"Dedim baş prokuror vəzifəsindən başqasını istəmirəm" - TANINMIŞ VƏKİL AXC HAKİMİYYƏTİ HAQDA: “Elçibəy dedi ki, bizim hərəkat yüzilliklər üçün nəzərdə tutulub”

Baxış sayı:
8515

1987-88-ci illərdə Azərbaycanda başlamış xalq hərəkatının nəticəsində Azərbaycan Xalq Cəbhəsi yaradılıb.

1989-cu ildə təsis edilən və xalq arasında AXC kimi tanınan qurum həmin dövrün ziyalılarını, ictimai fəallarını birləşdirib. AXC-nin ilk rəhbəri Əbülfəz Elçibəy olub. Həmin vaxt sovet Azərbaycanın rəhbərliyi də AXC ilə hesablaşmağa məcbur olub.

1992-ci ildə AXC prezident seçkisinə qatılır və hakimiyyətə gələ bilir. Amma AXC hakimiyyətinin ömrü uzun çəkmir. 1993-cü ildə baş vermiş Gəncə hadisələri nəticəsində keçmiş Azərbaycan SSR-nın birinci katibi olmuş Heydər Əliyev hakimiyyətə gəlir. AXC 1995-ci ildə siyasi partiyaya çevrilir. Bəzi AXC-çilər isə elə həmin vaxt hərəkatdan ayrılaraq öz siyasi partiyalarını qururlar.

BBC News Azərbaycanca "Geriyə baxış - Azərbaycan Xalq Cəbhəsi 30" rubrikasında təşkilatı quranlarla silsilə müsahibələr hazırlayıb. Növbəti müsahib AXC-ni yaradanlardan deyil, prosesi kənardan izləyən, onların birillik hakimiyyəti dövründə yüksək vəzifədə təmsil olunanların sonradan vəkilliyini etmiş Adil İsmayılovdur.

- Adil bəy, sosial mediada AXC ilə bağlı xatirələrinizi yazacağınızı bildirmisiniz. Siz xatirələri yazmağa başlayana qədər bəlkə bəzilərini BBC News Azərbaycanca ilə bölüşəsiniz? Həmin dövrdə AXC-yə münasibət necə olub? Sizin bu təşkilatla bağlı təssüratlarınız necə idi?

- Mən AXC-nin yaranmasında iştirak etməmişəm, heç bir rolum olmayıb. Onun necə yaradılmasını kənardan izləmişəm. AXC yarananda mən dövlət qulluğunda idim, Respublika Prokurorluğunda (indiki Baş Prokurorluqda - red.) müstəntiq işləyirdim. 1991-ci ildə mən prokurorluqdan gedəndən sonra Xalq Cəbhəsi ilə yaxından tanış olmaq imkanı əldə etdim.

1991-ci ilin avqustunda "QKÇP" hadisələrindən sonra qərara gəldim ki, prokurorluqdan getməliyəm. Yəni, belə fikir yaranmışdı ki, Azərbaycan müstəqillik qazanacaq, nəsə demokratik cəmiyyət qurulacaq. Bu fikirlə, bu ab-havada prokurorluqdan getdim. Bir az da hay-küylü getdim.

- Nəyə görə getmək qərarı verdiniz? Yəni artıq ölkədə ab-hava dəyişdiyinə görə prokurorluqda işləmək mümkün deyildi?

- İşləmək həmişə mümkündür. Sadəcə həmişə fikirləşmişəm ki, hüquq sahəsində ən layiqli peşə vəkillikdir. O dövrdə də, indi də dövlət qulluğunda olan adamlar maaşdan əlavə nəyəsə göz dikirlər. Hərə adını bir cür deyir, kimi rüşvət deyir, kimi də hörmət. Nə isə. Fikirləşirdim ki, müstəqil hüquq fəaliyyəti ilə məşğul olacam. Ərizə yazıb getdim.

Kiçik bir haşiyə çıxım. O dövrdə prokurorluqdan getmək ağılsızlıq sayılırdı. Mən 1978-ci ildən 1991-ci ilə qədər 13 il prokurorluqda işləmişəm. Özü də yaxşı işləmişəm, tutduğum vəzifə də pis deyildi: mühüm işlər üzrə müstəntiq idim. O dövr üçün yüksək vəzifə sayılırdı. Ordan getdim və sual yarandı: hara gedəcəm? Dövlət qulluğundan getməklə dövlətlə əlaqələri kəsmişdim. Onda fikirləşdim ki, Xalq Cəbhəsinə gedim.

O vaxt üzdə olan, hakimiyyətlə mübarizə aparan, ona müxalifətdə duran Xalq Cəbhəsi idi. Onda AXC keçmiş Sovetskidə yerləşirdi, Nərimanovun heykəlinə çatmamış sol tərəfdə bir hamam vardı, orda otururdular. Gəldim ora, gördüm burda çox müxtəlif fikirli adamlar yığışıb. Hamının da bir amalı var, SSRİ-nin dağılmağını istəyirlər. Ancaq bundan sonrakı dövrü hərə bir cür görür. Yəni orda hər cür, hər tipdə adam vardı. O vaxt bizim sədr Əbülfəz Elçibəylə bir neçə dəfə görüşlərimiz oldu. Onunla təkbətək görüşdük.

- Elçibəylə nələri müzakirə edirdiniz?

- Çox şeyi. Yəqin bunları nə vaxtsa ayrıca yazacam. Elçibəylə tanışlığımız necə yaranıb onu deyim. Mən prokurorluqdan gedəndən sonra respublika prokuroruna bir açıq məktub yazmışdım. Onu da çap edilməsi üçün "Azadlıq" qəzetinə vermişdim. Mən yazını verəndə demişdilər ki, yazı sabahkı sayda çıxacaq. Bir gün, iki gün... Yazı çap olunmadı. Gəldim redaktorla görüşdüm, Nəcəf Nəcəfovdan bunun səbəbini soruşdum. O da sakit, təmkinlə cavab verdi: "Bəy, biz belə məktublardan hər gün 200-300 dənə alırıq və hesab edirik ki, onun çap edilməsinə ehtiyac yoxdur".

- Siz o məktubda nələrə toxunmuşdunuz?

- Respublika Prokurorluğundakı vəziyyətə, sistemdəkı çatışmazlıqlara. Yəni bu haqda yazmışdım. O vaxt gənc idim, 34 yaşım vardı. Yəni fikirləşirdim ki, belə olmaz, sistemi dəyişmək lazımdır. Nəcəf bəy dedi ki, yazı çap olunmayacaq. Mən də çıxdım. Redaksiyada gənc jurnalistlər vardı. Mən orda Xaliq Bahadırı, Əli Kərimlini gördüm, onda Əli Kərimli "Azadlığ"ın parlament müxbiri idi.

Səhv etmirəmsə, Gündüz də orda idi. Jurnalistlər danışdılar ki, bəy, biz o yazının getməsini çox istəyirdik, hətta burda mübahisə düşdü, biz Nəcəf bəyə yazının verilməli olduğunu dedik, ancaq o çap etmədi. Onlar mənə dedi ki, çalışın Əbülfəz bəylə görüşün, o desə bəlkə yazı çap edildi.

Əbülfəz Elçibəylə birinci görüşümüzə səbəb bu oldu. Qardaşının evində görüşdük. Yazını da özümlə götürmüşdüm, baxdı. O da soruşdu: "Necə olub ki, bunu çap etməyiblər?" Amma əlavə etdi ki, çap ediləcək. Elə səhərisi qəzetdə dərc olundu. Yəni Əbülfəz bəylə tanışlığımızın başlanğıcı belə olub. Sonralar da görüşürdük.

- Amma demədiniz bu görüşlərdə nəyi müzakirə edirdiniz...

- Mən birinci görüşdə ona dedim ki, bəy, bura gəlib gedirəm, amma qəribə mənzərə görürəm. Yəni, sizin Cəbhədə cürbəcür adamlar var, qarışıqlıqdı, ağzını açanda biri İrandan, biri Turandan danışır, biri Türkiyəyə birləşir, biri SSRİ-nin tərkibində nəyisə dəyişir. Nə cür istəsən fikir var, bir-birini inkar edən fikirlərdi həm də. Mənə qəribə gəlirdi ki, bir təşkilatda bu qədər müxtəlif fikirli adam necə birləşə bilər? Əbülfəz bəy cavab verdi ki, burda qəribə heç nə yoxdur, bu, plüralizmdir, hamının fikrinə hörmətlə yanaşırıq.

Dedim, bəy, mən də plüralizm nədir bir az başa düşürəm, amma başqa cür başa düşürəm. Bizim cəmiyyətdə olanlar "A" nöqtəsindədir, hamı da "B" nöqtəsinə getmək istəyir, elə bu cür də kağız üzərində onun üçün çəkirdim, dedim ki, mən həmin nöqtəyə çatmaq üçün düz yolla getməyi təklif edirəm, amma bəzisi fərqli fikirdədir, düşünür ki, burda çoxlu əngəllər var, sağdan gedək, bəzisi də deyir: "Yox, soldan gedək".

Dedim, başa düşdük plüralizmdir, ancaq təşkilatda bir lider olsun, çıxsın qabağa desin ki, "B" nöqtəsinə bu yolla gedəcəyik. Yenə razılaşmadı. Cavab verdi ki, qoy hər kəs öz yoluyla getsin, hər kəs öz fikrini desin, tutanda da hamını tutsunlar. Bundan sonra da başqa mövzularda söhbət etdik. Bu söhbətlər onunla yekunlaşdı ki, mən Əbülfəz bəyin özünə bir məktub yazdım. Adını da belə qoydum: "Mən niyə Xalq Cəbhəsinə qoşulmadım?"

1992-ci ilə - Əbülfəz bəyin prezidentliyinə qədər görüşlərimiz davam etdi. Prezidentliyi dövründə ötəri görüşlərimiz olub, ayaqüstü.

- Belə başa düşmək olar ki, AXC-də vahid siyasi xəttin olmamasına görə ordan uzaqlaşdınız?

- Yazıda da var o. Mən həmişə öndə olan adamlardan olmuşam, heç kimin arxasınca getməmişəm. Rəhmətlik anam deyirdi: "De ki, kim mənimlədir, mən kiminləyəm yox". Mən qabaqda olmağa öyrənmişəm. Yəni məktubun məğzi də buydu ki, siz hara gedəcəyinizi bilmirsinizsə, camaatı hara aparırsınız? Soruşurdum ki, bir həftə, bir ay sonra nə olacaq? Bunları əvvəldən proqnozlaşdırmaq lazımdır. Əbülfəz bəyin cavabı qeyri-adi oldu: "Bunlar xırda zamanlardır. Bizim hərəkat yüzilliklər üçün nəzərdə tutulub".

- Yəni yaxın hədəflərdən, məsələn, ölkənin müstəqillik qazanmasından, ərazi bütövlüyünün qorunmasından, siyasi, iqtisadi islahatlardan danışmırdı?

- Müstəqillik çox yaxşıdır. Yəni, Çinə qədər gedib tutacaqdıq... Real olaraq nəyə nail olmaq istədiyimiz bilinməlidir. Bunu bilmirəmsə, görmürəmsə, nəyə görə kiminsə qabağına düşüm, arxamca da 5-10 adam gəlsin və axırda da gedib divara dirənək, ya da uçuruma düşək? Ona görə də AXC-yə qoşulmadım. Başqa səbəblər də vardı.

- Məsələn?

- Ümumi gördüyüm odur ki, adamların ola bilsin xoş niyyətləri vardı. Amma bu ideyanı kiminlə və necə etmək, reallaşdırmaq lazımdır bilmirdilər, kadr yox idi, məsələn. Cəbhənin bir illik hakimiyyəti dövründə bunlar açıq-aydın göründü. Köhnələrin çoxunu sabotaj etdilər, bir hissəsi yeni hakimiyyətə kömək etmək istəmədi, ya da qarşı tərəf kömək etmək istəyənləri yaxına qoymadı, yəni cəbhəçi olmayanla əməkdaşlıq edilmədi. Cəbhəçilər deyirdi ki, biz can qoymuşuq, milisin qabağına çıxmışıq, biz də vəzifə almalıyıq. Birdən-birə elə adamlar vəzifəyə oturduldu ki, normalda bu olmamalıydı.

- Bəlkə sizin kimi vaxtilə dövlət qulluğunda çalışmış adamlar kənara çəkilməsəydi, AXC hakimiyyəti ilə əməkdaşlıq etsəydi belə olmazdı?

- Mən özüm hüquq sahəsində azdan-çoxdan tanınan mütəxəssislərdən idim, SSRİ miqyasında ən yaxşı müstəntiqlərdən sayılırdım. Mən kənardan hüquq-mühafizə orqanlarında gedən prosesləri görürdüm. Deyəcəyim kiminsə xətrinə dəyəcək bəlkə. Məsələn, sistemdən anlayışı olmayan birini şəhər prokuroru qoydular. Yaxud eyni qaydada Respublika Prokurorluğunda bəzi adamlar vəzifəyə gətirildi.

Qıraqdan belə fikir yarana bilər ki, Adil İsmayılov vəzifəyə qoyulmadı deyə o vaxtdan ürəyində nəsə qalıb. Amma tam səmimi deyirəm, mən vəzifə ölüsü, vəzifə düşkünü olmamışam.

Bu gün öz zəhmətimlə, bacarığımla bu yüksəkliyə çatmışam, öz işimi qurmuşam. Şükr Allaha imkanlarım da var, vəziyyətim də pis deyil. Simamı qorumuşam. Amma o vaxt gördüklərim... Sistemdə elə şeylər olurdu ki...

Yeri gəlmişkən, o vaxt mən özüm də jurnalistlik edirdim, "Müxalifət" qəzetində yazırdım. Dövlət Təhlükəsizlik Komitəsinin arxivləri, agentlərlə bağlı çoxlu yazılarım çıxırdı. Sonra ölkədəki ictimai-siyasi durumla bağlı yazırdım. Cəbhə hakimiyyətinin yıxılacağını görürdüm, səhvləri görürdüm.

- "Müxalifət" qəzeti AXC-yə yaxın qəzet idi, amma bu tənqidləri dərc edirdi?

- O vaxt ab-hava başqa cür idi. Mən iyun hadisələri ilə bağlı yazmışdım. Buna qədər fevralda baş verən Ağdərə məsələsi haqda yazmışdım ki, bunun axırı yoxdur. O zaman Daxili Qoşunlarla Müdafiə Nazirliyi arasında qarşıdurma vardı. Bunları yazırdıq. İyun hadisələri haqda yazım belə adlanırdı: "Azərbaycanda ikiqat Gürcüstan variantı".

1992-ci il idi. İsa bəylə görüşdük. Təşəbbüs mənim idi. Onunla müəyyən məsələlərlə bağlı danışdıq. Vəziyyətin kritik olduğunu, hakimiyyəti idarə edə bilmədiklərini, gec-tez onları yıxacaqlarını söylədim. İsa bəy sağ olsun, qulaq asdı və sonda soruşdu: "Sən doğrudan belə hesab edirsən? Onda mənim yanıma niyə gəlmisən?" Cavab verdim ki, bəy, Cəbhə hakimiyyətində sizi ən ağıllı adam hesab edirəm, ona görə qərara gəldim sizinlə görüşüm.

İsa bəy həmişəki qaydada gülümsündü. Dedi: "Bəy, sizin etimadınızı doğrultmağa çalışacam". Təəssüf ki, doğrultmadı... İsanı universitetdən tanıyırdım, çox yaxınlığımız olmayıb. Amma proseslərdə yaxından görmüşəm. Nəsə, çıxdım getdim. Sonra da yıxıldılar. Mən də İsa bəyin vəkili oldum.

- Nəyə görə hakimiyyətin yıxılacağını düşünürdünüz? Hakimiyyətdəkilər təcrübəsiz və səriştəsiz idilər, yoxsa sağdan-soldan hücunlar çox idi?

- Bir əhvalat danışım. İsa bəylə söhbətdə dediklərimdən biri də bu oldu ki, qanunları pozmayın. O vaxt Bakı Polis İdarəsinin rəisi vardı, Bəxtiyar Əliyev. Deputat idi. Həmin dövrdə Ali Sovetdə prokurorluq işçiləri, polis rəisləri çox idi. Mən də tanıyırdım Bəxtiyar bəyi. Bunu həbs etdilər.

Səhv etmirəmsə, 1992-ci ilin noyabrı idi. Səbəb də odur ki, o, polis rəisi olanda "QKÇP"-nin mitinqini dağıdıb. Bəxtiyar da deputatdır deyə toxunulmazlığı var. Onu da Bakı şəhər prokuroru Çingiz Qənizadə tutub. Bunun həbsi üçün Ali Sovetdən razılıq alınmayıb. Polis rəisini tutandan iki gün sonra parlamentə müraciət edildi. İsa bəy də dedi ki, istəyirsiz səs verin, istəyirsiniz səs verməyin, biz onsuz da onu tutmuşuq. Bu hissə "Azərbaycan" qəzetində də var. Toxunulmazlığı götürüldü, ancaq bir həftə sonra azadlığa buraxdılar.

Axı, polis rəisinin işi asayişi bərpa etməkdir, mitinqə çıxanlarla bağlı tədbir görməkdir. Onda da demişdim ki, bu gün polis rəisini mitinqi dağıtmağa görə tutursunuzsa, sizin dövrünüzdə mitinq olanda heç bir polis rəisi gedib ona müdaxilə etməyəcək. Belə də oldu, iyun hadisələrində hərə çəkilib bir qıraqda dayandı, "niyə başımızı ağrıdaq, bu bizim işimiz deyil" düşündülər. Bunlar Vaqif Hüseynovu həbs etmişdilər, Dövlət Təhlükəsizlik Komitəsinin sədrini. Onu telestudiyanın binası partladıldığına görə tutmuşdular.

- 20 yanvar hadisələri zamanı baş verən partlayışı nəzərdə tutursunuz?

- Bəli, ona görə tutmuşdular.

- Bir il sonra o da azadlığa çıxdı...

- Heydər Əliyev gələndən sonra buraxdılar. Sonra bir də axtarış verdilər. Vaqif Hüseynov da çıxdı getdi. Bu təşkilatın adı nədi? Dövlət Təhlükəsizlik Komitəsi. Onun işi də sistemi, dövləti qorumaqdır. Yəni o dövrdə onlar düşünürdü ki, dövlətin təhlükəsizliyinə problem yaranıb, telestudiyanı tuta bilərlər, ordan efirə çıxa bilərlər və s. Ona görə də partlatdılar.

Vaqif Hüseynovun faktiki bu işə görə tutulması düzgün deyildi, amma başqa cinayətləri ola bilərdi. Ya da Miralim Bəhrəmov vardı, Cəlilabadda AXC-nin sədri olub, sərhədi sökənlərdən idi, Cəlilabadda sovet hökumətini yıxanlardan idi. Onu da tutmuşdular, Miralimin də vəkili olmuşam.

- O nədə ittiham olunurdu?

- Guya Miralim Bakı şəhər Polis İdarəsinə girib, 8 nəfər polisi yığıb başına, Elçibəyi təhqir edib. Yəni, prezidenti təhqir etməkdə ittiham olunurdu. Maddə bu idi. Bu tutulandan bəlkə 10 gün sonra tapdıq. Getdim görüşdüm, danışdım. O vaxt yazırdım axı.

Yazdım ki, bu Miralim, tutalım, prezidenti təhqir edib. Yaxşı bu prezidenti təhqir etmək üçün niyə Bakı Polis İdarəsinə getməlidir? Niyə görə orda 8 polisi yığıb təhqir etməlidir? 8 nəfər polis bu məsələdə şahidlik etmişdi. Absurd bir şey idi. Sadəcə adamın kiminləsə sözü düz gəlməmişdi deyə tutmuşdular. Amma sonra onu da buraxdılar.

Həbs edilənin təqsiri yox idisə bunu isbat edib sərbəst buraxılmasına nail olmaq mümkün idi?

- Absurd hərəkətlər idi də. Bu adamlar bəzi işləri səlahiyyətlərini, qanunları bilmədiklərindən edirdilər. Bu əhvalat yadıma niyə düşdü? 1993-cü ilin fevralı idi, deyəsən. Miralimlə bağlı yazdım ki, ayıbdır, belə şeyə görə adam tutmazlar. Yazı çap olunan günün ertəsi səhər evə zəng gəldi. İsgəndər Həmidov idi, daxili işlər naziri. Dedi: "hamıdan qurtardın, indi də bizdən yazırsan? Yazmısan ki, Miralimi niyə tutublar?". Soruşdum: "Düz yazmamışam?" Cavab verdi ki, vaxtın varsa cəbhənin qurultayıdır, dur gəl ora.

Getdim görüşdük. Çəkdi qırağa söhbətləşdik. Dedi: "Bəy, mən bunlara başa sala bilmirəm ki, demokratiya oynamaq lazım deyil. Bu dəqiqə tutmaq lazımdır, asmaq lazımdır. Heç cür izah edə bilmirəm ki, Heydər Əliyev gələcək, hamınızı bir-bir dənləyəcək". Çox da kobud danışığı vardı. Hakimiyyət dövründə axırıncı dəfə onda görüşdük. Sonra tutulanda İsgəndərin də vəkili olmuşam, İsa Qəmbərin də, baş prokurorun da. Hamısına vəkillik etmişəm, bir Elçibəydən başqa.

Deyəsən, 1997-ci il idi, onunla bağlı prezidenti təhqir etdiyinə görə iş qaldırdılar. Tanışlar zəng vurdular ki, bəlkə siz də qoşulasınız. Mən heç vaxt heç kimə deməmişəm ki, gəl sənə vəkillik edim, müraciət olunub baxmışam. Dedim: "Özü müraciət etsə, vəkillik edərəm". O iş də qısa müddətdə bağlandı getdi.

- İsa Qəmbərə vəkillik edəndə soruşdunuzmu ki, niyə sizə olan etimadı doğrultmadınız, niyə hakimiyyəti saxlaya bilmədiniz?

- İsa bəyə vəkillik məsələsi ortaya çıxanda dedim ki, bizim onunla söhbətimiz olub, o da xoş bitməyib, ancaq özü istəsə vəkillik edərəm. O da bir məktub yazdı, vəkili oldum. Sonra da ayrı-ayrı dövrlərdə görüşmüşəm, partiyanı seçkiyə buraxmayanda Müsavatın da vəkili olmuşam. İndi də xeyirdə-şərdə qarşılaşırıq.

- AXC hakimiyyətə gələndə bir qədər səbrli davranmadığınıza görə peşiman olmadınız ki? Yəni siz də AXC üzvü olsanızhakimiyyətdə təmsil oluna bilərdiniz.

- Mənim o vaxt da, ondan sonrakı müddətdə də prokurorluğa qayıtmaq şansım olub. Yəni dəvət də oldu. Amma mən qayıtmadım. Prokurorluqdan gedəndə demişdim: "Bura gəlsəm baş prokuror gələcəm, başqa vəzifə istəmirəm". 1992-ci ildəsə bu şans yox idi, mən cəbhəçi deyildim.