“Dedim, 60 yaşı var, aramızda heç nə olmayıb...” – QISQANCLIQ ÜSTÜNDƏ QƏTL

Baxış sayı:
5959

Bakıda sevgilisi Gülnarə Sadıqovanı öldürməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Fərhad Şaqaliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Muxalifət.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Fərhad Şaqaliyev ifadə verib.
O qeyd edib ki, mərhum Gülnarə ilə münasibətləri yaxşı olub və bir evdə yaşayıblar: “Heç vaxt aramızda söz-söhbət olmayıb. Mənim öz adıma olan evdə belə, qazın sayğacını onun adına yazdırdım. Evlər sənədsiz idi. Olsa, adına da keçirərdim. Yəni münasibətlərimiz belə olub”.
Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, mərhum onu qısqanclıq barədə aralarında olan mübahisə zamanı qətlə yetirib: “Elə hadisəyə də səbəb həmin gün qısqanclıq üstündə başlayan mübahisə olub. Mən Sabunçuda bir nəfərin evini götürüb təmir etdirirdim. Evin sahibi Minəxanım idi. Mən onunla işlə bağlı telefonla danışırdım. Gülnarə də mənim telefonuma baxırdı, qısqanırdı ki, niyə onunla telefonla danışıram, o mənə niyə zəng edib. Dedim ki, Minəxanımın 60 yaşı var, aramızda da heç nə yoxdur”.
Fərhad Şaqalyevin sözlərinə görə, yenə də ona zəng gələndə telefonu Gülnarə götürüb: “Buna əsəbləşdim və telefonu əlindən aldım. Bu zaman Gülnarə məni söyüş söydü. Ona bir sillə vurdum. Sonra gül qabını götürüb məni vurdu. Söyüş söyəndə bir yumruq vurdum. Başı "şkaf"a dəydi. İkinci dəfə vuranda isə başı kombiyə dəydi. Qolları açıq şəkildə yerə yıxıldı. Yazılıb ki, mən onu ayağımla boğmuşam. Amma yalandır. O yerə yıxılanda bir də üstümə hücum eləməsin deyə ayağımı üstünə qoydum. Sonra telefonu divanndan götürüb baxdım. Mən ayağımı onun üstünə qoyduğumu demişəm, amma ayağımla boğduğumu deməmişəm”.
Fərhad Şaqalyev qeyd edib ki, Gülnarəni tamah məqsədilə öldürməyib. O, tamah məqsədilə Gülnarəni öldürməsi barədə yazılan ittihamın yalan olduğunu deyib.
İttihama görə, 2017-ci il oktyabrın 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində paytaxt sakini Fərhad Şaqaliyev qeyri-rəsmi nikah münasibətlərində olduğu 1982-ci il təvəllüdlü Gülnarə Sadıqovanı boğaraq öldürüb. Hadisə vaxtı o, sərxoş olub. 
Bir müddət əvvəl o, tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova ilə sevgili həyatı yaşamağa başlayıb və Bakıxanov qəsəbəsində kirayə mənzil tutub. Ailəli, 2 uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşüb.
Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməsini, ona daha çox diqqət ayırmasını tələb edib. Bu səbəbdən onların arasında tez-tez münaqişələr yaşanıb. Növbəti dəfə eyni mövzuda mübahisə zamanı Fərhad Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub. Hadisə Gülnarə Sadıqovanın azyaşlı oğlunun gözü qarşısında baş verib.
Qətldən sonra Fərhad Şaqaliyev azyaşlı uşağı da götürərək Sabunçu rayon Polis idarəsinə gəlib. O, könüllü təslim olaraq törətdiyi hadisə barədə məlumat verib.
Məlum olub ki, Fərhad Gülnarənin 3-cü həyat yoldaşıdır. Hadisəni törədən Fərhad Şaqaliyev isə kiçik sahibkardır.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.