​Demokratlar Trampı impiçmentlə HƏDƏLƏDİ: Prezidentin taleyi ondan asılıdır

Baxış sayı:
12673

ABŞ prezidenti Donald Trampın impiçmenti imkanı hələ istina edilməyib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Nümayəndələr Palatasında demokratların lideri Nensi Pelosi bildirib.
O vurğulayıb ki, Amerika prezidentini siyasi səbəblərdən təqib etmək lazım deyil.
“Biz siyasi səbəblərdən impiçmenti elan etməməliyik, ancaq impiçment imkanlarını istisna etmək olmaz”, - Pelosi deyib.
Onun sözlərinə görə, demokratlar xüsusi prokuror Robert Müllerin “Rusiya işi” üzrə məruzəsinin nəticələrini gözləyəcəklər və bundan sonra qəti qərar qəbul edə biləcəklər.
Qeyd edək ki, Rusiyanın Amerika seçkilərinə müdaxiləsi və Trampın Rusiya ilə güman edilən əlaqələri xüsusi prokuror Robert Müller, həmçinin ABŞ Konqresinin hər iki palatası tərəfindən araşdırılır.
Amerika ekspertləri qeyd edibər ki, Tramp üçün ən pis ssenarilərdən biri impiçment prosedurunun işə salınması ola bilər. Lakin Senatda respublikaçıların üstünlüyünü nəzərə alaraq, bunu reallaşdırmağın praktik olaraq mümkün olmayacağı bildirilir.
ABŞ tarixində impiçmentin proseduru üç prezidentlə bağlı işə salınıb: 150 il əvvəl – 1868-ci iildə Endrü Conson, 1974-cü ildə Riçard Nikson və 1998-ci ildə Bill Klinton. Conson və Klinton Senatda bəraət qazandığı halda, Niksonla bağlı səsvermə olmayıb, çünki özü istefa verib.
“Axios” nəşri və “Survey Monkey” şirkəti tərəfindən ötən ilin avqustunda keçirilmiş sorğunun nəticələrində deyilir ki, respondentlərin 44 faizi Trampın impiçmenti prosedurunun başlamasını dəstəkləyirlər.
Donald Trampın vəkili, Nyu-Yorkun keçmiş meri Rudolf Culiani elə həmin ay “Sky News” telekanalına müsahibəsində bildirmişdi ki, Ağ Evin başçısı impiçment nəticəsində vəzifədən kənarlaşdırılarsa, ABŞ-da üsyan baş verə bilər. Onun sözlərinə görə, ABŞ-ın qüvvədə olan prezidentini dəyişmək yalnız siyasi motivlər üzrə olar və bu halda Amerika xalqı üsyan təşkil edəcək.
Daha əvvəl isə Donald Tramp ona qarşı impiçment elan edəcəkləri halda, maliyyə bazarlarının çökəcəyi barədə xəbərdarlıq edib.
“Başa düşmürəm ki, öz işinin öhdəsindən gələn bir prezidentə necə impiçment elan etmək olar. Əgər nə vaxtsa mənə qarşı impiçment elan etsələr, bazarlar çökəcək, hamı çox kasıb olacaq", - Ağ Evin başçısı “Fox News” telekanalına müsahibəsində demokratları hədələyib.