Deputat atasına qızıldan heykəl qoydurmasından danışdı - FOTO

Rayon əhalisi, kənd camaatı da bilir ki, atamın büstü 30-40 il bundan əvvəl qoyulub.
 
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Rüstəm Xəlilov bir müddət öncə Sabirabadda atası Gülabba Xəlilova qızıl suyundan heykəl qoydurması ilə bağlı danışarkən deyib.
“Atam sosialist əməyi qəhrəmanıdır, deputat olub və Sovet İttifaqı dövründə öz zəhmətiylə mükafatlara layiq görülüb. Rayon əhalisi, kənd camaatı da bilir ki, atamın büstü 30-40 il bundan qabaq qoyulub”, - deputat qeyd edib.
Millət vəkili məlum məsələnin hazırda sosial şəbəkələrdə birmənalı qarşılanmamasına da münasibət bildirib:
“Müxtəlif fikirlər sələnir, hərənin öz fikri var, ancaq mənim atamın büstü sovet dönəmində qoyulub və məsələ də bununla bağlanıb. Lazım gələrsə, bu söz-söhbətləri başladan Şamaxıdan olan həmin şəxsi, Cəbrayılov Ağamikayıl Oruc oğlunu məhkəməyə də verəcəm”.
Deputat kənd sakinlərinin heykəlin ətrafında təmizliyə riayət etməsi və bu heykəli mütəmadi olaraq ziyarət etməyə məcbur edilməsi ilə bağlı səsləndirilən fikirlərlə razılaşmayıb:
“İndi hansı dövrdür, ibtiadi icma quruluşu deyil ki, kimisə nəyəsə məcbur edəsən. Belə bir fikir ümumiyyətlə yoxdur və olmayıb. Görünür, bu fikirləri kimlərsə özləri üçün nəsə yaratmaq və sensasiya xatirinə uydurublar”.
Qeyd edək ki, Milli Məclisin deputatı Rüstəm Xəlilovun Sabirabadda atası Gülabba Xəlilova heykəl qoydurması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Sakinlər qızıl suyuna çəkilmiş bu heykəlin rayonun Nizami kənd bələdiyyəsinin binasının qarşısında ucaldıldığını bildiriblər.
Gülabba Xəlilov bir vaxtlar məşhur pambıqçı olub. Tərcümeyi-halında bildirildiyinə görə, 1941-1944-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib, 1944-1955-ci illərdə isə əmanət kassasında müdir, müfəttiş, rayon icraiyyə komitəsinin katibi və maşın-traktor stansiyasının (MTS) aqronomu işləyib. 1955-ci ildən Sabirabad rayon Jdanov adına kolxoza sədrlik edib.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 mart 1982-ci il tarixli fərmanı ilə əməkdə göstərdiyi nailiyyətlərə və qəhrəmanlığa görə Gülabba Ağaşirin oğlu Xəlilov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, eyni zamanda Lenin Ordeni və "Oraq və Çəkic” qızıl medalı alıb.
Sovet Azərbaycanının miqyasında G.Xəlilovu görkəmli insan hesab etmək olar, lakin Sovet İttifaqında mövcud olan qaydalara görə, heykəl yalnız iki dəfə “Qəhrəman” adı almış şəxslərə qoyulurdu. Yəni Gülabba Xəlilova heykəl qoyula bilməzdi.