Deputat: Köhnə fotoları qabardaraq insanları narahat edirlər

Baxış sayı:
10105

Tarixi abidələrimizə qarşı heç bir sayğısızlıq edilmir. Bu sadəcə ictimai rəydən istifadə etməklə məsələyə fərqli don geyindirmək istəyən qüvvələrin atdığı addımdır.
Bunu millət vəkili Elman Nəsirov son günlər cəmiyyətdə ciddi müzakirələrə səbəb olan İçərişəhər Qala divarlarına aid fotoların yayılmasına münasibət bildirərkən deyib. 
Onun sözlərinə görə, qeyri-dəqiq informasiyalar, fotolarla sosial şəbəkələrdə çox böyük ajiotaj yaradırlar:
“Bu məsələyə fərqli don geyindirərək Bakının tarixi abidələrinə qarşı sayğısızlıq edildiyinə dair yanaşma ortaya qoydular. Lakin məsələnin əsası başqa cürdür. 
Bilirsiniz ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi mövcud vəziyyətə və  yayılan qeyri-dəqiq informasiyalara rəsmi münasibət bildirdi. Həmin mövqeyə görə, orada heç bir söküntü işləri getmir və irəli sürülən iddialar əsassızdır. 
Cəmiyyətdə yanlış fikir formalaşdıran əsas məqamlardan biri sosial şəbəkələrdə yayımlanan həmin fotolar oldu. 
O fotolara verilən açıqlamalarda da qeyd olunur ki, görüntülər 2011-2012-ci illərə aiddir. Fotolar səkkiz il bundan öncə aparılan təmir-bərpa işləri zamanı çəkilib.
Bu artıq açıq-aydın məqsədyönlü, ictimai fikrə təsir göstərərək cəmiyyətdə narazılıq yaratmaq cəhdlərindən qaynaqlanr. 
Yenə deyirəm ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin də verdiyi açıqlamada bütün bu məqamlar öz əksini tapıb. 
Köhnə şəkilləri qabardaraq insanları narahat etmək olmaz. Çox təəssüf hissi ilə qeyd edirəm ki, sosial şəbəkələrdə qeyri-dəqiq, hətta deyərdim ki, yalan , əsassız iddialar bir norma kimi təqdim olundu. Olduqca xoşagəlməz tendensiyadır. Nəinki Bakıda, eləcə də regionlarımızda olan tarixi abidələrimiz aidiyyəti qurumlar tərəfindən qorunur və heç kimin tarixi abidələri sıradan çıxarmaq kimi bir cəhdi yoxdur, ola da bilməz”.