​Deputat bankları dollar maxinasiyasında ittiham etdi, PALATA SƏDRİ “SİRDİR” DEDİ

Bu gün parlamentin iclasında bağlanan bankların qorunmayan əmanətlərinin taleyi barədə mübahisə yaranıb. Deputat Vahid Əhmədov “Bank Standard”ın qorunmayan əmanətlərinin taleyi haqda danışıb və deyib ki, bu bankda 100 milyon manat qorunmayan əmanət var. “Bu pulların axırı necə olacaq? Axı pullar vətəndaşlarındır?”
Vahid Əhmədov  “Kredit büroları haqqında” qanun layihəsinin müzakirəsi zamanı üzünü Maliyyə bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlıya tutaraq bildirib ki, insanları bank sisteminə inandırmaq istəsələr də bunu etmək getdikcə çətinləşir.
“Necə ki vətəndaşları milli valyutamıza inandıra bilmirik. Digər tərəfdən isə banklar bağlanan kimi insanlarımız pis günə qalır. Mən iqtisadçı kimi özüm də bu proseslərdən baş açmıram. Özlərinin nə əməliyyatları varsa, 5-10 gün milli valyutanı möhkəmləndirərək həyata keçirirlər, daha sonra isə milli valyutanı buraxırlar. Axı insanlarla bu cür davranmaq olmaz. 30-40 məktubu elə banklardakı bu cür hallarla bağlı mən şəxsən özüm Rüfət müəllim, sizə göndərmişəm”.
Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanov isə deputat Vahid Əhmədova bu cür cavab verib: “Bu, bank sirridir. Siz gərək bunu açıb deməyəsiniz”.
Cavabında Vahid Əhmədov deyib: “Burada bank sirri var ki? Vətəndaşın əmanəti normal şəkildə qaytarılmır. Bank rəhbərləri hamısı milyonerdir. Heç birinin bankı bağlansa belə, veclərinə deyil. Olan yenə də sadə vətəndaşlara olur. Dövlət başçısı harda səfərdə olursa deyir ki, dövlət arxanızdadır, kreditləri rahat ala bilərsiniz. Digər tərəfdən isə banklar bu cür neqativ, qanunsuz əməllərlə məşğuldurlar. Hər bankın arxasında müyyən insanlar dayanır. Amma belə də olmaz axı... “Royal Bank” bağlandı. Bu günə qədər də orada əmanətləri olan insanlar hələ də əmanətlərini almayıblar”. 
Rüfət Aslanlı deputatla polemikada deyib ki, qorunmayan əmanətlərin taleyini prezidentlə müzakirə edib və belə qərarlaşdırılıb ki,qanunvericilik çərçivəsində bu əmanətlərin də qaytarılması həyata keçirilsin.
Millət vəkili Əli Məsimli isə bildirib ki, banklar insanlara zülm edir: "Bizə çoxsaylı şikayətlər daxil olur. Devalvasiyadan sonra insanların qaytaracağı məbləğ artıb. Müştəri var ki, 9300 dollar məbləğində kredit götürüb, onun müəyyən hissəsini ödəyib. Devalvasiyadan sonra bank ona deyir ki, sən 14 min manat əlavə ödəməlisən. Belə çıxır ki, müştəri 9300 dollar kreditə görə, 23 min manata yaxın kredit ödəməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası bankların yox, insanların tərəfində olmalıdır, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. İnsanlar banklardan yox, banklar insanlardan asılı olmalıdır. İndi demək olar ki, banklar insanları idarə edir".
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu fikirlərlə razılaşmayıb: "Devalvasiyadan əvvəl xarici valyutada öhdəliklər ümumi öhdəliklərin 47%-ni təşkil edirdi. Devalvasiyadan sonra manat ifadəsində ödəniş ikiqat artıb. Amma nəzərə almaq lazımdır ki, banklar öz sərvətləri hesabına kredit verməyib. Bankların verdiyi kredit cəmi kapitallarının və 10 il ərzində qazandıqları puldan çoxdur. Banklar krediti biznes subyektlərindən, əhalidən cəlb etdiyi pullar hesabına verib. Banklara kredit qaytarılmalıdır ki, banklar da öz öhdəliyini yerinə yetirə bilsin”