“Demokratik qüvvələr təkrar seçkilərin keçirilməsinə nail olacaq” – ƏNVƏR BÖRÜSOY

Baxış sayı:
3829

“İvanişvili bu seçkilərə 600 milyon dollara qədər vəsait xərcləyib” Gürcüstanda noyabrın 28-də keçirilən prezident seçkilərinin ikinci turunun nəticələri ilə barışmayan birləşmiş müxaliftət nəticələrinin ləğv olunmasını tələb edir. Müxalifətin bu tələblə bağlı iddiası iki gün öncə Tiflis Şəhər Məhkəməsinə təqdim olunub. Müxalifətin vahid namizədi olmuş Qriqol Vaşadze iki gün keçirilən brifinqdə prezident seçkilərində seçicilərin səslərinin satın alınması ilə bağlı çoxlu faktların olduğunu bildirib. O deyib ki, müxalifətin iddiasına beynəlxalq təşkilatların qiymətləndirmələri də əlavə olunub. Beynəlxalq müşahidə missiyasının hesabatı seçicilərin səslərinin kütləvi şəkildə alınmasını birbaşa sübut edir. G.Vaşadze qeyd edib ki, məhkəmə iddiasında 600 min vətəndaşın kredit borclarının silinməsinin seçicilərin birbaşa satın alınması olduğu göstərilib: “Bundan başqa, seçicilərə kartof, soğan və istifadə olunmuş paltarlar da paylanılıb və bu faktları sübut edən video və audio sübutlar var”. Maraqlıdır ki, Tiflis Şəhər Məhkəməsi iddiaya necə yanaşacaq? Yəni bu iddianın təmin olunma ehtimalı varmı? Açığı, Tiflis Şəhər Məhkəməsinin seçkilərin nəticələrini ləğv edəcəyi gözlənilən deyil. Çünki hakimiyyətin təsiri altında olan Tiflis Şəhər Məhkəməsinin bu ədalətli qərarı verməyə siyasi iradəsi çatmaz. Bu baxımdan, yeni seçilmiş prezidentin andiçmə mərasimi günü, yəni 16-da müxalifətin aksiyası zamanı Gürcüstanda qarşıdurma ehtimalı da istisna deyil. Xatırladaq ki, noyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda Salome Zurabişvili 59,52 faiz səslə dövlət başçısı seçilib. Onun rəqibi Vahid Milli Hərəkat Partiyasının prezidentliyə namizədi Qriqol Vaşadze isə 40,8 faiz səs toplaya bilib. Dekabrın 16-da Kaxeti bölgəsinin Telavi şəhərində yeni seçilmiş prezidentin andiçmə mərasimi olacaq. “Gürcüstanın demokratik nümunəsinin sıfıra endirilməsi prosesinə start verilib” Gürcüstan müxalifətinin seçkilərin nəticələrinin ləğv olunması tələbini şərh edən Cənubi Qafqaz üzrə siyasi analitik Ənvər Börüsoy “Hürriyyət”ə dedi ki, Gürcüstan bu seçki ilə həm Avropada, həm də dünyanın demokratik dövlətləri, beynəlxalq demokratik təşkilatları arasında nüfuzdan düşüb: “Ona görə ki, bu seçkidə Gürcüstan korrusiya halları ilə üz-üzə qalıb. Belə ki, seçkilərdən bir neçə gün öncə baş nazir bəyanat verərək, əhalinin banklara olan borclarının böyük bir hissəsini, ən azından 50%-nin dövlət büdcəsi hesabına silinməsi haqqında qərar qəbul etdi və bununla da əhalini köhnə iqtidarın nümayəndəsinə səs verməsi üçün səfərbər etdi. Bütün bunlar azmış kimi, əhalinin kasıb təbəqələrinə hər bir ailəyə 5 kq kartof, 3 kq soğan, pul vəsaitləri verilib. Əhalinin səsini qazanmaq üçün kəndbəkənd gəzərək bu aksiyanı keçiriblər. Bu aksiyada keçmiş iqtidarın sosial bazasını təşkil edən ermənilər daha fəal olublar. Bu, sirr deyil. Ona görə ki, Zurabişvili iqtidarı Gürcüstanın Rusiya ilə inteqrasiya məsələsini ciddi şəkildə ortaya qoyub. Beləliklə də addım-addım Gürcüstanın demokratik nümunəsinin sıfra endirilməsi prosesinə start verilib. Məsələ bunun üzərindədir. Odur ki, yenidən demokratik fikrin tərəfində duranlar, Saakaşvili dönəmində Gürcüstanda yaranan demokratik təsisatlar yeni dövlət quruculuğu, insan haqlarının qorunması və ədalətli dövlət sisteminin ortaya qoyulması tərəfdarları bununla barışmır. Nəticədə, bütün müxalif çevrələr demokratik qüvvələrin yanında olmaq şərti ilə aksiyalara başlayıblar. Bu, təqdir olunası bir hadisədir. Məndə olan məlmatlara görə, onların əllərində çox ciddi sənədlər var. Təəssüflər olsun ki, İvanişvilinin təmsil etdiyi “Gürcü arzusu” hərəkatı və onları təmsil edən yerli hakimlər, prokurorluq, daxili işlər orqanları qanun pozuntuları ilə bağlı hər hansı bir ciddi addım atmırlar. Hətta şikayətləri, əldə olan sənədləri ciddi sənəd kimi qəbul etmirlər. Ona görə, demokratik qüvvələrin məcbur olub, hüquqi müstəvidən daha çox aksiyalara cəlb olunması müşahidə olunur”. “Gürcüstanda anti-demokratik qüvvələrin qələbə çalması anormallığa gətirib çıxaran bir prosesə çevrilə bilər” Ə.Börüsoy Gürcüstanda baş verənləri Ermənsitanla müqayisə etdi: “Ermənistanda 3 gün bundan qabaq seçkilər keçirildi və Paşinyan qələbə çaldı. İlk dəfə olaraq “Daşnaksütyun” partiyası parlamentdə yer tutmadı. Yəni 1998-ci il parlamentdəki dövlət çevrilişindən sonra hakimiyyətə gələn erməni hərbi xuntasının əsas gücü “Daşnaksütyun”partiyası idi ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin siyasətini yürüdürdü, amma onlar indi 5%-lik baryeri keçə bilmədilər. Bu, mühüm şərtdir. Demək, Ermənistanda demokratik qüvvələr qələbə çalıblar, Gürcüstanda isə anti-demokratik qüvvələrin qələbə çalması anormallığa gətirib çıxaran bir prosesə çevrilə bilər. Bu, ümumilikdə bütün Qafqaza sirayət edən yeni qarşıdurmalara, siyasi kataklizimlərə gətirib çıxaran səbəb ola bilər. Buna görə də vəziyyətdən çıxış kimi hüquqi nihilizmlə, yəni qanunların tapdalanması ilə demokratik qüvvələr barışmır. Onun üçün də məcbur olub, aksiyalar keçirirlər”. Ekspertin fikrincə, seçkiqabağı müşahidələr onu göstərdi ki, Borçalıda azərbaycanlıların 90%-i demokratiyanın tərəfində durduğu üçün Saakaşvilinin müdafiə etdiyi xəttin yanında idi: “Heç də sirr deyil ki, Bakradze milli fərq qoymadan, Borçalı bölgəsində əhali ilə daha çox görüşlər təşkil etmişdi. Yəni etnik ayrıseçkilik etmədən bütün Gürcüstan xalqlarını birləşdirən bir siyasi düsturla hərəkət edirdi. Ona görə ki, demokratik qüvvələr etnik millətçilik üzərində deyil, vətəndaş millətçiliyi üzərində yeni Gürcüstan siyasətini istəyirlər. Bu, nə deməkdir? “Mən gürcüstanlıyam”, yəni fərq yoxdur bu, azərbaycanlıdır, gürcüdür, osetindir, abxazdır v.s. vətəndaş millətçiliyi siyasətinə üz tutub. Amma keçmişdən miras qalan siyasət yenidən İvanişvilinin və onun yedəyində gedən Salome Zurabişvilinin sərgilədiyi siyasətdir. Onun üçün də Zurabişvili seçki ərəfəsində apardığı təbliğatların birində azərbaycanlılar, Borçalı məsələsində çox kəskin mövqe nümayiş etdirmişdi. Demişdi ki, Saakaşvili azərbaycanlılara çox üz vermişdi. Gürcü cəmiyyətinin yenidən süni şəkildə etnik millətçiliyə yönəldilməsi Gürcüstanda deyil, Qafqazda etnik qarşıdurmalara gətirib çıxaran faktorların yenidən zühut etməsi deməkdir. Demokratik qüvvələr bunula barışmır. Ona görə də aksiyalar başlayıb və bu aksiyalar təqdir olunası bir məsələdir. Amma bu ondan asılıdır ki, gürcü xalqı bu aksiyalarda nə dərəcədə fəal olacaq və demokratik güclər irəli getmək üçün nələr edəcək. Yaxın bir neçə gündə, hətta bu həftənin sonuna qədər bu məsələ həll oluna bilər. Gürcüstanda dövlət hakimiyyətində təmsil olunan məhkəmələr, prokurorluq və daxili işlər orqanları İvanişvlinin kölgəsi altında qalmaqla ələ alınıblar. Ona görə də qanunsuzluqlar oradan başlayır. Hər hansı bir ölkədə bu orqanlar qanunsuzluqlara əməl edirsə, demək o ölkədə demokratiya yoxdur. Gürcü cəmiyyətində də bu seçkilərdən sonra demokratik qüvvələr qanun pozuntularının məhkəmələr vasitəsilə həll olunmasına çalışıblar. Hətta cinayət törədən şəxslərlə bağlı yazılı arayışları, sənədləri prokurorluq orqanlarına təqdim etsələr də, nə məhkəmələrdə, nə prokurorluq oranlarında, nə də daxili işlər orqanlarından heç bir reaksiya verilməyib. Bu 3 orqanın qanunsuzluğa gətirib çıxaran əməlləri Qafqazı daha dərin böhranlar içinə sürüklədiyi üçün demokratik qüvvələr ayağa qalxır və bu təqdir olunası bir məsələdir”. “Mən inanıram ki, Gürcüstanda demokratik qüvvələr qələbə çalacaq” Dekarbrın 16-da müxalifətin Salome Zurabişvilinin inauqrasiya mərasimi günündə Gürcüstanda qarışıqlıq yarada biləcəyinə gəlincə, Ə. Börüsoy dedi: “Mən bunu gözləyirəm. Unutmayaq ki, demokratik qüvvələr vaxtilə Şverandzenin həyata keçirdiyi 2002-ci ildə saxta parlament seçkilərində xalq necə ayağa qalxdı və bununla da həmin qanunsuzluqları durdurdular. Gürcüstan cəmiyyəti doğurdan da demokratik bir yolla inkişaf etməyə başladı. Mən inanıram ki, Gürcüstanda demokratik qüvvələr qələbə çalacaq. Çünki orada bu təcrübə var. Söhbət müxalifət olmaqdan getmir. Ölkəni “bezpredelliyə” gətirib çıxaran amillər var ki, bunu ancaq vətəndaş cəmiyyəti vasitəsilə həll etmək olar. Çünki Gürcüstan başqa ölkələrdən fərqli olaraq siyasi kurasiyalar səviyyəsində deyil, vətəndaş cəmiyyəti səviyyəsində idarə olunur və vətəndaş cəmiyyətləri hansı siyasi partiyaya daha çox dəstək verirsə, o partiya hakimyyətə gəlir. Salome Zurabişviligil gördülər ki, vətəndaş cəmiyyəti, bunların arxasında deyil, ona görə korrupsiya yolu ilə seçkiləri qazanmağa başladılar. Bunun üçün də demokratiyanın yanında duran təşkilatlar bununla barışmadılar. Mən inanıram ki, bunlar kifayət qədər təcrübəli təkilatlardır və qələbə çalacaqlar”. “İvanişvilinin komandası mövqeilərində sərt dayansa, Avropa Birliyi Gürcüstandan üz döndərcək” Ə.Börüsoy onu da nəzərə çatdırdı ki, İvanişvili bu seçkilərə təxminən 600 milyon dollara qədər vəsait xərcləyib: “Bunun da yarısı dövlət büdcəsindən talanmış vəsaitdir. Mən gündəlik bu məsələləri təqib edirəm. Məsələn, Msxeti rayonunda səsləri qazanmaq üçün əhaliyə nə qədər pul paylanılıb, nə qədər əhali onlara səs verib, onları bütün Gürcüstan üzrə heablayanda 600 milyon dollara çıxır. Qəsdən bu rəqəmi aşağı endiriblər. Çünki dövlət büdcəsindən taladıqları görünməsin. Amma əslində, seçkidə qələbə çalmaq üçün 600 miyon dollar xərclənib. Qələbə çalmaq üçün bütün televiziya kanallarını, saytları nəzarətə alıblar. Onlara külli miqdarda pullar verilib, əhaliyə pul, ərzaq məhsulları paylanılıb. Bunlar hamısı çox böyük miqarda puldur. Ondan başqa, Rusiyadan, Ukraynadan kriminal aləmin nüfuzlu şəxslərini Gürcüstana gətirib onlar vasitəsilə hər bir kəndi təhdid altında saxlamaqla, kriminal qruplaşmalara xeyli pul xərclənib. Əhalinin təhdid altında saxlamaqla, seçki saxtakarlığına yol veriblər. Bunu üçün kriminal aləmi, polisi, məhkəməni, prokrorluq orqanlarını da cəlb ediblər və bütün bu saxtakarlıqlar kompleks şəkildə aparılıb. Çox təəssüflər olsun ki, Azərbaycan mətbuatı həmən bu qanunsuzluqları işıqlandırmadı, bu qanusuzluqlara reaksiya vermədi. Mənə elə gəlir ki, demokratiyanın yanında duran qüvvələr beynəlxalq təşkilatları bu işə cəlb edəcəklər. Çünki Gürcüstan vətəndaşlarının Avropa Birliyi ölkələrinə gediş-gəlişi var. Gürcüstan vətəndaşları gedib Avropada çox rahatlıqla istədikləri pulu qazana bilirlər. Əgər İvanişvilinin komandası möveilərində sərt dayansa, onda Avropa Birliyi Gürcüstandan üz döndərcək. O zaman Gürcüstan ağır bir fəlakətə düşəcək və sosial problemlərin məngənsidə qalacaq. Rusiyaya ümid etmək olmaz. Rusiyanın özündə iqtisadi cəhətdən iflas gedir. Belə bir şəraitdə Gürcüstan yox olma təhlükəsi ilə üzləşə bilər. Bütün bunları nəzərə almaq lazımdır. Yəni İvanişviligil şəxsi məqsədlərinə görə Rusiyaya inteqrasiya siyasətini ortaya atıblar, amma bu bəlanı gürcü xalqı cəkəcək. Ona görə də demokratik qüvvələr bunu nəzərə alıb, aksiyalar keçirirlər. Mən inanıram ki, demokratik qüvvələr yaxın günlərdə təkrar seçkilərin keçirilməsinə nail olacaq”.