​Deputat korrupsioner məmurlara haqq qazandırdı - Rüfət Quliyev öhdəlik yerinə yetirərkən kobud nöqsanlara yol verib

Baxış sayı:
2338

Deputat özü də fərqinə varmadan Azərbaycanda nazirlərin kreslolarında 20 il oturduqlarını və bununla da rəhbərlik etdikləri sahələrdə kök saldıqlarını etiraf edib
Mehman Hüseynovun əməlləri qeyri-qanunidirsə, bəs o zaman bir nazirin ən yaxşı halda 43 ildə almadı olduğu villanı daha qısa müddətdə əldə etməsinə nə ad vermək olar?
Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, gənc bloqqer Mehman Hüseynovla bağlı məsələ son günlər mətbuatda müzakirə olunan əsas mövzulardan birinə çevrilib. Məhz elə bu səbəbdən də yaranmış fürsətdən istifadə edən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə gənc bloqqerlə bağlı açıqlama verməklə növbəti parlament seçkilərində mandatını təmin etməyə çalışıb. Lakin bu zaman o, etik davranış qaydalarını, milli dəyərlərimizi unudaraq hakimiyyətə yarınmağın ən rüsvayçı axırıncı yolunu seçməklə Mehman Hüseynovla yanaşı, onun məhrum anası, eyni zamanda sosial şəbəkə istifadəçilərini ağır formada təhqir edib. Əslində, bu barədə uzun-uzadı danışmaq niyyətində deyilik. Çünki ötən yazıda Araz Əlizadədən fərqli olaraq, heç bir təhqiramiz ifadəyə tol vermədən onun PAYını vermişik. Odur ki, bu dəfə parlamentin digər üzvü Rüfət Quliyevin Mehman Hüseynovla bağlı açıqlamasına dair fikirlərimizi sizlərlə bölüşmək istərdik.
Beləliklə, bəzi kütləvi informasiya vasitələrində dərc olunan yazılarda sələmə pul verdiyi iddia olunan deputat Mehman Hüseynovun aclıq aksiyası keçirməsi, səhhətinin pis olması ilə bağlı big.az-a verdiyi açıqlamasında, həmkarı Araz Əlizadə kimi təhqirə yol verməsə də, qeyd edib ki, bloqqer məmurların villasını çəkməzdən öncə onlardan icazə almalı idi: "Xoşunuza gələrmi evinizin şəkilini çəkib xəbər saytlarında və sosial şəbəkələrdə yaysınlar? Əlbəttə, evini çəkdiyin insanın icazəsini almalısan. Bu barədə hətta qanunda var. Məni çəkmək üçün icazən olmalıdır. Paparazzilik nə deməkdir. Cavan oğlandır. Nəsə bacarır ki, o həddə gətirib çıxartdı. Hər bloqqer o həddə qalxa bilmir. Mənim şəxsi həyatımdan şəkil çəkib sayta qoyursan ki, flankəsin bu əmlakı var. Tutaq ki, var. Nə olsun. Get, çək, göstər ki, fermer necə gözəl məhsul yetişdirir. Verməzlər axı. Çünki maraqlı deyil. Yazırlar ki, eks nazirin filan villası var. Olacaq da, 20 ildir nazir işləyir. Yəni o, bir-iki villalıq pul qazanmayıb? Böyük məmurların pul qazanması bəyəm yalnız Azərbaycandadır? Bu, dövlətin işinə və siyasətinə qarışmaq deməkdir. Ola bilər ki, mənim fikrim bəzilərinə pis təsir edəcək. Düzdür, bacarıqlıdır. Amma bacarığını yanlış istiqamətə istifadə etdi. Elə bloqqerlər var ki, bölgələrdən gözəl görüntülər çəkir. Turist cəlb edirlər. Mən hesab edirəm ki, onun hərəkəti qeyri-qanuni idi. Bu paparazzilik bizə Avropadan gəlib. Amma bu gün onlar bundan əziyyət çəkirlər".
Gördüyünüz kimi, Rüfət Quliyev təhqirə yol verməyib. Ən azı buna görə ona təşəkkür etməyə dəyər. Adam heç olmasa, deputat olduğunu unutmayıb və üzərinə düşən işi - əslində buna bir növ öhdəlik də demək olar - maksimum ehtiyatla yerinə yetirməyə çalışıb. Lakin sözügedən açıqlamasında bir sıra nöqsanlara yol verib. Məsələn, "Yazırlar ki, eks nazirin filan villası var. Olacaq da, 20 ildir nazir işləyir. Yəni o, bir-iki villalıq pul qazanmayıb?" deyən deputatın diqqətinə çatdırmaq istərdik ki, bu gün nazir maaşı ilə dəyəri milyonlarla ölçülən villa almaq, onu bahalı mebel və digər zəruri avadanlıqlarla təmin etmək, qulluqçu, bağban, eləcə də gözətçi saxlamaq mümkün deyil. Belə ki, nazirlərin 1925 manat əməkhaqqı aldığını nəzərə alsaq, o zaman onlar yeməyib-işməyib il ərzində cəmi 23100 manat toplaya bilərlər. Deməli, hansısa nazir təkcə tikintisi 1 milyon manata başa gələn villa əldə etmək üçün (1000000:23100) nə az, nə çox düz 43 il maaşının qəpiyinə belə, dəymədən pul yığmalıdır. Rüfət Quliyev isə iddia edir ki, hansısa nazir 20 ilə bir yox, hətta 2 villa əldə edə bilər. Maraqlıdır, görəsən necə? Hesablamadan da görünür ki, halal əməkhaqqı ilə nəinki 2, heç 1 villa tikdirmək mümkün deyil. Deməli, torbada pişik var. Milli Məclisin üzvü isə ya həmin pişiyi görmür, ya da özünü görməzliyə vurur.
Bu arada, diqqətimizi cəlb edən digər məqam isə ondan ibarətdir ki, Rüfət Quliyev öhdəlik yerinə yetirmək məqsədiylə Mehman Hüseynov haqda açıqlama verərkən, özü də fərqinə varmadan Azərbaycanda nazirlərin kreslolarında 20 il oturduqlarını və bununla da rəhbərlik etdikləri sahələrdə kök saldıqlarını etiraf etmiş olub. Bloqqerin hərəkətlərinin qeyri-qanuni olduğunu deyən deputatın nəzərinə çatdırmaq istərdik ki, Avropanın heç bir ölkəsində, o cümlədən qonşu Türkiyə və Gürcüstanda nazirlər 20 il eyni vəzifədə çalışmır. Rüfət Quliyevin də etiraf etdiyi kimi bizdə isə bunun tam əksi müşahidə olunmaqdadır. Hörmətli deputat, indi özünüz qərar verin: Mehman Hüseynovun əməlləri qeyri-qanunidirsə, bəs o zaman bir nazirin ən yaxşı halda 43 ildə almadı olduğu villanı daha qısa müddətdə əldə etməsinə nə ad vermək olar?
Valeh TÜRKSOY, Hurriyyet.org