​Deputat “söyüş maşınları” ilə HESAB ÜÇÜN AVROPAYA GEDİB?

Baxış sayı:
5113

Millət vəkili idmançı dəstəsilə Avropada söyüş söyənlərlə haqq-hesab çəkmək üçün getməsi barədə yayılan xəbərə reaksiya verib

"Mən kiminlə haqq-hesab çəkməliyəm? 3 dənə vətənini satanla, qanı, kökü bəlli olmayan insanla? Mən ictimai adamam, tanımadığım adamlarla necə haqq-hesab çəkim ki?"
Bu sözləri millət vəkili Adil Əliyev Kölndə keçirilən “31 Mart soyqırımı və Cümhuriyyətin 100 illiyi” tədbiri haqda yaranan söz-söhbətə Musavat.com-da aydınlıq gətirərkən deyib. Millət vəkili Azərbaycandan özü ilə ora idmançılar aparması barədə yayılan şayiələri də təkzib edib:
 “Azərbaycandan niyə ora kimlərisə aparıram ki? Azərbaycanda 90-100 idmançının vizası var ki, durub ora getsin? Azərbaycanı sevənlər təkcə Azərbaycanda deyil ki... Bu insanlar elə bilirlər ki, Avropa elə bunların babalarından onlara qalıb, başqa adamlar Avropaya gedib, öz sözünü deyə bilməz. Yaxud Avropada bunlardan başqa azərbaycanlı yoxdur. Dediyim kimi, mən orda məruzə etməyə başlamışdım, 300 nəfər insan var idi, zal ağzına kimi dolu idi və səs-küy eşidildi. Təbii ki, köməkçilərimiz bayıra çıxıb dedilər ki, əgər görüşmək istəyirsiniszə, bir-iki nəfər gəlsin içəri, yer çox azdır, sözünüzü deyin. Onlar deyib yox, Adil Əliyev bayıra çıxsın! Adil Əliyev də 300 nəfəri qoyub, 3 nəfərə görə bayıra çıxası deyil ki... Mən yenə onlara xəbər göndərdim ki, qoy gözləsinlər, bu qədər insana qarşı hörmətsizlik edə bilmərəm, bu insanlar dövlətimizə, bizə görə gəliblər, indi onları burda qoyub, tədbiri pozub bayıra, o adamlarla söhbət etməyə çıxa bilmərəm. Ancaq bunlar fit çalmağa başladılar. Bizim Almaniyadakı idmançılarımız, hansılar ki, Almaniyada yaşayırlar, peşəkar yarışlara qatılırlar, onlar bayıra çıxdılar. Bu dəstə idmançıları görən kimi aradan çıxıb, qaçıb getdilər, heç gözləmədilər də çıxıb onlarla görüşüm, söhbət edim”.
A.Əliyev bildirib ki, tədbirdə iştirak edənlər “söyüş maşınlarına” sübut edib ki, Azərbaycan onların dediyi kimi deyil. Azərbaycana Avropada yaşayıb, Azərbaycanı sevən insanların gözü ilə baxmaq lazımdır:
 “Onlar Azərbaycanı sevən o kütləni görüb çox narahat oldular, indiyədək də narahatdırlar. Bu, onlara böyük bir dərs oldu. Hollandiyadan, Avstriyadan, Almaniyanın hər yerindən ora 30-40 nəfər gətirmək istəyirdilər, bizə də məlumat çatmışdı, amma ora cəmi 10-12 nəfər gəlib çıxmışdı”.
Qeyd edək ki, Adil Əliyevin təşkilatçılığı ilə Almaniyanın Köln şəhərində “31 Mart soyqırımı və Cümhuriyyətin 100 illiyi” adlı tədbir keçirib. Tədbirin keçirildiyi otelin qarşısına toplaşan bir neçə nəfərdən ibarət “söyüş maşını” təxribata cəhd göstərib.