayılan bu deputatın xalqın, əhalinin hansısa problemini kəskin formada qaldırmasına rast gələn olmasa da, şəxsi biznesi, pul-para məsələsində adı tez-tez hallanıb. Şəxsi mənəvi keyfiyyətlərinə gəlincə isə, həyatını itirmiş yaxın dostunun ailəsindən sələmə verdiyi pulu artıqlaması ilə tələb etməsini xatırlamaq kifayətdir. Rəsmi sənədlərdə iqtisad elmləri üzrə professor və yüzlərlə elmi məqalənin müəllifi kimi görünən Rüfət Quliyev, Azərbaycan ictimaiyyətinin yaddaşında intellektual fəaliyyəti ilə deyil, ölmüş dostunun xanımından 40 min dollarlıq borc müqabilində 328 min dollar istəməsiylə iz buraxıb. Maraqlıdır ki, deputat zərrə qədər çəkinmədən borcunu 9 mislində tələb etməsini pulu ayda 8-10%-lik sələmə verməsiylə əsaslandırmışdı. Deputatın bu sələmçiliyi 2016-cı ildə mərhum dostu Namiq Səfərovun yoldaşı Nuranə Səfərovanın Milli Məclisin o dövrdəki sədri Oqtay Əsədova yazdığı məktubla gün işığına çıxmışdı. İndi bu mənəvi keyfiyyətlərə malik olan adam mətbuatı sifariş yerinə yetirməkdə günahlandırır və hansısa quruma yazdığı məktuba cavab ala bilməməsi onun “şəninə” bərk toxunurmuş. Daha demir ki, az-çox müstəqilliyini saxlaya bilən mətbuat nümayəndələri üçün R.Quliyevlə TƏBİB-in, yaxud hansısa iri çaplı məmurun fərqi yoxdur, çünki hamısı bir bezin qırağıdır...

Sadəcə, son seçkidə ən çox şikayət edilən və hətta Məzahir Pənahovun möcüzələr yaradan MSK-sının belə şikayətləri aidiyyatı üzrə Dairə Seçki Komissiyalarına geri göndərməyə məcbur olduğu və nəhayətdə çətinliklə deputat etdiyi bu şəxsin hansısa dövlət qurumuna göndərdiyi məktuba cavab verilməməsinə cırnaması təəccüb doğurur. Guya bu, yeni xəbərdir - indiyə qədər hökumət, nazirlər, məmurlar deputatlarla hesablaşır, onları saya salırlarmış, indi isə bundan vaz keçiblər... Görəsən, bəzi deputatlar indiyə kimi heç düşünüblərmi ki, nədir onları ayrı-ayrı qurumların, təşkilatların və ən əsası da xalqın yanında urvatsız edən?...

Məsələ ondadır ki, bütün xalq kimi kimliyindən, vəzifəsindən, rüşvətxor olub-olmamasından və s. asılı olmayaraq, məmurlar da belələrinin hansı yolla seçildiyini, nə ilə məşğul olduğunu, hansı keyfiyyətlər daşıdığını, nəhayət, millət vəkili statusuna, adına nə dərəcədə layiq olduğunu yaxşı bilirlər. Və görünür, onlara münasibət də elə bu müstəvi üzərindən formalaşır...

Ümumiyyətlə, bir şey mübahisəsizdir - xalqdan, onun problemlərindən uzaq duran, parlamentin tribunasından məddahlıq aləti kimi istifadə edən, ağına-bozuna baxmadan, xüsusilə qətiyyən əhalinin sosial durumunun yaxşılaşmasına xidmət etməyən pensiya və müavinətlərlə, eləcə də cərimələrlə və s. bağlı qanun layihələrinə gözüyumulu, ikiəlli səs verən, millətin yox, nəfsinin vəkili olanların nə camaatın, nə hansısa qurumun, nə də məmurun yanında hörməti, urvatı ola bilməz...

Cəlal Məmmədov

Azpolitika.info