“Demokratiyanın daha da gəlişməsi naminə “Gürcü arzusu” namizəd irəli sürmədi” – MAHİR DƏRZİYEV

Baxış sayı:
6502

““Gürcü arzusu Partiyası Salome Zurabişvilini dəstəkləməkdə davam edir”
 
Oktyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci tura qalması dünyanın diqqət mərkəzində olan məsələlərdən biridir. Çünki əsas rəqiblər, yəni hazırda iqtidarda olan hakim “Gürcü arzusu” Partiyasının dəstəklədiyi Salome Zurabişvili ilə müxallifətdə olan Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze arasında birinci turun nəticələrinə görə 1% səs fərqi olması ikinci turda seçkilərin çox gərgin keçəcəyini deməyə əsas verir. Yəni 1% səs fərqi namizədlərin ikisinə də şans yaradır ki, hansısa biri prezident olsun. Bu şans həm də Gürcüstanda iqtidarla müxalifətin “ölüm-dirim mübarizəsi” hesab olunur.
Amma proseslər onu göstərir ki, hazırda iqtidarda olan “Gürcü arzusu” çətin durumdadır. Çünki birinci turda prezident seçilə bilməyn xanım Salome Zurabişvili ikinci turda da qalib gələ bilməsə, prezidentlik institutunun “Gürcü arzusu”nun əlindən çıxmasına səbəb olacaq ki, bu da müəyyən qədər hazırkı iqtidarın mövqeyini laxladacaq. Hətta bu, “Gürcü arzusu” Partiyasının hakimiyyətdən tam uzaqlaşdırılması ilə də nəticələnə bilər. O baxımdan, birinci turda prezident seçilə bilməyən S.Zurabişvili ilə hakim “Gürcü arzusu” Partiyası arasında müəyyən narazılıqların olduğu da mətbuata sızmaqdadır.
Maraqlıdır ki, ikinci tura qaldıqdan sonra hakim partiya öz mövqeyində hər hansı bir dəyişiklik edə bilərmi? Bu və digər suallara cavab almaq məqsədilə Gürcüstanda baş verən prosesləri daha yaxından izləmək imkanına malik olan, “Gürcü arzusu” Partiyasının deputatı Mahir Dərziyevlə söhbətləşdik.
- Bundan əvvəlki hadisələrə qısaca nəzər salaq. Bildiyiniz kimi, oktyabrın 28-də növbəti prezident seçkiləri baş tutdu. Mövcud Gürcüstan Konstitusiyasına görə, prezident seçkiləri sonuncu dəfə xalq tərəfindən seçilən prezident seçkisi idi. Yəni bundan sonra, yeni Konstitusiyanın qüvvəyə minməsi ilə prezident parlament və digər seçkilər kollegiyasından ibarət olan xüsusi bir orqan tərəfindən seçiləcək. Seçkilərin bu qədər diqqəti cəlb edəcəyi, rezonans doğuracağı gözlənilmirdi. Çünki Konstitusiyaya görə,Gürcüstanda prezident vəzifəsi nominal təmsilçilik funksiyaları olan bir vəzifədir. Gürcüstan parlament respublikasıdır və ölkə Konstitusiyasına görə, səlahiyyətlərin böyük əksəriyyəti baş nazirə, ilk növbədə parlamentə məxsusdur. Amma çox rezonanslı seçkilər oldu. Yəni bizim gözlədiklərimizin əksinə olaraq, birinci turda hakim partiyanın dəstəklədiyi Salome Zurabişvili qalib gələ bilmədi. Bilirsiniz ki, ondan əvvəl “Gürcü arzusu” öz namizədini irəli sürməmişdi. “Gürcü arzusu” bəyan etmişdi ki, o müstəqil namizədlərdən birini dəstəkləyəcək. Sonra isə Salome Zurabişvilinin namizədliyini dəstəklədi.
- “Gürcü arzusu” nə üçün seçkidə öz namizədi ilə çıxş etmədi?
- Bu, nə ilə bağlı idi? Gürcüstanda “Gürcü arzusu” Partiyası demək olar ki, hakimyyətin bütün şaxələrində iqtidardır. Yəni iqtidar bizə məxsusdur. Parlamentdə Konstitusiya çoxluğuna malikdir. Hökumət bizim partiyanın təmsilçilərindən təşkil olunub. Yerli özünüidarə orqanları, yəni bələdiyyə sədrləri, demək olar ki, bizim partiyadan təşkil olunub, bələdiyyə məclisləri bizim partiyanın təmsilşiləridir. Belə bir şəraitdə ölkədə demokratiyanın daha da gəlişməsi naminə “Gürcü arzusu” öz namizədini irəli sürmədi və müstəqil namizədi dəstəkləyəcəyini bəyan etdi. Bildiyimiz kimi, müstəqil namizəd də Salome Zurabişvilidir. Salome Zurabişvili həm Gürcüstanda, həm də dünyada yetərincə tanınan, çox müsbət bir imicə malik olan, demokratik dəyərlərə sadiq, ölkənin Avropaya inteqrasiya istiqamətində ən uğurlu namizədlərdən bizim partiya üçün birincisi oldu. Bilirsiniz ki, o, Fransada doğulub, uzun müddət orada çalışıb. Babaları Gürcüstan demokratik respublikasının süqutundan sonra Fransaya mühacir etmiş insanlardır. Salome Zurabişvili əsilzadə bir ailənin övadıdır. O, bir müddət də Gürcüstanın xarici işlər naziri olub, indi parlamentin deputatı idi. Gürcüstanda prezidentliyə namizəd olmaq üçün Fransa vətəndaşlığından imtina etdi. Yəni Salome xanım hərtərəfli olaraq bütün keyfiyyətlərinə görə Gürcüstan prezidenti vəzifəsinə ən uyğun namizədlərdən birincisi ola bilərdi və bizim partiya da onu dəstəklədi.
Amma bizim bu gözləntilərimiz özünü doğrultmadı. Seçkilərdə heç bir namizəd səslərin 50 fazini keçmədi. Çünki qanunvericilyiə görə, 50+1 toplayan qalib sayılır. Heç bir namizəd bu qədər səsi toplaya bilmədi və seçkilər ikinci tura qaldı.
Təbii ki, yenə də bu, bizim qələbəmizdir. Həm ona görə ki, bizim namizədimiz hamıdan çox səs toplayıb, həm də ki, bu seçkilər bir daha bütün dünyaya sübut etdi ki, Gürcüstanda azad, demokratik, beynəlxalq standartlara uyğun olan seçkilər keçirilib və bu demokratiyanı, bu standartları bu ölkəyə məhz “Gürcü arzusu” iqtidarı gətirib.
Mənim özüm 2012-ci ildə Marneulidən “Gürcü arzusu” Partiyasının majoritar deputatlığına namizəd idim. Ondan əvvəl də demək olar ki, Gürcüstanda bütün siyasi hadisələrin fəal iştirakçısı olmuşam. Yəni mənim şəxsi qənaətim budur ki, seçkilər demokratik, şəffaf keçirildi. Bu seçkilərin demokratik, şəffaf, rəqabətli bir şəraitdə keçirildiyinə bütün beynəlxalq müşahidəçilər, hətta müxalifət belə irad tuta bilmədi.
- Siz deyirsiniz ki, müxalifət irad tuta bilmədi, amma Vaşadze bu seçkilərdə 20-25% saxtalaşdırma olduğunu açıqladı.
- Birincisi, 20-25% demirlər. Hər şeyin bir həddi var. Söhbət birinci turda onların qalib gəlməsindən getmir. Onlar iddia edirlər ki, birinci turda biz Zurabişvilidən bir neçə faiz artıq toplamışıq. Fakt ortadadır. Əgər əsaslı faktları varsa, subut etsinlər. Dediyim kimi, yekdilliklə beynəlxalq müşahidəçilər kiçik qanun pozuntularını istisna etməklə, seçkilərin tam şəffaf, demokratik bir şəraitdə keçirildiyini bəyan etdi. Xırda qanun pozuntularının seçkilərin nəticələrinə təsir göstərmək dərəcəsində olmadığını qeyd etdilər. Ayrı-ayrı hallarda müəyyən pozuntular olub, onların əksəriyyəti ilə bağlı cinayət işi qaldırılmayıb, onlardan  yalnız bir neçəsi ilə bağlı cinayət işi qaldırılıb. Amma ötən illərin statistikasına baxsanız, demokratiyadan, pozuntulardan dəm vuran Vahid Milli Hərəkat Partiyasının hakimyyətdə olduğu illəri müqayisə etsəniz, tamamilə əksqütblü bir mənzərədir. Yəni o dövrdə seçicilərin təqib olunması, kütləvi surətdə təzyiqlər və s. görərsiniz. Bu seçkiləri yekdil olaraq bütün dünya qəbul etdi ki, seçkiləri demokratik keçirilib. Əgər “Gürcü arzusu” seçkiləri saxtalaşdırsaydı, qalib gələrdi.
2012-cü ildən üzü bəri “Gürcü arzusu” seçkilər keçirir. 2013-cü ildə prezident, 2016-cı ildə parlament seçkiləri, 2014/17-ci illərdə isə yerli idarəetmə orqanlarına seçkilər keçirildi. Yəni seçkilərin hamısı beynəxalq aləmdə demokratik seçkilər kimi qəbul olunub. Təbii ki, burada müxalifətin niyyəti ayrıdır.
-Mahir müəllim, seçkilər ikinci tura qaldıqdan sonra hakim partiya öz mövqeyində hər hansı bir dəyişiklik edə bilərmi? Çünki Tiflis meri Kaxa Kaladaze  partiyanın Salome Zurabaşvilinin dəstəklədiyinə görə səhv etdiyini açıqlayıb.
-Dünən (ötən həftə - red.) partiya liderlərinin iştirakı ilə parlament çoxluğunun müşavirəsi keçirildi. Seçkilərdə ilk rəqəmlər ortaya çıxanda artıq bəyantlar verilmişdi ki, bu nəticələr ciddi şəkildə analiz olunacaq, harada səhv buraxıldığı, lazımi tədbirlərin alınmadığı təhlil olunacaq. Həmin müşavirədə son qərarımız oldu ki, geriyə heç cür yol ola bilməz. Bizim geriyə qərarımız ola bilməz. “Gürcü arzusu” Partiyası Salome Zurabişvilini dəstəkləməkdə davam edir. Bundan əlavə, əgər bizim dəstəyimiz ancaq Salome Zurabişvilinn qərargahı vasitəsilə idisə, indi “Gürcü arzusu” Salome Zurabişvilinin seçki qərargahına dəstək qərargahı yaradıldı. Parlamentin sədri İrakli Kobaxidze rəhbərlik edir. O cümlədən digər bir ştab Tbilisi şəhərində fəaliyyət göstərəcək, ona da Tbilisi şəhərinin meri Kaxa Kaladze rəhbərlik edir. Yerlərdə partiya artıq fövqalədə iş rejiminə keçib, qüvvələr səfərbər olunub. Bizim qənaətimiz bundan ibarətdir ki, seçkidə biz öz qüvvələrimizi yetərincə səfərbər etmədik. Bundan başqa, bizim piar siyasətimizdə bəzi nöqsanlar oldu. Müxalifət isə əskinə bütün qüvvələrini səfərbər edə bildi və həmçinin böyük maliyyə vəsaitlərini cəlb etdi. Eyni zamanda seçki ərəfəsi bizim hökumətin atdığı bir sıra qeyri-populist addımlardan da bizim namizədə qarşı antipiar kimi istifadə etməyəi bacardı. Məsələn, xüsusilə marixuananın becərilməsi, istehsalı və ixracı ilə bağlı qanun layihəsinin qəbul edilməsi gürcü cəmiyyətində çox rezonans doğuran qanun layihəsi idi. Müxalifət bundan populist mülahizələrlə istifadə edə bildi.
Sizə bir fakt deyim. Qriqol Vaşadzenin vədlərində bildirilirdi ki, pensiyaları 400 lari edəcək. Düzdür, Gürcüstan yetərincə siyasi mədəniyyəti yüksək olan bir ölkədir. Əhalinin ictimai-siyasi fəallığı yüksəkdir. Bilirsiniz ki, əhalinin pensiyaçılar zümrəsi yaşlı adamlardır və böyük əksəriyyəti orta təhsili də olmayan adamlardır. Yəni, dediyim kimi, prezidentin Gürcüstanda ancaq simvolik, nominal təmsilçilk səlahiyyətləri var. Prezidentin heç bir imkanı, resursu, rıçağı yoxdur ki, pensiyanı 400 lari yox, 4 qəpik də artıra bilsin. Belə görünür ki, biz bu  kimi məqamları əhaliyə, seçilərə çatdıra bilmədik. Sualınıza net olaraq cavab verirəm ki, “Gürcü arzusu”nun planlarında heç bir dəyişilik yoxdur.
- Yeri gəlmişkən, son günlər Zurabaşvili ilə hakim partiya daxilində fikir ayrılığı olduğu da səslənir. Bütün bunlar növbəti seçki prosesinə nə kimi təsir göstərə bilər?
(Ardı var)

Şamo EMİN, Hurriyyet.org