​Deputat maaşından yenə narazıdır - 8 MİN MANAT İSTƏYİR

Baxış sayı:
11737

“Düşünürəm ki, bu artım yetərli deyil. Ona görə ki, ölkədə devalvasiya baş verib, əməkhaqqı vətəndaşların ləyaqətli həyatını təmin etməlidir. Dövlət qulluqçuları, ali hakimiyyət orqanlarının təmsilçiləri başqa qazanc və gəlirlər barədə düşünməməlidirlər. Hesab edirəm ki, əməkhaqqı ilə öz ailələrini layiqincə təmin etməlidirlər. Region ölkələrindən əməkhaqqına görə geri qalırıq”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatların maaşlarının artırılmasının müzakirəsi zamanı parlamentin üzvü Qüdrət Həsənquliyev deyib.
“Bəzi qonşu dövlətlərdən isə əməkhaqqımız bir neçə dəfə aşağıdır. Azərbaycan Prezident Administrasiyasının işçilərinin nə qədər maaş aldıqlarını bilmirəm, bu barədə məlumat verilsəydi, yaxşı olardı. Bizə verilən məlumata görə, hətta orada şöbə müdirinin əmək haqqı Milli Məclisin rəhbərliyinin əmək haqqından yüksəkdir. Düşünürəm ki, spiker 10 min, deputat isə 8 min manat maaş almalıdır”.
Milli Məclisin sədri Oqtay Əsədov isə bu yanaşmanın yanlış olduğunu qeyd edib. O bildirib ki, Q.Həsənquliyevin dedikləri doğru deyil.
Xatirladaq ki, dünən qəbul olunan qanuna əsasən, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.
Dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq ediləcək.