Deputat bacısı oğlunu tərbiyəsiz adlandırdı

“General-mayor Şərif Əsədullayevin işdən çıxarılması məsələsi ilə yalnız dövlət məşğul ola bilər. Bu barədə kim nə danışır, danışsın. Ölkəmizdə bu sahəyə nəzarət edən insanlar var. Bu da yalnız onların səlahiyyətində olan işdir”.

Bunu azvision.az-a açıqlamasında millət vəkili Cavanşir Paşazadə bacısının həyat yoldaşı Şərif Əsədullayevlə bağlı medianın yazdıqlarına münasibət bildirərkən deyib.

“Mətbuatda bununla bağlı çox şeylər yazıla bilər. Bu, o demək deyil ki, bunların hamısı doğrudur. Buna generalın mətbuat vasitəsilə vurulması demək olmaz. Bu gün Azərbaycan tolerant bir ölkədir. Söz, mətbuat azadlığı qorunur. Kim nə istəyir yazır. Biz onlara heç nə deyə bilmərik. Mətbuatda yazılan bu yazıların arxasında kiminsə durduğunu güman etmirik. Fikirləşmirəm ki, kimsə mətbuat vasitəsilə Şərif Əsədullayevlə bağlı vurulma kampaniyası həyata keçirir. Onun işdən çıxarılması ilə bağlı müəyyən cəhd edən insanlar unudurlar ki, həmin şəxs uzun illərdir hüquq-mühafizə orqanlarının fəaliyyətində uğurla xidmət edib, külüng vurub” - deyə deputat bildirib.

Deputat hesab edir ki, Şərif Əsədullayevin işdən çıxarılması ilə bağlı müəyyən cəhdlər edənlərin özləri heç nəyə qadir deyillər: “Həmin şəxslər onu işdən çıxara bilməzlər. Onlar uzun illərdir ki, uğurla faəliyyət göstərən Şərif Əsədullayevin fəaliyyətini qiymətləndirməyə belə qadir deyillər”.

C.Paşazadə bacısı oğlu tərəfindən bıçaqlanan şəxsin hazırda xəstəxanada olmadığını deyib: “Zərərçəkən şəxs xəstəxanada müalicə olunub. O, hadisə zamanı yüngül xəsarət almışdı. Artıq sağalıb. Bu gündən işə çıxıb. Həmin şəxs özəl şirkətlərin birində mühafizəçi kimi çalışır”.

Tamerlan Əsədullayev

C.Paşazadə hesab edir ki, Tamerlan Əsədullayev restoranda dava salmaqla tərbiyəsizlik edib: “Tamerlan ona verilən cəzaya uyğun olaraq hazırda təcridxanda saxlanılır. O, tərbiyəsizlik edib. Hələ ki, etdiyi tərbiyəsizliyin cəzasını təcridxanada çəkir”.

C.Paşazadə general-mayor Ş.Əsədullayevin səhhətində problemlərin olması haqda gəzən söz-söhbətlərə də aydınlıq gətirib: “Şərif müəllim özünü yaxşı hiss edir. Heç bir problem yoxdur. Mətbuatda hər yazılan yazıya cavab vermək lazım deyil. Bu, onların fikridir”.

Qeyd edək ki, deputatın bacısı oğlu T.Əsədullayev aprelin 10-da Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında dava salaraq bir nəfərə bıçaqla xəsarət yetirib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. T.Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal Rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Tamerlan Əsədullayev general-mayor Şərif Əsədullayevin oğlu, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və deputat Cavanşir Paşazadənin bacısı oğludur.